Məhkəmə qərarları › İş №2(012)-4865/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4865/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4865/2021 18.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan X9 Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan X9 Cəmiyyətinin cavabdeh X2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan X9 Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 28.10.2014-cü il tarixli, 232221 saylı kredit müqaviləsi üzrə 89.27 manat əsas, 191.33 manat cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 10.60 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 291.20 manat borcun və 20 manat dövlət rüsumunun Ləğv prosesində olan X9 Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı Ləğv prosesində olan X9 Cəmiyyətinin nümayəndəsi X7 ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh vəfat etməsi səbəbindən onun hüquqi varisi X1 cavabdeh qismində cəlb olunaraq cavabdehin əsl cavabdehlə əvəz edilməsini xahiş etmiş, mülki iş üzrə X4 cavabdeh qismində cəlb olunmuşdur. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan X9 Cəmiyyətinin nümayəndəsi X7 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, X9 Cəmiyyətinin Mərkəz filialı ilə Cavabdeh arasında bağlanmış 28.10.2014-cü il tarixli 232221 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 300 manat kredit xətti açılmışdır. Kredit xətti müqaviləsinin 3.3-cü bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 24.07.2020-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 291.20 manat təşkil edir. Bundan 89.27 manat əsas, 191.33 manat cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 10.60 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********481 saylı 23.07.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh tərəfindən sonuncu ödəniş 11.06.2018-ci il tarixdə olmuşdur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X4 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, onun həyat yoldaşı Hüseynov X5 Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 28.10.2014-cü il tarixli 232221 nömrəli kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə 300 manat kredit xətti açılmışdır. Yoldaşı kredit müqaviləsi üzrə öhdəliklərini zaman-zaman yerinə yetirmiş, lakin 19.07.2018-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən də hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, iddia tələbinin rədd edilməsi üçün əsas odur ki, hazırki iş üzrə iddia ərizəsi qanunla müəyyən edilmiş iddia müddəti ötürülərək verilmişdir. Həmin kredit müqaviləsi 28.10.2014-cü il tarixdə və 36 ay müddətinə bağlanmışdır. Mübahisələndirilən əqdin bağlanmasından 7 ildən artıq müddət keçmiş, axırıncı ödənişdən sonra isə üç ildən çox vaxt keçmişdir. Cavabdeh mərhum Cavabdeh axırıncı ödənişi 11.06.2018-ci il tarixində olmuşdur. Müddətin keçməsinə baxmayaraq iddiaçı bank ona qarşı 7 ildən artıq vaxt keçdikdən sonra 09.08.2021-ci il tarixdə iddia qaldırmış, bununla da iddia müddəti ötürülmüşdür. Qeyd olunanları və iddia müddətinin ötürülməsini nəzərə alaraq iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlandırılacaq) 184.2. maddəsinə əsasən, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı Apellyasiya Məhkəməsinin 27.12.2017-ci il tarixli 2-1(103)-3194/17 saylı qərarından görünür ki, Dəmirbank ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondunun Dəmirbank ASC-nin ləğvedicisinin təyin edilməsi qərara alınmışdır. -Kredit verən Dəmirbank ASC ilə kredit alan Cavabdeh arasında bağlanmış 28.10.2014-cü il tarixli, 232221 saylı kredit müqaviləsindən görünür ki, bank borcalana 36 ay müddətinə qaytarmaq şərti ilə 300 manat kredit xətti açmağı öhdəsinə götürmüşdür. -Ləğv prosesində olan Dəmirbank ASC tərəfindən Cavabdeh ünvanlanmış 23.07.2020-ci il tarixli bildirişdən görünür ki, bank tərəfindən borcalana kredit müqaviləsi üzrə borc 3 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -04.08.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ləğv prosesində olan Dəmirbank ASC-yə 24.07.2020-ci il tarixinə 89.27 manat əsas, 191.33 manat müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 5 faiz olmaqla həmin faizin hesablanma düsturu (əsas borc/100*5)/360 olmaqla hesablanmış günlük faiz məbləği 0.01 manat, 10.60 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, ümumilikdə 291.20 manat təşkil edir. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25.08.2018-ci il tarixli AZ-İ № 963352 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 19.07.2018-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 430 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Abşeron RPŞ tərəfindən verilmiş 23.10.2005-ci il tarixli AZE № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİnin Maps şöbəsi tərəfindən verilmiş 19.06.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Məmmədli kəndi Kəndli küçəsi 19 saylı evdə qeydiyyatda olmuş və 11.01.2019-cu il tarixdə ölüm səbəbi ilə qeydiyyatdan çıxarılmışdır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 09.07.1978-ci il təvəllüdlü X4 Azərbaycan Respublikasının vətəndaşıdır. Məhkəmə mübahisənin mahiyyəti üzrə düzgün həlli üçün aşağıdakıları qeyd edir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddia ərizəsindən və iddiaçının nümayəndəsinin izahatından məlum olur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28.10.2014-cü il tarixli, 232221 saylı kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 36 ay müddətinə 300 manat kredit xətti açılmışdır. Cavabdeh krediti götürməsinə baxmayaraq müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə, müqavilə üzrə 89.27 manat əsas, 191.33 manat cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 10.60 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 291.20 manat borcu yaranmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti həmin borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəf isə iddia müddətinin keçməsi ilə bağlı ərizə təqdim edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 389.1. maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1. maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Eyni zamanda, məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə əlaqədar iddia ərizəsinin rədd edilməsi barədə ərizəsinə münasibətdə qeyd edir ki, Cavabdeh ilə Dəmirbank ASC arasında 36 ay müddətinə 28.10.2014-cü il tarixdə 232221 saylı kredit müqaviləsi bağlanmışdır. Yəni, kredit müqaviləsinin qüvvədə olma müddəti 28.10.2017-ci il tarixdə bitmişdir. Göründüyü kimi, müddəti 28.10.2017-ci il tarixdə bitmiş, kredit müqaviləsi üzrə borclu tərəfindən müqavilə müddətində sonuncu ödəniş isə 11.06.2018-ci il tarixdə olmuşdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında kredit müqaviləsi üzrə iddia müddətinin axımı ilə bağlı aydınlıq gətirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin: 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 372.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, 28.10.2014-cü il tarixdə 36 ay müddətinə bağlanmış kredit müqaviləsinin müddəti 28.10.2017-ci il tarixdə bitmiş və həmin kredit müqaviləsi üzrə iddia müddətinin axımı isə 11.06.2018-ci il tarixdə başlanmışdır. Kredit müqaviləsinin qüvvədə olma müddətinin bitdiyi tarixdən 3 ildən artıq vaxt keçmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə 09.08.2021-ci il tarixdə müraciət etdiyindən və müqavilə tələbləri üzrə iddia müddəti 3 il olduğundan iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.01.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarına əsasən Azərbaycan Respublikası MM-nin 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci ilin sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir, 2000-ci ilin sentyabrın 1-nə kimi yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 03.04.2007-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsi ilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin Məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Göründüyü kimi iddiaçı ləğv prosesində olan Dəmirbank ASC qanunla müəyyən edilmiş qaydada iddia müddətini ötürməklə məhkəməyə iddia ərizəsini təqdim etmiş, cavabdeh tərəf isə öz növbəsində haqlı olaraq iddia müddətinin ötürülməsi ilə bağlı qanunun tələblərinin tətbiq edilməsini məhkəmədən xahiş etmiş və bu barədə ərizə təqdim etmişdir. Mülki Prosessual Məcəllənin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə məhkəmə xərcləri iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə təqdim edilməsinə görə ödənilmiş 20,40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 20,40 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə, qanunun qeyd edilən normalarını, məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi iddia müddəti keçdiyindən rədd edilməlidir. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Ləğv prosesində olan X9 Cəmiyyətinin cavabdeh X2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar