Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5064/2021 10.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3, Cavabdeh1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada əsas borc üzrə 35769,80 manat, faiz borcu üzrə 11801,97 manat, cəmi 47571,77 manat kredit borcunun tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumu və bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq bildirmişdir ki, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada əsas borc üzrə 35769,80 manat, faiz borcu üzrə 12646,54 manat, cəmi 48416,34 manat kredit borcunun tutulması, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumu və bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək bildirdi ki, "xxxx" ASCnin “ABB Premyer” Müştəri Xidməti ilə Cavabdeh1 arasında bağlanmış 16.03.2015-ci il tarixli, 3-16- 03-2015-YS-AAAF-AE nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 180 ay müddətinə, illik 10 % dərəcəsi ilə hesablanmaqla, 39780 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bankla "xxxx" MMC arasında zaminlik müqaviləsi imzalanmışdır. Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləği və ona hesablanan faizlər ödənilməmişdir. Yuxarıda adı çəkilən 16.03.2015-ci il tarixli, 3-16-03-2015-YS-AAAF-AE nömrəli Kredit müqaviləsinə əsasən 05.07.2021-ci il tarixinə əsas borc üzrə 35769,80 manat, faiz borcu üzrə 12646,54 manat, cəmi 48416,34 manat kredit borcu mövcuddur. Odur ki, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, 3 ildir ki, onun "xxxx" ASC və "xxxx" MMC ilə məhkəmə çəkişmələri olmuşdur. O, mübahisə predmeti olan kredit müqaviləsi üzrə 3 il 2 ay mütəmadi ödəniş etmişdir. Lakin "xxxx" MMC tikinti işlərini dayandırdığından və təmir işləri getmədiyi üçün o, ödəniş etməmişdir. Ödənişləri dayandırdığından kredit müqaviləsinin ləğvi üçün məhkəməyə müraciət etmişdir. Mənzil isə hələ də tikilib başa çatdırılmamışdır. Evin tikintisinin başa çatdırılmasını xahiş edir. O, müqavilənin müddəti artırıldığı halda yenidən ödəniş etməyə razıdır. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, "xxxx" MMC pulu almışdır və bu mübahisə predmeti deyildir. Həmin binaları tikəndə onların maddi sıxıntıları olmuş, lakin artıq tikintiyə yenidən başlanılmışdır. Cavabdehə məxsus evi 2022-ci ilin fevral ayında təhvil verməyi planlaşdırırlar. Onlar sözügedə kredit müqaviləsində zamin kimi məsuliyyət daşımırlar. Həqiqətən də "xxxx" ASC ilə əməkdaşlıq etsə də, zaminlik müqaviləsi onların qanuni nümayəndəlirinin imzası və rəsmi möhürü yoxdur. Onlar kredit müqaviləsi üzrə öhdəlik götürməmişlər.Ona görə də iddi tələbinin "xxxx" MMC-yə aid hissədə rədd edilməsini xahiş dir. İş materiallarında olan 16.03.2015-ci il tarixli, 3-16-03-2015-YS-AAAF-AE nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin “ABB Premyer” Müştəri Xidməti ilə Cavabdeh1 arasında müqavilə bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 180 ay müddətinə, illik 10 % dərəcəsi ilə hesablanmaqla, 39780 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 06.10.2021-ci il tarixli arayışdan görünür ki, 16.03.2015-ci il tarixli, 3- 16-03-2015-YS-AAAF-AE nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 əsas borc üzrə 35769,80 manat, faiz borcu üzrə 12646,54 manat, cəmi 48416,34 manat kredit borcu vardır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında 16.03.2015-ci il tarixli, 3-16-03-2015-YS-AAAF- AE nömrəli kredit müqaviləsi imzalanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 16.03.2015-ci il tarixli, 3-16-03-2015-YS- AAAF-AE nömrəli kredit müqaviləsi üzrə cavabdeh (borcalan) Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə tədqiq olunmuş sübutlara istinad edərək iddia tələbinin "xxxx" MMC-yə aid hissədə rədd edilməsi nəticəsinə gəlir. Belə ki, "xxxx" ASC 16.03.2015-ci il tarixli, 3-16-03-2015-YS-AAAF-AE saylı zaminlik müqaviləsinə əsaslanaraq pulun müştərək qaydada tutulmasını xahiş etmiş, lakin iş materiallarında olan16.03.2015-ci il tarixli, 3-16-03-2015-YS-AAAF-AE saylı zaminlik müqaviləsinə nəzər yetirdikdə müəyyən edilir ki, həmin müqavilə "xxxx" MMC tərəfindən imzalanmamış və möhürlə təstiq edilməmişdir. Belə olan olan halda məhkəmə hesab edir ki, AAAF-İnşaat” MMC 16.03.2015-ci il tarixli, 3-16-03-2015-YS-AAAF-AE nömrəli kredit müqaviləsi üzrə rəsmi qaydada üzərinə heç bir öhdəlik götürmədiyindən tələb olunan borc məbləği müştərək qaydada deyil, yalnız Cavabdeh1 tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 əsas borc üzrə 35769,80 manat, faiz borcu üzrə 12646,54 manat, cəmi 48416,34 manat məbləğində pul vəsaiti və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutulub "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia tələbi "xxxx" MMC-yə aid hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-5064/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5064/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver