Məhkəmə qərarları › İş №2(012)-5077/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5077/2022

08.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5077/2022 08.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə köçürmə və evin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları Ləman, Hülya, Sevda və Röyal ilə birlikdə ünvan 1-də yerləşən və cavabdehlər tərəfindən zəbt olunmuş evə köçürülməyi və həmin evin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, mübahisəli fərdi yaşayış evi ünvan 1-də yerləşir. Həmin evdə o və azyaşlı uşaqları qeydiyyatdadırlar. Cavabdehlər qeyd edilən fərdi yaşayış evini aralarında əldə edilmiş razılaşma əsasında ona 2017-ci ildə 15000 manata satmış və tərəfindən həmin evdə bir sıra təmir-bərpa işləri aparılmışdır. Lakin bu evi ona satdıqdan sonra cavabdehlər qanunsuz olaraq bu evi zəbt etmiş, orada olan tikinti materiallarını satmış, evi sökmüş, hazırda həmin evin qapı və pəncərələri yoxdur. O, cavabdehlərin bu qanunsuz əməlləri ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmiş, araşdırma aparlmış, lakin cavabdehlər yenə də onu həmin evə buraxmamış və oğurlanmış tikinti materiallarını öz yerinə bərpa etməmişlər. Cavabdehlərin təqsiri üzündən qeyd edilən evin dəmir qapısı, 4 ədəd dəmir barmaqlıqları, döşəmə taxtaları, plastik su boruları oğurlanmış, nəticədə ona 5000 manat maddi ziyan dəymişdir. Qeyd edilən və 4 otaqdan ibarət olan tikili onn və uşaqlarının yeganə yaşayış evidir və onlar bu ünvan üzrə qeydiyyata alınmış, hazırda da o, uşaqlarıyla köçüb həmin evdə yaşamaq istəyir. Onu da qeyd edir ki, həmin evdə yaşayışı mümkünsüz bir hala salmış cavabdehlərin vəsaiti hesabına ev cavabdehlər tərəfindən əvvəlki vəziyyətə gətirilməli və o, uşaqlarıyla həmin evə köçürülməlidir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddia tələbini qismən qəbul edir. O, iddiaçının oğlunun müəllimi olmuşdur. Digər Cavabdeh2 isə onun doğma qardaşıdır və hal-hazırda həbsdədir. Qardaşına təcili pul lazım olduğu üçün mübahisə predmeti olan evi satışa qoymuşdur. İddiaçı ona evi almaq istədiyini bildirmişdir. Xəyalə ilk öncə ona beh olaraq 2000 manat və daha sonra isə 13000 manat pul vermişdir. O, iddiaçıya 4 otaqlı evi və evin qabağında 3,5 metrlik yolu 15000 manata satmışdır. O, iddiaçının ona 15000 manat pul verdiyini qəbul edir. Məlumat üçün bildirir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin üzərində hazırki evdən əlavə onun qardaşı və övladlarıyla yaşadığı daxma da vardır. O, iddiaçıya ancaq 4 otaqlı mənzili satmışdır. Hazırda isə övladlarıyla birlikdə Qusar rayonunda yaşayır. İddiaçının evə köçüb yaşamasına heç bir etirazı yoxdur. Lakin onun evə hasar çəkməyə maddi imkanı yoxdur.Onun tərəfindən evə və iddiaçıya heç bir ziyan vurulmamışdır. Eyni zamanda o, mənzili sataraq iddiaçının ona verdiyi 15000 manat pulu da qaytarmağa etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Asan-Sumqayıt tərəfindən verilən xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən evdə İddiaçı ilə birlikdə xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 da qeydiyyatdadırlar. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş faktiki hallardan müəyyən edilir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən sənədsiz fərdi yaşayış evini aralarında əldə edilmiş razılaşma əsasında İddiaçı 15000 manata satmış və iddiaçı övladları ilə birlikdə həmin evdə yaşamışdır. İş materiallarında olan Asan-Sumqayıt tərəfindən verilən xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən, ünvan 1 ünvanında yerləşən evdə İddiaçı ilə birlikdə xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 da qeydiyyatdadırlar. İddiaçı həmin mübahisə predmeti olan fərdi yaşayış evində yaşamış və iddiaçı yaşayış yerinə malik olmağı arzulamışdır. Hal-hazırda iddiaçının mübahisəli fərdi yaşayış evinə buraxmamasını məhkəmə hüquqdan sui-istifadə edilməsi kimi qiymətləndirir və bu hal iddiçının haqlı mənafeyinin pozulması ilə nəticələnir. Bundan əlavə hazırda cavabdehlərin iddiaçının evə köçüb yaşamasına heç bir etirazlarının olmaması Cavabdeh1 məhkəmədə verdiyi izahatı ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə 1 və 3-cü bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Məhkəmə sadalanan bu normaların tələbi baxımından çıxış edərək hesab edir ki, iddia təmin olunmaqla iddiaçı Abasova X1 rayonu, Saray qəsəbəsi, Mikayıl Ələkbərov küçəsi, ev 31 B ünvanında yerləşən evinə köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı”işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki,”İnsan hüquqularının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1-ci maddəsinin-ci hissəsində “mülkiyyət” anlayışı fiziki hallar üzərində mülkiyyətlə məhdudulaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilibedilməməsinin müəyynləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki hallarla yanaşı, əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, ”mülkiyyət” kimi qiymətləndirilə bilər. ”Mükiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. İstinad olunan hüquq normalarına əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən evə dair “qanuni gözləntiyə” malik hüququ var. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71-ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə hesab edir ki, hazırki halda ünvan 1 ünvanında yerləşən evə cavabdehlərin hüquqdan sui-istifadə etməsi iddiaçıların güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. AR Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətandaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin heç kəs yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir.Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsasız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştiraçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüququ sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarları və s.) Ona görə də məhkəmə yuxarıda qeyd olunanları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçının mübahisəli evə köçürülməsi işin müəyyən edilmiş hallarına əsasən hazırki hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırımasının nəzərə alınmasını təmin edir. Bndan əlavə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 49.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə görə On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəməyuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, İddiaçı azyaşlı uşaqları-xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən evə köçürülməlidir. Bundan əlavə iddiaçı ünvan 1-də yerləşən evin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasını xahiş etsə də, iddiaçı ünvan 1-də yerləşən evinin cavabdehlər tərəfindən yararsız vəziyyətə gətirilməsinə dair sübutları məhkəmə təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı azyaşlı uşaqları-xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2012ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən evə köçürülsün. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar