Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-487/2025 08.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-1556/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, alimentin miqdarının dəyişdirilərək hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat miqdarında müəyyən edilməsi, mediasiya təşkilatına ödədiyi 50 manat mediasiya xərcinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, o, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə Əzizbəyov rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-cı il təvəllüdlü X4 anadan olmuşdur. Aralarında bağlanmış nikah Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-1556/2018 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahlarında doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-cı il təvəllüdlü X2 onun yanında qalması müəyyən edilmiş və hər ay hər uşaq üçün 154 manat olmaqla cəmi 308 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması barədə qətnamə çıxarılmışdır. Hesab edir ki, hazırki, dövrə münasibətdə həmin məbləğ uşağın saxlanılması üçün yetərli deyil. Alimentin həmin məbləğdə müəyyən edilməsindən 6 ilə yaxın müddət keçmişdir və bu müddət ərzində uşağın saxlanılması üçün tələb olunan minimum xərclər kifayət qədər artmışdır. Hal-hazırda uşağın böyüməsi eləcədə digər zəruri tələbatlarının artması ilə bağlı problemlər çoxalmış və həmin pulla uşağın saxlanılması çətinləşmişdir. Hazırda sözügedən qətnamə ilə qət edilmiş alimentin miqdarı uşağın saxlanılması üçün yetərli deyildir. Cavabdehin maddi vəziyyəti və qazancı yetərincədir. Bu səbəbdən də, mövcud bu tələblərlə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Masallı RİHB-nın Musaküçə Ərazi Nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ 359249 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2009-cu ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. -Masallı RİHB-nın Musaküçə Ərazi Nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ 769572 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2011-ci ildə Sabunçu rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. -Abşeron Rayon Məhkəməsinin 2(012)-1556/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2008ci il tarixdə Əzizbəyov Rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Cavabdeh rəsmi iş yerinin olmasına dair məlumat aşkar edilməmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Masallı rayonu, Musakücə Ərazi Dairəsi, Musakücə kəndi, Cavabdeh isə ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 doğulmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-1556/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixdə Əzizbəyov Rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 75.1. və 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1556/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi, qeyd olunan məhkəmə qətnaməsi ilə uşaqların saxlanması üçün aliment tutulması qət ediləndən sonra yaşayış minimumu xeyli artmışdır. Hazırkı şəraitdə həmin uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, qət edilmiş aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşaqların saxlanması üçün yetərli hesab edilə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, qanunvericilik uşağın minimum dolanışıq xərcinin ödənilməsini valideynin üzərinə vəzifə kimi qoymuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu”na əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahlarından olan uşaqların mənafeyini, nəzərə alaraq hesab edir ki, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-1556/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması məqsədəmüvafiq hesab edilir. Bundan başqa, məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 № Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 saylı Qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Mülki Prosessual Məcəllənin;
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu”nun 3.4. maddəsinə əsasən, mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Qanunun tələblərindən göründüyü kimi, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarət olduğundan və mediasiya prosesinin keçirilməsinə görə ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aid edilmədiyindən iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin artırılmış qiymətinə mütənasib olaraq, yəni, (235-154=81 manat, 81 manat x 2 (uşaq)=162 manat, 162 manat x 12 ay = 1944 manat) ödənilməli olan 39,44 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1556/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Cavabdeh dövlət rüsumuna görə 39,44 manat (otuz doqquz manat qırx dörd qəpik) pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov