Məhkəmə qərarları › İş №2(012)-5028/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5028/2024

18.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5028/2024 18.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan övladı 02 iyul 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-315/2016 saylı qətnaməsi ilə uşaq üçün tutulan alimentin məbləğinin 117 manatdan artırılaraq 300 manat məbləğində müəyyən olunması və mediasiya xidməti haqqı kimi ödədiyi 50 manat məbləğində pulun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-315/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında 08 fevral 2011-ci il tarixində bağlanmış nikahın pozulması, birgə nikahdan anadan olmuş 02 iyul 2011-ci il təvəllüdlü X2 onun himayəsində saxlanması, 02 iyul 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay 117 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin qətnamə ilə tutulan alimentin məbləği uşağın minimum tələbatının ödənilməsinə yetmir. Həmin alimentin məbləği 8 il bundan əvvəl uşaqlar üçün yaşayış minimumu nəzərə alınmaqla tutulmuşdur. Uşaq böyümüş, inkişaf etməsi üçün məsrəfləri yetərincə artmışdır. Bundan başqa ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Həmin məbləğ də uşağın düzgün inkişafı üçün yetərli deyildir. Uşağın bütün qayğısını, ehtiyacını o, çəkir. Uşağın həm təlim-tərbiyəsi, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Onun maddi vəziyyəti ağırdır. Buna görə də o, alimentin artırılması ilə bağlı iddia qaldırmaq məcburiyyətində qalmışdır. Cavabdehin ona 5000 manat məbləğində aliment borcu vardır. Cavabdeh yenidən ailə həyatı qurmuşdur və həmin evliliyindən iki övladı vardır. Bildirir ki, Cavabdeh iki iş yerindən - İnvest.az və "xxxx" ASC-dən müvafiq olaraq 500 manat və 726 manat olmaqla, cəmi 1226 manat məbləğində əmək haqqı alır. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh ərizəsində və məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, iddianı qəbul etmir və alimentin artırılmasına razı deyildir. Onunla İddiaçı nikahda olub boşanmışdır. Onların azyaşlı övladı vardır və uşaq anası ilə qalır, bu səbəbdən o, aliment ödəyir. Müəyyən gecikmələr olsa da alimentin əsas hissələrini ödəmişdir. Təəssüf ki, qarşı tərəfin tələbi əsasında məsələni yenidən gündəmə gətirən Abşeron rayon icra şöbəsi qeyri-müəyyən və qeyri-dəqiq bir hesablama ilə nəticəyə gəlmişdir ki, onun ödənilməmiş 5000 manat aliment borcu vardır. Halbuki o, mütəmadi olaraq aliment ödəmişdir və gecikmələr olsa da bunun 5000 manat civarında olması qeyrimümkündür. Bankın filialından verilən, bank məlumatlarını özündə ehtiva edən arayışa ehtiyac vardır. Çünki ərizəyə əlavə etdiyi qoşma sənədində kod, CİF, VÖEN, müxbir hesab, SWİFT, hesablaşma hesabı, kart hesabı dəqiq göstərilmişdir. Həqiqətin bilinməsi üçün bu rekvizitlər üzrə onun etdiyi ödənişlərin dəqiq qrafikini bankın məhkəməyə təqdim etməsi vacibdir. Qeyd edir ki, o, 2017-ci ildə yenidən ailə həyatı qurmuşdur, 2018-ci ildə rəsmi nikah bağlamış və onun sonrakı nikahdan iki azyaşlı övladı vardır. Ödənməmiş aliment borcu sayılan həmin məbləğin icra sənədi ilə yönəldilməsi nəticəsində onun iş yerindən tələb edilir ki, onun aylıq əmək haqqının 75%-i tutularaq alimentin ödənməmiş hissəsinə aid edilsin. Artıq aliment məbləği əmək haqqından həmin qaydada tutulmuşdur. O, alimenti ödəməkdən imtina etmir, ancaq ödədiyi məbləği yenidən ödəmək onun imkanı xaricindədir. Övladını saxlanması üçün gücü çatdığı qədər kömək etmişdir. Sistemdə iki yerdə, yəni İnvest.az və "xxxx" ASC-də işlədiyi qeyd edilsə də əslində o, hazırda "xxxx" ASC-də işləyir və 726,6 manat əmək haqqı alır. İnvest.az-da işləməsi barədə məlumat portalda qeyd edilmiş, lakin o, həmin iş yeri ilə bağlı məlumatları sistemdən çıxarmışdır. Əgər uşağın xərcləri çoxdursa, o, iddiaçıya 02 iyul 2011-ci il təvəllüdlü X5 onun saxlamasını təklif edir, belə ki, iddiaçının həyat tərzi övladını tərbiyə etməyə kifayət deyildir. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 874084 saylı doğum haqqında şəhadətnamənin və AZE seriyalı, 11804348 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 02 iyul 2011-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-315/2016 saylı, 01 aprel 2016cı il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 08 fevral 2011-ci il tarixdə bağlanmış nikahın pozulması, 02 iyul 2011-ci il tarixdə anadan olmuş X2 anası İddiaçı himayəsində saxlanması və yetkinlik yaşına çatanadək cavabdehdən hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 242888 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 140 № ilə qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 273941 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 20 may 2018-ci il tarixdə nikahlarını bağlamışlar və bu nikah 1231 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada “Ağayeva” soyadı verilmişdir. İş materiallarında olan AA5505653 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ilə X1 birgə nikahından olan X4 12 sentyabr 2018-ci ildə doğulmuşdur. İş materiallarında olan AA5249654 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ilə X1 birgə nikahından olan X6 19 fevral 2020-ci ildə doğulmuşdur. İş materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsinə dair “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş gəlir məlumatlarından çıxarışdan görünür ki, Cavabdeh "xxxx" ASC-də yük avtomobili sürücüsü vəzifəsində işləyir və onun əmək haqqı 726,6 manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, hazırki iddia tələbinin qanuni əsası kimi münasibətləri tənzimləyən normalar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 75.4-cü, 81.1-ci, 81.2-ci və 112.1-ci maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə cavabdehin yenidən ailə qurduğunu,həmin nikahdan da iki övladının olması kimi diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, alimentin miqdarının artırılaraq birgə nikahdan doğulmuş uşaq üçün 180 manat həddində müəyyən edilməsi tərəflərin tarazlaşdırılmış mənafeyinə uyğundur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına istinad edərək hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Həmçinin iddia tələbinin mediasiya xidməti haqqı kimi ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin yarısı, yəni 25 (iyirmi beş) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-315/2016 saylı, 01 aprel 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 02 iyul 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 25 (iyirmi beş) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar