Məhkəmə qərarları › İş №2(105)-235/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-235/2023

25.01.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-235/2023 25.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, ilkin İddiaçı, onun nümayəndəsi X2, qarşılıqlı iddiaçı Cavabdeh, onun nümayəndəsi Vəkil2 iştirakı ilə, İlkin İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı mənzil hüquqlarının müəyyən edilməsi və mənzilə köçürülmə tələbinə dair ilk, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı cehiz əşyalarının çıxarılması barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 2(060)-9083/2021 nömrəli qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) ilkin iddia tələbinin qismən təmin edilməsi, İddiaçı Sumqayıt şəhəri, 76-cı məhəllə, 3-cü sahə, Çerkassi küçəsi, ev 3/3, 101 saylı mənzildə yerləşən bir mərtəbəli fərdi yaşayış evinə köçürülməsi, ilkin iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdeh-iddiaçı Cavabdeh alınaraq iddiaçı-cavabdeh İddiaçı ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-992/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 06 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər İ.Xəlilov (sədrlik edən və məruzəçi), M.Əhmədova və Ə.Əliyev) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-992/2025 nömrəli, 25 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv olunaraq iş yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İŞİN HALLARİ İlk İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun Sumqayıt şəhəri, 76-cı məhəllə, 3-cü sahə, Çerkassi küçəsi, ev 3/3, 101 saylı mənzilə Cavabdeh ilə bərabər istifadə imkanlarının müəyyən edilməsi və onun həmin ünvanda yerləşən bir mərtəbəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli Sumqayıt şəhəri, 76-cı məhəllə, 3-cü sahə, Çerkassi küçəsi, ev 3/3, mənzil 101, cavabdeh keçmiş qayınatası Cavabdeh Şahralı oğlunun adınadır. X8 oğlu ilə xx.xx.2011- ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü Elnar adlı bir övladları olmuşdur. Hazırda nikahları Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə ləğv edilmişdir. Evləndikləri gündən qeyd edilən mənzilə gəlin köçmüş və 2011-ci ilin avqust ayına qədər cavabdehlərlə birgə mübahisəli mənzildə yaşamış və birgə təsərrüfat idarə etmişlər. Bu fakt Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2205/2020 saylı və xx.xx.2020-ci il tarixli qətnamməsi ilə sübuta yetirilirmişdir. Cavabdehlər hal-hazırda onu mənzilə buraxmırlar. O, hal-hazırda valideynlərinin yanında yaşamağa məcburdur. O, azyaşlı uşağı ilə birlikdə ömrü boyu valideynlərinin yanında yaşaya bilməz. Uşaq onun uşağı olduğu qədər də cavabdehin nəvəsidir. Bu günə kimi onun həmin evdə yaşamağına imkan verilmir. Hesab edir mübahisəli evə olan hüquqları olduğundan cavabdehin onun yaşadığı evdən çıxartmağa haqqı yoxdur. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus cehiz əmlaklarının istifadəsində və sahibliyində olan mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun keçmiş gəlinidir. Belə ki, cavabdeh oğlu ilə ailə həyatı qurmuşdur. Ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da sonralar münasibətləri pisləşmiş, aralarında daim söz-söhbət olmuş və cavabdeh oğlunu tərk edib getmişdir. Tərəflərindən ailənin bərpası üçün görülmüş tədbirlər heç bir müsbət nəticə verməmişdir. Məhkəmə qətnaməsi ilə onların arasında olan rəsmi nikah pozulmuşdur. Artıq onların arasında həm rəsmi, həm də faktiki olaraq ər-arvad münasibəti mövcud deyildir, ailə həm rəsmi, həm də faktiki olaraq dağılmışdır. Bununla əlaqədar olaraq bir neçə dəfə cavabdehə müraciət edərək cehiz əmlaklarının mənzildən çıxarılmasını xahiş etsələr də, cavabdeh onların xahişlərinə məhəl qoymamışdır. Ona görə də məcbur olub hazırkı iddia ilə məhkəməyə müraciət edir. Cavabdehin cehiz əşyaları mənzilində xeyli yer tutmaqla onun öz mənzilində istifadə hüququnu məhdudlaşdırır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qarşılıqlı iddiaçı Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və ilkin iddia tələbinin rədd olunması, qarşılıqlı iddia tələbinin isə təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, mübahisəli mənzil ona məxsusdur və faktiki olaraq onun istifadəsində və sahibliyindədir. 2014-cü ildən iddiaçı ona məxsus evdə yaşamır. Onun mənzildə heç bir hüququ yoxdur. Ümumiyyətlə yaşayış sahəsi ilə bağlı tərəflər arasında hüquq münasibətləri 2011-ci ildə yaranmışdır. Məhkəmə tərəfindən bir çox maddi və hüquq normaları pozulmuşdur. Məhkəmə həqiqətə nail olmaq üçün hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ilkin tələbinin təmin edilməsini İddiaçı 2011-ci ildən mübahisəli evdə yaşaması, cavabdehlə ümumi təsərrüfat aparmaları, mənzil hüquqlarına müdaxilə baş verənə qədər orada yaşaması və başqa yerdə yaşayış yerinin olmaması, qarşılıqlı iddia tələbinin təmin edilməməsini isə ilkin iddia tələbinin təmin olunaraq ilkin iddiaçının mənzilə köçürülməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan qarşılıqlı iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlanılması barədə qətnamə qəbul etmişdir. Bu nəticədən narazı qalan qarşılıqlı iddiaçı qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən apellyasiya instansiya məhkəməsinin istinad etdiyi normaların dövlət və bələdiyyə mənzil fondunun mülkiyyətçisinin qanuni əsaslarla bağladığı kirayə müqaviləsindən irəli gələn münasibətləri nizama saldığını, “Yaşayış yeri və olduğu yer haqqında” Qanunun evə köçürülmə hüququnun təmin edilməsinin əsasları kimi çıxış edə bilməməsi, bu tələbin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, onun ayrı-ayrı hissələrini təşkil edən əmlakı əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməli olmasına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan qarşılıqlı iddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, qətnaməni ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə təmin olunmayan hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla qarşılıqlı iddiaçının mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İlkin İddiaçı ilə cavabdehin oğlu Ceyhun Baxşalızadənin xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olması, bu nikahdan xx.xx.2011-ci il təvəllüdlü Elnar adlı uşaqları doğulması, ilkin iddiaçının 2011-ci ildən Sumqayıt şəhəri, 76-cı məhəllə, 3-cü sahə, Çerkassi küçəsi, ev 3/3, 101 saylı mənzilə köçməsi, 2019-cu ildən isə aralarındakı münasibətlərinin pozulması nəticəsində ilkin İddiaçı həmin evdə yaşamadığı və aralarındakı rəsmi nikahlarının pozulduğu işin mübahisəsiz halıdır. Həmçinin işin mübahisə olunmayan digər halı odur ki, dövlət reyestrindən qeydiyyatdan keçməyən mübahisəli fərdi ev cavabdeh tərəfindən, onun vəsaiti hesabına inşa edilmiş və iddiaçı həmin evə gəlin köçənədək cavabdehin istifadəsində olmuşdur. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. (Mülki Məcəllənin 180.1. maddəsi). Qeyd olunmalıdır ki, analoji işlərdə bu hüquq daha geniş təfsir olunmalıdır. Bu maddəyə görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi, yaxud belə tikilinin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi mümkün deyildir. Bununla yanaşı, Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadəni qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər - yaşayış ehtiyacını qarşılayan tikili kimi mövcud olmaqla cavabdehin əmlak hüquqlarının bir hissəsidir. Başqa sözlə, iddiaçının həmin ev üzərində mülkiyyət haqqı yaranmasa da, onun həmin evlə bağlı sahib olduğu əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər. İlk növbədə nəzərə almaq lazımdır ki, mübahisəli evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəməyə nəinki belə sübutlar təqdim etməmiş, əksinə həmin halların mövcud olması məsələsini qaldırmamış, əksinə özü etiraf edir ki, ev onların nikahından əvvəl inşa edilmişdir. Mübahisəli ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Göründüyü kimi tərəflər arasında hüquq münasibəti 2011-ci ildə, yəni hazırda qüvvədə olan Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 01 oktyabr 2009-cu ildən sonra yarandığından, eləcə də Azərbaycan Respublikası qanunvericiliyində özbaşına inşa edilmiş fərdi yaşayış evlərinə istifadə hüququnun tanınması və həmin evlərə köçürülməsi ilə bağlı hüquq normaları mövcud olmadığından, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə mübahisəyə qanunun analogiyası tətbiq edilməklə Mənzil Məcəlləsinin 30-cı maddəsinin tələbləri baxımından araşdırılmaqla hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 11-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanuvericilikdə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analagiyası). Mənzil Məcəlləsinin 30.1. maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Həmin qərara əsasən mənzil məcəlləsinin 30.1. maddəsinin ikinci cümləsinin “digər qohumlar “ ifadəsi ailə məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə Məcəlləsinin 15-ci fəslinə əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər qardaş, bacı, baba, nənə, nəvə, ögey ata və anadır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli ev özbaşına tikili olsa da, cavabdeh həmin tikiliyə öz vəsaitini xərclədiyindən, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə, yəni cavabdehə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən digər şəxsin (ilkin iddiaçının) hüquqları ilə yüklü edilə bilməz. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, ilkin iddiaçının Cavabdeh münasibətdə Ailə Məcəlləsinin 15-ci fəslinə uyğun özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs olmadığından, eləcə də ilkin iddiaçı həmin evin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, o cümlədən tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut edə bilmədiyindən, əksinə həmin tikilinin məhz cavabdehin vəsaiti hesabına ilkin iddiaçının nikahından əvvəl inşa edildiyindən, ilkin iddia tələbi köçürülməsi hissəsində təmin edilə bilməz. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin İddiaçı mübahisəli mənzilə dair hər hansı bir hüququ olmadığından, əksinə həmin yaşayış evi qeydiyyatdan keçməsə də, iqtisadi dəyər – yaşayış ehtiyacını qarşılayan bir tikili kimi mövcud olmaqla cavabdehin əmlak hüququnun bir hissəsi olduğundan, ilkin iddiaçıya məxsus olan əmlakların həmin mənzildə qalması qarşılıqlı iddiaçı Cavabdeh həmin evlə bağlı sahib olduğu əmlak hüquqlarının həyata keçirilməsini mümkünsüz edir. Mülki Məcəllənin 157.8. maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 158.2. maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir (Mülki Məcəllənin 164.1., 165.1. maddələri). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh İddiaçı məxsus olan cehiz əmlakının Sumqayıt şəhəri, 76-cı məhəllə, 3-cü sahə, Çerkassi küçəsi, ev 3/3, 101 saylı mənzildə yerləşən bir mərtəbəli fərdi yaşayış evində qalması Cavabdeh həmin evə yaranmış sahiblik hüququna müdaxiləni qaçılmaz etdiyindən, həmin əmlaklar mübahisəli mənzildən çıxarılmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və ilkin iddia tələbinin köçürülmə hissəsində rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair ilkin iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. İlkin İddiaçı məxsus cehiz əmlakları Cavabdeh istifadəsində və sahibliyində olan Sumqayıt şəhəri, 76-cı məhəllə, 3-cü sahə, Çerkassi küçəsi, ev 3/3, 101 saylı mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar