Məhkəmə qərarları › İş №2(012)-5100/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5100/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5100/2021 14.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqavilələrinin ləğvi və borcun tutulması” tələbinə dair mülki işə 14 oktyabr 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 03.10.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsinin və 03.10.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 03.10.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsi üzrə 1210,12 manat məbləğində kredit borcu, 8,59 manat məbləğində faiz borcu və 338,80 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1557,51 manat məbləğində borcun, 03.10.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsi üzrə 4271,94 manat məbləğində kredit borcu, 29,77 manat məbləğində faiz borcu və 1068,24 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 5369,95 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh1 İddiaçı QSC ilə bağlanmış 03.10.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0,0833 % olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1232,72 manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 03.11.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 22,60 manat ödəniş etmiş və onun iddiaçıya 1210,12 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 10.08.2021-ci il tarixə 280 gün üçün hesablanmış faiz borcu 8,59 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 10.08.2021-ci il tarixə 280 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 338,80 manat təşkil edir. Bundan başqa, Cavabdeh1 İddiaçı QSC ilə bağlanmış 03.10.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0,0833 % olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4275,24 manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 03.11.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 3,30 manat ödəniş etmiş və onun iddiaçıya 4271,94 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 10.08.2021-ci il tarixə 280 gün üçün hesablanmış faiz borcu 29,77 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 10.08.2021-ci il tarixə 280 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 1068,24 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Cavabdeh zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı bütün öhdəlikləri icra etməlidir. Göstərilənlərə əsasən nümayəndə, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, o borcdan boyun qaçırmır. Pandemiyayla əlaqədar olaraq işsiz qaldığından ödəniş edə bilməmişdir. O, hissə-hissə ödəniş edə bilər. Cavabdeh2 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh1 onun doğma atasıdır. O, kredit müqavilələri üzrə zamindir. Hazırda hüquq mühafizə idarəsində işləyir və aylıq əmək haqqı 400-500 manat təşkil edir. Əmək haqqının 70 %-i alimentə yönəldilir. Odur ki, o, hissə-hissə ödəniş edə bilər. İş materiallarından olan 03.10.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsindən görünür ki, "xxxx" QSC (bank) ilə Cavabdeh1 (kredit alan) arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən bank ümumi məbləği 1232,72 manat olan borc pulu aylıq faiz dərəcəsi 0,0833 % olmaqla 60 ay müddətinə kredit alana verir. İş materiallarından olan 03.10.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsindən görünür ki, "xxxx" QSC (bank) ilə Cavabdeh1 (kredit alan) arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən bank ümumi məbləği 4275,24 manat olan borc pulu aylıq faiz dərəcəsi 0,0833 % olmaqla 60 ay müddətinə kredit alana verir. İş materiallarında olan 03.10.2019-cu il tarixli, 004G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC bundan sonra zamin adlandırılacaq Cavabdeh2 bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh1 arasında 03.10.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışlar. İş materiallarında olan 03.10.2019-cu il tarixli, 004G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC bundan sonra zamin adlandırılacaq Cavabdeh2 bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh1 arasında 03.10.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışlar. İş materiallarında olan 12.08.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh1 İddiaçı QSC-nə 03.10.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsi üzrə 10.08.2021-ci il tarixə olan borcu 1210,12 manat məbləğində kredit borcu, 8,59 manat məbləğində faiz borcu va 338,80 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1557,51 manat məbləğində təşkil edir. İş materiallarında olan 12.08.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh1 İddiaçı QSC-nə 03.10.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsi üzrə 10.08.2021-ci il tarixə olan borcu 4271,94 manat məbləğində kredit borcu, 29,77 manat məbləğində faiz borcu və 1068,24 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 5369,95 manat məbləğində təşkil edir. Məhkəmə iddiaçı bankın nümayəndəsini və cavabdehləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 03.10.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsi, 03.10.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsi, İddiaçı QSC ilə Cavabdeh2 arasında 03.10.2019-cu il tarixli, 004G**********01 saylı zaminlik müqaviləsi və 03.10.2019-cu il tarixli, 004G**********01 saylı zaminlik müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin, Cavabdeh1 03.10.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsi və 03.10.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit razılaşması və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın cavabdehdən öhdəliyi lazımınca icra etmədikləri üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, 03.10.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsi üzrə hesablanmış 338,80 manat məbləğində cərimə pulu və 004A********** saylı kredit müqaviləsi üzrə 1068.24 manat məbləğində cərimə pulu cavadehin onsuzda ağır olan maddi durumunu daha da ağırlaşdıra bilər. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli, 03.10.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsi üzrə hesablanmış 338,80 manat məbləğində cərimə pulu azaldılaraq 10 manat, 03.10.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsi üzrə hesablanmış 1068,24 manat məbləğində cərimə pulu isə azaldılaraq 20 manat məbləğində olmalıdır. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh1 03.10.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsi və 03.10.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsidən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün İddiaçı QSC-nin həmin müqavilələrin icrasına zaminlik etmiş digər cavabdeh olan Cavabdeh2 öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqavilənin pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə görə tərəflər arasında bağlanmış 03.10.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsi və 03.10.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsi ləğv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilatın məhkəməyə müraciət etmək üçün ödədiyi 30 manat dövlət rüsumu cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 03.10.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsi və 03.10.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 03.10.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsi üzrə 1210,12 manat məbləğində kredit borcu, 8,59 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə olmaqla cəmi 1228.71 manat, 03.10.2019-cu il tarixli, 004A********** saylı kredit müqaviləsi üzrə 4271,94 manat məbləğində kredit borcu, 29,77 manat məbləğində faiz borcu və 20 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4321,71 manat, ümumilikdə 5550.42 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar