Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-501/2021 18.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs "xxxx" MMC-nə qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə 18 avqust 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-Park” yaşayış massivindəki 3 saylı küçənin, 6 saylı yaşayış binası, 13 saylı mənzilinə vurulmuş 5500 manat məbləğində maddi ziyanın və ödənilmiş 30,40 manat dövlət rüsumu məbləğinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanmış 02 sentyabr 2013-cü il tarixli C(b)-/038 nömrəli Mənzilin alqı-satqısı haqqında müqaviləyə əsasən, Cəmiyyət tərəfindən Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospektində inşa edilmiş "AAAF-PARK" yaşayış massivindəki 3 saylı küçənin 6 saylı yaşayış binasında ümumi sahəsi 48.4 kv.metr olan faktiki olaraq 2 otaqdan ibarət, 13 saylı mənzili almışdır. Mənzili aldığı vaxtdan ailəsiylə birlikdə tam təmir edərək yaşayır. Yaşadığı mənzilə dair bütün kommunal xidmətlərdən istifadə edərək, mənzili tam idarə edir. Belə ki, 04 sentyabr 2020-ci il tarixində Abşeron rayonu, Xırdalan şəhəri. H.Əliyev prospekti 167, 3 saylı küçənin 6 saylı yaşayış binasında, ümumi sahəsi 48.4 kv.m.olan 1 otaqdan ibarət 13 saylı mənzilimə daxil olan zaman mənzilini su basdığını və bütün mənzilin tam yararsız vəziyyətə düşdüyünü görmüşdür. Onun qızı dərhal "AAAF Park" yaşayış kompleksinin Fuad komendantına məlumat vermişdir. Qonşuları və komendantın iştirakı ilə mənzilinə baxış keçirildi, fotoşəkillər və videoçəkiliş aparıldı. Mənzilin su basmasına səbəb yuxarıdakı qonşu, cavabdeh Həqiqət İsmavılovanın qanunsuz və məsuliyyətsiz hərəkətləri olmuşdur. Həmin yaşayış binasının sonradan 2 otağa düzəldilmiş 13 saylı mənzilə baxış zamanı yuxarı qonşudan su axıntısının nəticəsi olaraq dəhliz və mətbəx otaqlarında divar kağızı qopmuş, saralmış vəziyyətdə, tavan kənarları saralmış qonaq otağın tavan və taxta pol tamamilə yarasız vəziyyətdə, divar kağızları nəmlikdən saralmış və qopmuşdur. Mənzilin bütün elektrik xətləri yararsız vəziyyətə, mənzildə yerləşən bütün mebel dəstləri, ev əşyaları korlanmış, xüsusilə soyuducu. TV və digər elektrik texnikaları yararsız vəziyyətdədir: həmin mənzildə mebel dəstində yerləşən bütün ev əşyaları korlanmış, otaqların taxtalar şişərək korlanmışdır. Mənzilə vizual baxış zamanı su axıntısının davam etdiyi müşahidə olunur. Su sızmasının 3 saylı küçənin 6 saylı yaşayış binasında. 17 saylı mənzildən (sakini və sahibi Cavabdeh) baş vermişdir. Həmin mənzilə xüsusi avadanlıqla baxış keçirilmiş və su axıntısının qonşudan olması aparatla da müəyyən olunmuşdur. Mənzilə sızan su axıntısı nəticəsində təxminən ümumilikdə 5500 manat dəyərində ziyan dəymişdir. Bununla bağlı Daxili İşlər Nazirliyinin "102" Qaynar xəttinə müraciət olunmuşdur. Mənzilə su axıntısı 2-3 gün davam etmişdir. Lakin 17 saylı mənzilin sahibi Cavabdeh dəymiş ziyanın ödənilməsindən imtina etdi. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh və üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyun 2021-ci il tarixli, 10/1418 №-li məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, 2(012)-3660/2021 nömrəli mülki iş üzrə 27.10.2020-ci il tarixdə təyin edilmiş tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır. Belə ki, qərardadda ekspert qarşısında qoyulmuş sualların cavablandırılması üçün tədqiqat obyektinə baxış keçirilməsi zəruri olduğuna görə bu barədə məhkəməyə 15.04.2021-ci il tarixli vəsatət göndərilmişdir. Ekspert vəsatətinə cavab olaraq tədqiqat obyektinə baxış keçirilməsi 01.06.2021-ci il tarixə təyin olunmuşdur. Qeyd olunan tarixdə tədqiqat obyektinə keçirilən baxışda cavabdehin iştirak etməməsi və iddiaçı tərəfindən onun mənzilində yaranmış qüsurların təmir olunaraq aradan qaldırılması səbəbindən qərardadda eksperti qarşısında qoyulmuş suallar üzrə təqdiqat aparmak mümkün olmamışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyun 2021-ci il tarixli, 10/1418 №-li məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumata görə, qeyd olunan tarixdə tədqiqat obyektinə keçirilən baxışda iddiaçı tərəfindən onun mənzilində yaranmış qüsurların təmir olunaraq aradan qaldırılması səbəbindən qərardadda ekspert qarşısında qoyulmuş suallar üzrə təqdiqat aparmak mümkün olmamış, iddiaçı isə vurulmuş ziyanın məbləği və ya mənzildə yaranmış qüsurların təmir olunması ilə bağlı çəkdiyi xərclərlə əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşımışdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh və üçüncü şəxs "xxxx" MMC-nə qarşı Cavabdeh ona məxsus Xırdalan şəhəri, Abşeron rayonu, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF-Park” yaşayış massivindəki 3 saylı küçənin, 6 saylı yaşayış binası, 13 saylı mənzilinə vurulmuş 5500 manat məbləğində maddi ziyanın və ödənilmiş 30,40 manat dövlət rüsumu məbləğinin onun xeyrinə tutulması barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-501/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-501/2021
18.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver