Məhkəmə qərarları › İş №2(012)-496/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-496/2022

11.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-496/2022 11.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi İddiaçı vəkili-nümayəndəsi X3 və onun nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «bağ evinə istifadə hüququnun tanınması» tələbinə dair iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası Cavabdeh mülkiyyətçisi olduğu Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evinə onun istifadə hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi X5 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı anası X8 ilə Cavabdeh 10 mart 2000-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar və həmin birgə nikahdan 5 yanvar 2001-ci ildə İddiaçı dünyaya gəlmişdir. İddiaçının atası və anası birgə nikah dövründə 2003-cü ildə yaşadıqları mənzili sataraq Abşeron rayonu,Novxanı kəndi, Bağlar massivində torpaq sahəsi almış və həmin ildən qeyd olunan topraq sahəsində bağ evi inşa etməyə başlamışlar. 21.06.2011-ci il tarixdə AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi idarəsində Cavabdeh adına **********13-11301 reyestr nömrəsi ilə qeydə almmışdır. Binəqədi Rayon Məhkəməsinin 04 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə iddiaçının valideynləri arasında olan nikah pozulmuşdur. 2011-ci il tarixdən iddiaçı həmin evdə yaşamış, sonra isə təhsil almaq üçün Türkiyə Cümhuriyyətinə getmişdir. X2 iddiaçının təhsilini davam etdirməyi üçün iddiaçının anası gələcəkdə kifayət qədər vəsait lazım olacağını fikirləşərək Cavabdeh həmin bağ sahəsini satıb pulu bölüşdürməyi təklif etmiş, lakin cavabdeh təklifi eşidərkən həmin bağın hazırda özünə və ya iddiaçıya məxsus olmadığını bildirmişdir. Daha sonra X8 iddiaçının da mənafeyini nəzərə alaraq payının 2/3 hissədə müəyyən edilməsinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3766/2019 saylı, 20 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Əzimova Elzanın iddiasının rədd edilmişdir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1050/2020 saylı, 25 avqust 2020-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-3766/2019 saylı, 20 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1606/2021 saylı, 29.04.2021-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1050/2020 saylı, 25 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2310/2021 saylı, 10.09.2021-ci il tarixli qətnaməsi apelyasiya şikayəti qismən təmin edilmişdir. Sonrakı proseslərdən məlum olmuşdur ki, cavabdeh əslində 48 saylı notariat kontorunun notariusu X6 ilə əlbir olaraq Əzimova Elzanın imzasını saxtaşdırmaqla sonuncunun adından həmin evin ipotekaya qoyulmasına razı olması ilə bağlı saxta ərizə tərtib etmiş sonradan həmin ərizə əsasında sözü gedən bağ evi öncə "xxxx" ya, daha sonra isə həmin bankdakı sənədlər və yenə də Əzimova Elzanın adından saxtalaşdınlaraq 48 saylı notariat kontorunun notariusu S.Hüseynov tərəfindən təsdiq olunmuş ərizə əsasında “Bank Standarta” sonrakı ipoteka) qoyulmuş, ipoteka ilə təmin olunmuş öhdəlik icra edilməmiş və Əzimova Elza öz mülkiyyətindən məhrum olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11.01.2021-ci il tarixli 4/1072 nömrəli rəyində göstərilmişdir ki, 2012-ci ilə aid 02674 nömrəli notariat hərəkətlərinin qeyd olunması üçün 7E reyestr jurnalının 22-ci vərəqəsində 20734-cü sıra qarşısında “notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasmdakı imzanın X8 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə, yəni tədqiq olunan imzada qrafik materialların azlığı, cizgilərin sadəliyi,həm uyğunlaşdırım,həm də fərqləndirici əlamətlərin mövcud olması qəti bir rəyə (müsbət və ya mənfi rəyə) gəlməyə imkan vermədiyindən müəyyən etmək mümkün olmamışdır. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 03.03.2021-ci il tarixli 4/65 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş X4 adından Cavabdeh məxsus, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən, ümumi sahəsi 293,24 kv.metr olan, 7 otaqdan ibarət bağ evini "xxxx"ya ipotekaya qoyulmasına dair 06 iyul 2012-ci il tarixli razılıq ərizəsində “İmza:” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 2012-ci ilə aid 02674 nömrəli notariat hərəkətlərinin qeyd edilməsi üçün 7E reyestr jurnalının 22-ci vərəqəsində 20734-cü sıra qarşısında “notariat hərəkətlərinin aparılmasında iştirak edən şəxslərin imzalan” qrafasındakı imza X8 tərəfindən yox, Cavabdeh tərəfindən yox,X6 tərəfindən yox başqa şəxs tərəfindən imza olunmuşdur. Ekspertizaya təqdim edilmiş X4 adından Cavabdeh məxsus Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən ümumi sahəsi 293.24 kv. metr olan 7 otaqdan ibarət bağ evini "xxxx" ASC-yə ipotekaya qoyulmasına dair 06 iyul 2012-ci il tarixli razılıq ərizəsində “İmza:” qrafasındakı “Əzimova E” yazısı və “20734” rəqəmləri X8 tərəfindən yox, X6 tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Hal-hazırda qeyd olunan hallarla bağlı Abşeron və Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır. Cavabdehin və maraqlı şəxslərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı evindən məhrum olmuşdur. Ona görə də o, iddia tələbinin təmin edilməsin məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi X8 məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh ilə 10 mart 2000-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və həmin birgə nikahdan 5 yanvar 2001-ci ildə İddiaçı dünyaya gəlmişdir. Cavabdeh ilə ailə qurmazdan əvvəl onun 3 otaqlı evi olmuşdur. Həmin evi ailə qurduqdan sonra satmış və övladı İddiaçı üçün ev tikməyə başlamışdır. 2013-cü ildə cavabdehlə nikahları pozulmuş və o vaxtdan ildən bəri cavabdeh onu aldadaraq övladlarına ev qaldığını bildirmişdir. Evli olanda 2012-ci ildə 48 saylı notariusda cavabdeh onun imzasını saxtalaşdırmışdır. Bununla bağlı prokrorluqda cinayət işi açılmışdır. Cavabdeh Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evində yaşamağa ona icazə vermir. Lakin övladının həmin evdən istifadə etmək hüququ vardır. Odur ki, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Səadət Sarayı tərəfindən verilmiş Vİİ-ЖГ № 382634 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X8 arasında 10 mart 2000-ci il tarixli, 260 saylı rəsmi nikah bağlanmışdır. İş materiallarında olan Yasamal Rayon VVADQ tərəfindən verilmiş AZ-İ № 743053 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə X7r. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA Seriyalı, ******* №-li çıxarışdan görünür ki, ümumi sahəsi 0.1612 ha olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evi tam payı olmaqla xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 21.06.2011-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 179157 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X8 arasında olan nikah 05.11.2013-cü ildə ləğv edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3766/2019 saylı, 20 noyabr 2019cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 Cavabdeh qarşı onun və oğlu İddiaçı Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evinə istifadə hüquqlarının tanınaraq həmin bağ evinə köçürülmələri barədə iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1050/2020 saylı, 25 avqust 2020-ci il tarixli qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3766/2019 saylı, 20 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1606/2021 saylı, 29.04.2021-ci il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1050/2020 saylı, 25 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2310/2021 saylı, 10.09.2021-ci il tarixli qətnaməsindən görünür ki, iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 3766/2019 saylı, 20 noyabr 2019- cu il tarixli qətnaməsi qismən, X4 Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evinə istifadə hüquqlarının tanınaraq həmin bağ evinə köçürülməsinin təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, X1 Fariz Mikayıl oğlunun mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivindəki 0,1612 ha torpaq sahəsində yerləşən bağ evinə (reyestrdən çıxarış: MA 0217161) istifadə hüquqları tanınaraq həmin bağ evinə köçürülməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının anası Elza Əzimova ilə atası Cavabdeh 10 mart 2000-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və birgə nikahlarından 5 yanvar 2001-ci il tarixdə iddiaçı dünyaya gəlmişdir. Elza Əzimova ilə Cavabdeh birgə nikahları dövründə, 2003-cü ildə yaşadıqları mənzili sataraq Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində evə və torpaq sahəsi almışlar və elə həmin ildən qeyd olunan torpaq sahəsində bağ evi inşa etməyə başlamışlar. Mübahisəli ev və yerləşdiyi torpaq sahəsi 21.06.2011-ci il tarixdə AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi idarəsində Cavabdeh adına **********13-11301 reyestr nömrəsi ilə qeydə alınmışdır. Cavabdeh həmin torpaq sahəsi və üzərində inşa edilmiş bağ evinə olan hüquqları iddiaçının valideynlərinin birgə nikah dövründə artıq rəsmi şəkildə qeydə alınmış, İddiaçı valideynləri ilə birgə həmin evdə yaşamış, bağ evi iddiaçının valideylərinin ümumi istifadəsində qalmışdır. AR Mülki Məcəllənin 152.1 -ci maddəsinə görə istifadə hüququ mülkiyyət huququnun üç elementindən biri kimi çıxış etməklə bərabər Mənzil Məcəlləsinin 30.1 -ci maddəsinə uyğun olaraq yaşayış evinin mülkiyyətçisi ilə birgə yaşamaqla əldə edilən bir hüquq kimi də çıxış edir. Daha öncə qeyd edildiyi kimi, iddiaçı yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərində (ataoğul) olmuş və həmin ev məhz bu münasibətlərin olduğu dövrdə inşa edilmişdir. İşin faktiki hallarından göründüyü kimi iddiaçı həmin evdə müəyyən müddət bir yerdə valideynləri ilə birgə yaşamış, iddiaçının valideylərinin nigah münasibətlərinə xitam verildikdən sonra da iddiaçı valideyləri ilə birlikdə həmin mənzildə yaşamaqda davam etmişdir. Bundan sonra cavabdeh iddiaçının anasına və iddiaçıya mübahisəli bağ evində yaşamasına maneçilik törətməyə başlamışdır. Məhkəmə hesab edir ki, nə qədər ki, torpaq sahəsi və evdən iddiaçının valideyləri həmin evdən ailə üzvü kimi istifadə edərək yararlanıb, hazırda həmin əmlak cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa belə və həmin evdən (iqtisadi dəyərdən) cavabdeh istifadə etdiyi halda, bərabərlik prinsipinə uyğun iddiaçı da oradan istifadə edə bilər. Azərbayca Respublikası Konstitusiyasının 25-ci maddəsinə 1 və 3-cü bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71-ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui- istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli bağ evinə mülkiyyət hüququnun olması faktından, yəni hüquqdan sui-istifadə etməsi iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Məhkəmənin qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak münasibətlərində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin heç kəs yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir.Yaşayış sahəsindən .istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və »ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştiraçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüququ sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08.10.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 -ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16.12.2014-cü il tarixli qərarları və s.) Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli evə dair tərəflər eyni istifadə hüququna malik olduqlarından iddia təmin edilməli, İddiaçı sözügedən həmin bağ evinə istifadə hüquğu tanınmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evinə istifadə hüququ tanınsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar