Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4964/2021 28.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh Baxşeyiş oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Baxşeyiş oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 28 sentyabr 2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 900 manat əsas borcun, 90 manat faiz borcunun, 30 manat dövlət rüsumunun və 5,40 manat məhkəmə xərcinin, cəmi 1025,40 manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirlməsinə dair ərizə ünvanlayaraq, cavabdehin ata adının “Baxşeiş” əvəzinə “Baxşeyiş” olaraq oxunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 21 aprel 2019-cu ildə əvvəllər tanıdığı Cavabdeh ona müraciət edərək pula ehtiyacı olduğunu, bir-iki günə qaytarmaq şərtilə ona 900 manat borc verməyini xahiş etmişdir. O da cavabdehə 900 manatı yalnız yazılı sənəd əsasında verə biləcəyini bildirmişdir. Cavabdeh bununla razılaşsa da alacağı 900 manatdan 400 manatı növbəti gün səhər qaytaracağını, bu səbəbdən qəbzdə həmin məbləği göstərməsinin mənasız olduğunu, qalan 500 manatı isə bir neçə gün gecikdirə biləcəyindən öz xətti ilə ondan 500 manat borc alması barədə qəbz tərtib edəcəyini bildirdi. O da borcun bir hissəsinin sabah səhər qaytarılacağını və cavabdehi tanıdığını nəzərə alaraq 500 manatlıq qəbz yazmasına razılaşmışdır. Cavabdeh öz xətti ilə qəbz verərək, ona 500 manat borcunun olduğunu, bu məbləği hissə-hissə ödəməyi öhdəsinə götürdüyünü bildirmişdir. Lakin cavabdeh söz verməsinə baxmayaraq nə 400 manatı, nə də qəbzdə qeyd etdiyi 500 manatı bu günə qədər ona qaytarmamışdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Baxşeyiş oğlu məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qismən qəbul edir. Belə ki, o, iddiaçının rəhmətlik oğlu ilə Beynəlxalq Aeroportda şərik olaraq işləmişdir. Pula ehtiyacı olduğu üçün iddiaçının rəhmətlik oğlundan 1500 manat borc almışdır. O, borcun 1000 manatını qaytarmışdır. Onun iddiaçıya 500 manat borcu qalmışdır. Hazırda işləmir, maddi vəziyyəti yaxşılaşdıqdan sonra borcunu ödəyə biləcəkdir. İş materiallarında olan Cavabdeh Baxşeyiş oğlu tərəfindən yazılmış və imzalanmış sənəddən görünür ki, Cavabdeh Baxşeyiş oğlunun İddiaçı 500 (beş yüz) manat borcu var və o, bu məbləği hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh Baxşeyiş oğlu tərəfindən yazılmış və imzalanmış sənəddən görünür ki, Cavabdeh Baxşeyiş oğlunun İddiaçı 500 (beş yüz) manat borcu var və o, bu məbləği hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh Baxşeyiş oğlu 500 manat məbləğində borcunun olmasını etiraf etmiş və bu hal məhkəmədə cavabdehin izahatı ilə öz təsdiqini tapmışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, 500 manat məbləğində pul Cavabdeh Baxşeyiş oğlundan tutularaq, İddiaçı ödənilməlidir. Bundan əlavə iddiaçı 90 manat faiz borcu və 5,40 manat məhkəmə xərcinin cavabdehdən alınaraq ona ödənilməsinə dair özünün izahatından və subyektiv mülahisəsindən başqa məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manatın iddianın təmin olunmuş hissəsinə uyğun olan 14,65 manat cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Baxşeyiş oğlundan 500 manat məbləğində borc və 14,65 manat məbləğində dövlət rüsumu tutulub İddiaçı ödənilsin. İddia tələbi Cavabdeh 90 manat faiz borcu və 5,40 manat məhkəmə xərcinin tutularaq İddiaçı ödənilməsi hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-4964/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4964/2021
28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver