Məhkəmə qərarları › İş №2(075)-882/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-882/2021

21.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-882/2021 21.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evə və həyətyanı sahəyə baxış keçirərək onların və ailə üzvlərinin həmin ünvana köçürülməsi, atası tərəfindən onun üçün tikilmiş sonralar qardaşı tərəfindən həyətyanı sahənin böyüdülməsi məqsədi ilə sökülmüş 40 kv.m evin bərpası və həyətyanı sahənin ədalət prinsipləri əsasında bölüşdürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Mülki işə məhkəmədə baxılarkən iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə tələbin dəqiqləşdirilməsi və azaldılmasına dair ərizə təqdim edərək, onların və ailələrinin ünvan 2 ünvanına köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Tələbin azaldılmasına barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırdı ki, o, xx xxxxxx 1962-ci il tarixində Şəki şəhəri, Şəhriyyar küçəsi ev 2/9-da anadan olmuşdur. X1 və anası X13 birgə nikahından 3 qardaşı və bir bacısı vardır. Bütün qardaş-bacıları həmin evdə doğulmuş və boya-başa çatmışlar. 1985-ci ildə ailə qurmuş və 2 ay Şəki şəhərində qaynanasına məxsus evdə yaşamışdır. Yəni ailə qurandan sonra gəlini atasına məxsus olan miras əmlaka gətirməmiş və həmin evdə yaşamamaışdır. 2 ay qaynanasıgildə yaşadıqdan sonra 1985-ci ildə ailəsi ilə birlikdə işləmək və yaşamaq məqsədi ilə Türkmənistan Respublikasına köçmüşlər. Türkmənistanda 2006-cı ilədək yəni 21 il yaşamışlar. Övladı, hazırda iddiaçı olan İddiaçı2 1986-cı ildə Türkmənistanda anadan olmuşdur. Türkmənistanda olduğu müddətdə heç vaxt Azərbaycana gəlməmişdir. Atası 2002-ci, anası isə 2003-cü ildə vəfat etmiş, lakin o, onlardan heç birinin yas mərasiminə gəlməmişdir. Türkmənistan vətəndaşlığını almış, lakin 1993-cü ildə vətəndaşlıqdan çıxmışdır. 2006-cı ildə ailəsi ilə birlikdə Şəkiyə qayıtmış və şəhərdə kirayədə yaşamağa başlamışlar. Hal-hazırda da kirayədə yaşayırlar. Qeyd etmişdir ki, hazırda məhkəməyə yaxın ərazidə “Dövşan çölü” adlanan yerdə özlərinə 2 otaq və 1 mətbəxdən ibarət ev tikdirmişlər. Həmin evin üstünü vursalar da suvaq, döşəmə, tavan və sair hissələri hazır olmadığından həmin ev hazırda yaşanılası vəziyyətdə deyildir. Bildirmişdir ki, atasından qalan ev 3 otaqdan və 6 sot həyatyanı torpaq sahəsindən ibarət olmuşdur. Həmçinin 1985-ci ilədək atası ona həyətdə 4x4-ə 1 otaqlı ev tikdirmişdir. O, Türkmənistanda olan zaman cavabdeh həyəti genişləndirmək üçün həmin 40 kv/mılik evi sökmüşdür. 2006-cı ildə Şəki şəhərinə geri qayıtdıqda hər iki qardaşı ailə həyatı qurmuş və ona bildirmişlər ki, atadan qalan mülki ikisi arasında bölüşdürmüşlər və evdən ona pay düşməmişdir. Məcbur olaraq ailəsini kirayədə yerləşmişdir. Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi və digər lazımi sənədlər olmadığı üçün yaşayış yeri üzrə qeydiyyat qaçılmaz olmuşdur. 2008-ci ildə Azərbaycan Respublikasına qeydiyyata düşməsi üçün kiçik qardaşı Cavabdeh ona məxsus qanunsuz yollarla əldə etdiyi atalarından qalan mülkdən gələcəkdə pay istəməyəcəyinə dair ondan izahat almışdır. Atasının şifahi vəsiyyətinə əsassn yaşadığı ev kiçik qardaşları arasında bölünmüşdür. Türkmənistanda olduğu müddətdə qardaşları qanunsuz yolla icra nümayəndəsindən ailə tərkibi haqqında saxta arayış, həmin arayışın əsasında reyster xidmətindən saxta arayış almış və notariusdan öz adlarına vərəsəliyə dair şəhadətnamə almışlar. Həyətyanı sahəni öz aralarında bölüşdürdükdə hər ikisinin ayrı girişi olmaq üçün həyətin aşağı tərəfində yeni qapı yeri açmışlar və həyəti mişar daşı ilə aralarında bölmüşlər. Ortancıl qardaşı X6 həyətyanı sahə kiçik düşdüyündən atası tərəfindən onun yaşaması üçün nəzərdə tutulmuş 40 kv.m evi sökmüşdür. Qeyd etmişdir ki, 2008-ci ildə atasından qalma mirasa dair vərəsəlik hüququ haqqında şəhadətnamənin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və miras əmlakın əvvəlki vəziyyətə geri qaytarılması barədə qardaş və bacısına qarşı iddia qaldırmışdır. Lakin sonradan razılığa gəldiklərindən iddiadan imtina etmiş və işə xitam verilməsini xahiş etmişdir. Beləliklə qardaşları ona söz vermişlər ki, Şəkidə ev tikməsinə köməklik edəcəklər. Buna görə də Şəki rayon məhkəməsinin 29 may 2008-ci il tarixli, 2(075)-366/2008 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Türkmənistandan qayıtdıqdan sonra ilk vaxtlarda Azərbaycanda işləmək problem yaratmasa da lakin sonralar işləmək üçün pasport qeydiyyatı tələb olunduğundan cavabdehdən onun və oğlunun evə pasport qeydiyyatına düşməsini xahiş etmiş və qardaşı Sracəddin də onu öz evinə qeydiyyata saldırmışdır. 19 fevral 2021-ci il tarixində kiçik qardaşı Cavabdeh onun və oğlu İddiaçı2 evdən qeydiyyatdan çıxarılmaları üçün məhkəməyə müraciət etmişdir. Oğlu İddiaçı2 2016-cı ildə ailə həyatı qurmuş və halhazırda azyaşlı qızı və həyat yoldaşı ilə kirayədə yaşayır. Məlum pandemiya nəticəsində heç bir yerdə işləmir və ailəsini dolandırmaq eləcə də kirayə haqqını ödəmək üçün çox çətinliklərlə üzləşir. O, kommunal təsərrüfat idarəsində fəhlə işləyir, həyat yoldaşı təqaüd alır. Valideyn olaraq oğluna maddi dəstək verə bilmir. Hesab edirlər ki, onlar və ailələri ünvan 2 ünvanına köçürülsələr heç olmasa kirayə haqqı ödəməzlər. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı2 da iddiaçı olan atası İddiaçı1 ilə eyni məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabeh Cavabdeh izahat verərək göstərdi ki, onlar ailədə 3 qardaşı və 1 bacı olmuşlar. Onlar hamısı miras əmlakda doğulmuş və böyümüşlər. İddiaçı1 1985-ci ildə X4 ilə mübahisə edərək dalaşdığına görə atası Fəxrəddini övladlıqdan çıxartmış və onu evdən qovmuşdur. 1985-ci ildə Fəxrəddin evlənmiş və 2 ay qaynanasının evində yaşadıqdan sonra ailəsi ilə birlikdə Türkmənistana getmiş və orada 2006-cı ilədək yaşamışdır. Hətta iddiaçı olan oğlu Elnur Türkmənistanda doğulmuşdur. Beləliklə də nə iddiaçı Elnur nə də qardaşı Fəxrəddinin ailə üzvləri heç vaxt mübahisəli evdə yaşamayıblar. Fəxrəddin özü isə 1985-ci ildən sonra hazırda ona məxsus olan mübahisəli evdə yaşamayıbdır. Bu hadisədən sonra X4 Şəki şəhər Dövlət Notariat kontorunun iştirakı ilə vərəsəliyə dair Vəsiyyətnamə yazmışdır. Vərəsəliyə dair vəsiyyətnamədə ona məxsus olan mülkün üç övladına, yəni qızı X7, oğlu X11 və ona, yəni oğlu-Cavabdeh qoyduğunu göstərmiş və əmlakının bu üç övladları arasında bölüşdürülməsini vəsiyyət etmişdir. X4 2002-ci ildə, anası X21 2003-cü ildə vəfat etmişdir. Valideynləri vəfat edəndə o, qardaşı İddiaçı1 teleqram göndərmişdir. Amma Fəxrəddin heç bir reaksiya göstərməmişdir. Fəxrəddin heç bir dəfə də olsun telefonla zəng etməmişdir. Atası öləndən sonra onlar-üç övlad, hansi ki, atalarının sağlığında yazdığı Vəsiyyətnamədə göstərdiyi övladları atalarının adına olan şəxsi mülkiyyətini 2008-ci ildə öz adlarına sənədləşdirmişlər. Qardaşı İddiaçı1 qaynanası 2006-cı ildə vəfat etmişdir. Buna görə də o dərhal ailəsi ilə birlikdə Şəkiyə qayıtmışdır. 2008-ci ildə mənzil iddiası ilə onları məhkəməyə vermişdir. Lakin Fəxrəddin məhkəmə günü peşmançılıq çəkdiyini bildirmiş və bir daha belə hərəkət etməyəcəyinə söz vermişdir. Buna görə də Şəki rayon məhkəməsinin 29 may 2008-ci il tarixli, 2(075)-366/2008 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. 2013-cü ildə Fəxrəddin və Elnurun işləməsi üçün pasport qeydiyyatına düşməsi zərurəti yarandığından onları öz evinə qeydiyyata düşməsinə razılıq vermişdir. O, qardaşı İddiaçı1 bu hərəkətlərindən ehtiyat edib, Fəxrəddini onun adına olan şəxsi mulkiyətinə qeydiyyata salanda dilindən izahat yazdırmış və 2 nömrəli notariat kontoru tərəfindən təsdiq etdirmişdir. Göstərmişdir onların həyətində atası tərəfindən Fəxrəddinə ayrıca tikilmiş 40 kv/m-lik yaşayış evi olmamışdır. Onların yaşadığı evin özü 35 kv.m-dir. Həmçinin göstərmişdir ki, 2008-ci ildən indiyədək demək olar ki, hər həftə, hər ay qardaşına maddi köməklik etmişdir. Xəstələnəndə həkimə aparmış, dərmanlarını almış, hətta Sovet dövründə banklarda olan pulların geri verilməsində atasının adına olan pulları Fəxrəddinə vermişdir. Hazırda Fəxrəddin torpaq sahəsi almış və həmin torpaq sahəsində ev tikdirir. Bu məqsədlə iddiaçılara 250-ə yaxın mişar daşı vermişdir. Elnurun qızı dünyaya gələndə ona 400 manatdan çox pul vermişdir. Ümumiyyətlə o, bir qardaş kimi bacardığı köməyi əsirgəməmişdir. Onun özünün 2 oğlu var. Biri evli, o biri nişanlıdır. Özlərinin evi darısqal olduğu üçün İİ oğluna toy edə bilmirlər. Digər tərəfdən həyat yoldaşı yataq xəstəsidir. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 09 iyun 2021-ci il tarixli məktubdan görünür ki, Xidmətin 12 saylı Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, ƏMDK tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən İddiaçı1 və İddiaçı2 adlarına qeydiyyata alınmış daşınma əmlak aşkar edilməmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəki 2 saylı dövlət notariat kontorunun otariusu X16 təsdiq etmişdir ki, 14 yanvar 2002-ci il tarixdə vəfat etmiş X14 məxsus ünvan 3 ünvaında yerləşən fərdi yaşayış evindən Cavabdeh və X11 hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdırlar. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən Cavabdeh verilmiş 17.03.2008ci il tarixli, ********* qeydiyyat nömrəli, **********47-10301 reyestr nömrəli çıxarış təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Şəhriyar küçəsi, dalan 2-də mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 56.7 kv.m yaşayış, 41.3 kv.m köməkçi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh, X3 adlarına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən Cavabdeh oğluna verilmiş 07.07.2008-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********18-10301 reyestr nömrəli çıxarış təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Şəhriyar küçəsində mülkiyyətində olan 0.0322 ha lorpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 35.2 kv.m yaşayış, 21.1 kv.m köməkçi sahədən ibarət 9a nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 181 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 02.03.2021-ci il tarixli, **********18-10301 reyestr nömrəli texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Şəhriyar küçəsi, dalan 2, ev 9, yeni qaydalarla: Şəki şəhəri, Abdulla Şaiq küçəsi ev 7 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq subyekti Cavabdehdur. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 02.03.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********18-10301 reyestr nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Şəhriyar küçəsi, dalan 2, ev 9, yeni qaydalarla: Şəki şəhəri, Abdulla Şaiq küçəsi ev 7 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. İşdə olan Şəki rayon məhkəməsinin 29 may 2008-ci il tarixli, 2(075)-366/2008 saylı qərardadı ilə iddiaçı X8 və X9 cavabdehlər Cavabdeh və X11, Şəki şəhər 2 saylı Dövlət Notariat Kontoru, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı Şəki şəhər 2 saylı Dövlət Notariat Kontoru tərəfindən 01 mart 2008-ci il tarixdə ünvan 3 ünvanda yerləşən ev üzrə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş bütün hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi, evin ataları X12 adına olan vəziyyətə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. İşdə olan AZ 144806 nömrəli Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X17 14.01.2002-ci il tarixdə ölmüşdür. İş əlavə edilmiş İİ-Dİ 267335 nömrəli doğum şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı2 xx xxxx 1986-cı ildə Türkmənistanda anadan olmuşdur. Məhkəmə iclasında iddiaçılar və cavabdehin izahatları və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, İddiaçı1 1962-ci ildə mübahisəli evə doğulmuş və 1985-ci ilədək həmin evdə yaşamışdır. 1985-ci ildə ailə qurmuş və həyat yoldaşını hazırda mübahisə predmeti olan evə gəlin gətirməmiş, evləndikdən sonra 2 aya qaynanasına məxsus evdə yaşadıqdan sonra elə həmin ildəcə, yəni 1985-ci ildə işləmək və yaşamaq üçün o vaxtkı Türkmənistan SSR-yə getmişdir. Türkmənistanda 2006-cı ilədək yaşamış və 2006-cı ildə, yəni 21 il sonra Şəkiyə qayıtmışdır. Digər İddiaçı2 Türkmənistanda doğulmuş və heç vaxt mübahisəli mənzildə yaşamamışdır. Həmçinin İddiaçı1 və İddiaçı2 da həyat yoldaşları heç bir zaman mübahisəli evdə yaşamamışlar. Göründüyü kimi İddiaçı1 mübahisəli evdə doğulmuş, lakin 1985-ci ildə mübahisəli evi birdəfəlik tərk edərək Türkmənistana gedərək 21 il orada yaşamış, həmçinin 2006-cı il tarixdə Şəkiyə geri qayıtdıqdan sonra da indiyədək mübahisəli evdə yaşamamışdır. Cavabdeh iddiaçıların işləməsi üçün yaranan maneələri nəzərə alaraq 2013-cü ildə onları mülkiyyətində olan ünvan 4 ünvanına pasport qeydiyyatına düşməsinə razılıq vermişdir. Müəyyən edildi ki, iddiaçılar 2006-cı ildən hazırkı vaxtadək kirayədə yaşayırlar. Həmçinin iddiaçılar hazırda Şəki şəhərində özlərinə 2 otaq və 1 mətbəxdən ibarət ev də inşa etdirmişlər. İddiaçılar evlərinin olmamasını, kirayədə yaşamalarını, maddi vəziyyətlərinin yaxşı olmaması səbəbilə kirayə haqqı ödəyə bilməmədiklərinə görə mübahisəli mənzilə köçmək istəyirlər. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçılar iddianı müdafiə etmiş, cavabdeh isə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Belə ki, İddiaçı1 həyat yoldaşı və onun ailəsi, həmçinin İddiaçı2 və onun ailə üzvləri heç bir zaman mübahisəli mənzildə yaşamamış, həmin mübahisəli mənzilin mülkiyyətçisi olmuş X12 ailə üzvü olmamış, onunla birgə təsərrüfat aparmamışlar. Buna görə də bu şəxslərin qeyd edilən mübahisəli mənzilə köçürülmələri ilə bağlı qanunvericilikdə hər hansı hüquqi əsas müvcud deyildir və məhkəmə hesab edir ki, həmin şəxslər iddia qaldırmaq üçün belə subyektiv hüquqa malik deyillər, onların iddiası əsassızdır və iddia rədd edilməlidir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 mübahisəli evdə doğulmuş və 1985-ci ilədək həmin evdə yaşamışdır. Buna görə məhkəmə hesab edir ki, İddiaçı1 hazırkı iddia ərizəsi üzrə hüquqi statusu fərqlidir və buna görə də məhkəmə ona münasibətdə aşağıdakıları bildirir. Belə ki, 28 iyul 2001-ci il tarixdə dərc edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair 27 may 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəasının həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməli olduğu göstərilmişdir. Qanunvericiliyin mənasından da göründüyü kimi yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malik olmaqla birlikdə, onların digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Eyni zamanda öz yetkinlik yaşına çatmayan uşaqlarını yaşayış binasına köçürmək hüququna yalnız mülkiyyətçi ilə birlikdə yaşayan ailə üzvləri malikdirlər. Məhkəmə hesab edir ki, hüquq münasibətləri yaranan zaman qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, iddiaçıların ailə üzvləri ilə birlikdə mübahisəli ünvanına köçürülməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin yeni redaksiyada olan 217.2 maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə (1982-ci il tarixli redaksiyada) əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və onun ailə üzvləri müəyyən edilmiş 6 ay müddətdən artıq başqa yerə getdikdə yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilə bilər. Azərbaycan Respublikasının 08.07.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra Mənzil Məcəlləsinin) 53-cü maddəsinin 1-ci hissəsinə əsasən kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Göründüyü kimi İddiaçı1 ünvan 5 ünvanında olan mənzildə 1985-ci ilədək yaşamış və o, həmin evi tərk edərək başqa ünvanda yaşamağa başlamış və hal-hazıradək mübahisəli evdə yaşamamış, cavabdehlə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparmamış, cavabdehin ailə üzvü kimi eyni hüquq və vəzifələrə malik olmamaqla, həmin yaşayış sahəsindən burada yaşayan digər ailə üzvləri ilə bərabər surətdə istifadə etmək hüququ əldə etməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı1 və İddiaçı2 onların və ailələrinin ünvan 5 ( yeni qaydalarla: ünvan 6 ünvanına köçürülməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddiaçı1 və İddiaçı2 onların və ailələrinin ünvan 4 ( yeni qaydalarla: ünvan 6 ünvanına köçürülməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçıların dövlət büdcəsinə ödədikləri 10 manat məbləğində dövlət rüsumu xərci onların özlərinə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar