Məhkəmə qərarları › İş №2(012)-4940/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4940/2021

12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4940/2021 12.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh2 və onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən "xxxx" ASC-nin xeyrinə 30.03.2015-ci il tarixli, 6-30-03-2015-YS-AAAF-AE saylı kredit müqaviləsi üzrə 33848,83 manat əsas, 2817,43 manat faiz borcu olmaqla, cəmi 36666,26 manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən "xxxx" ASC-nin xeyrinə 30.03.2015-ci il tarixli, 6-30-03-2015-YS-AAAF-AE saylı kredit müqaviləsi üzrə 33848,83 manat əsas, 2722,61 manat faiz borcu olmaqla, cəmi 36571,44 manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X6 iddianı müdafiə edərək məhkəmədə izahatında bildirdi ki, Azərbaycan Beynəlxalq Bankı» ASC ilə Cavabdeh2 arasında bağlanmış 30.03.2015-ci il tarixli, 6-30-03-2015-YS-AAAF-AE saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 7, 18 nömrəli mənzilin alınması üçün 180 ay müddətinə illik 10 faiz dərəcəsi ilə 36270 manat kredit verilmişdir. Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bank "xxxx" MMC ilə 30.03.2015-ci il tarixli, 6-30-03-2015-YS-AAAF-AE saylı zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən, zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öz öhdəsinə götürmüşdür. Borclu Cavabdeh2 kredit vəsaitindən istifadə etmiş, lakin kredit borcunun və hesablanmış faizləri ödəməkdən boyun qaçırmışdır. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Buna görə də o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahatında bildirdi ki, cavabdeh təşkilat "xxxx" MMC ilə aralarında 1 otaqlı, 60 kv metr mənzilin alqı-satqısına dair payçı müqaviləsi bağlanmışdır. O, 165 manat pensiya alır və hər ay mütəmadi olaraq 400 manat ödəniş edir. Cavabdeh2 nümayəndəsi X5 məhkəmə iclasında izahatında bildirdi ki, mənzilə dair payçı müqaviləsi qızı Cavabdeh2 ilə bağlanmışdır. Qızı əlilldir və 165 manat pensiya alır. Onlar mənzilə görə hər ay mütəmadi olaraq 400 manat ödəniş etmişlər. İndiyədək payçı müqaviləsi üzrə tərəflərindən 29230 manat ödənilmişdir. O, hər ay mütəmadi olaraq ödəniş 400 manat ödəniş etmiş və hazırda evi banka təhvil verməyi qəbul etsə də, əsassız olaraq hesablanmış faiz və cərimə borcunu qəbul etmir. Əgər yeni qrafiq açılsa qrafik üzrə müəyyən edilən məbləğdən əlavə 50 manat da ödəməyə razıdır. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirdi ki, iddiamı qəbul etmir. Belə ki, Cavabdeh2 banka qrafik üzrə 389,90 manat ödəməli idi. 2017-ci ilin oktyabr ayından gecikmələr başlamış və ümumilikdə 2700 manat faiz üzrə gecikmələr vardır. 2017-ci ilin oktyabr ayında 10 manat, 2018-ci ilin fevral ayında isə 200 manat ödəniş olmuşdur. Sözügedən mənzillə bağlı vətəndaş şirkətə müraciət edərək, mənzili geri qaytarmaq istəsə də, sonralar fikrindən daşınmışdır. Tərəflərindən sözügedən mənzil "xxxx" ASC-yə təqdim edilir. Mənzilə görə vətəndaş tərəfindən 90 gündən çox ödəniş edilsə, onlar mənzili satması üçün banka təklif edirlər. Cavabdeh2 mütəmadi ödənişlər edir. Əgər vətəndaş ödəniş edirsə, bank vətəndaşa güzət etməlidir. İş materiallarında olan 30.03.2015-ci il tarixli, 6-30-03-2015-YS-AAAF-AE saylı kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh2 "xxxx" ASC-dən 180 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə 36270 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 30.03.2015-ci il tarixli, 6-30-03-2015-YS-AAAF-AE saylı zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən, zamin "xxxx" MMC borclu Cavabdeh2 öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor "xxxx" ASC qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 27.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 Azərbaycan Beynəlxalq Bankı» ASC-yə 24.09.2021-ci il tarixinə əsas borc üzrə 33848,83 manat, faiz borcu üzrə 2722,61 manat olmaqla cəmi 36571,44 manat borcu vardır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında 30.03.2015-ci il tarixli, 6-30-03-2015-YS-AAAF-AE saylı kredit müqaviləsi və 30.03.2015ci il tarixli, 6-30-03-2015-YS-AAAF-AE saylı zaminlik müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Cavabdeh2 ilə iddiaçı arasında bağlanılmış 30.03.2015-ci il tarixli, 6-30-03-2015-YS-AAAF-AE saylı kredit müqaviləsi üzrə cavabdeh (kreditalan) üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh2 30.03.2015-ci il tarixli, 6-30-03-2015-YS-AAAF-AE saylı kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün "xxxx" ASC-nin həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdeh olan "xxxx" MMC-dən öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat və 0,40 manat bank xidmət haqqı da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən "xxxx" ASC-nin xeyrinə 30.03.2015-ci il tarixli, 6- 30-03-2015-YS-AAAF-AE saylı kredit müqaviləsi üzrə 33848,83 manat əsas, 2722,61 manat faiz borcu olmaqla, cəmi 36571,44 manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar