Məhkəmə qərarları › İş №2(012)-5102/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5102/2021

29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5102/2021 29.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı "xxxx" BOKT MMC-in nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" BOKT MMC-in Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış 24 noyabr 2020-ci il tarixli, AZAD-761-622 saylı kredit müqaviləsinin və onun tərkib hissəsi olan 24 noyabr 2020-ci il tarixli, AZAD-761-622 saylı razılaşmanın ləğv edilməsi, Cavabdeh iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə 1493,35 manat əsas borc, 109,78 manat cari faiz borcu və 200,39 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 1803,52 manat kredit borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ünvanlayaraq, Cavabdeh ilə bağlanmış 24 noyabr 2020-ci il tarixli, AZAD- 761-622 saylı kredit müqaviləsinin və onun tərkib hissəsi olan 24 noyabr 2020-ci il tarixli, AZAD- 761-622 saylı razılaşmanın ləğv edilməsi, Cavabdeh iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə 1477,43 manat əsas borc, 25,02 manat cari faiz borcu və 100 manat dəbbə borcu olmaqla, cəmi 1602,45 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" BOKT MMC-in nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, "xxxx" BOKT MMC ilə bağlanmış 24 noyabr 2020-ci il tarixli, AZAD-761-622 saylı kredit müqaviləsinin və onun tərkib hissəsi olan 24 noyabr 2020-ci il tarixli, AZAD-761-622 saylı razılaşmaya əsasən Cavabdeh 18 ay müddətinə illik 22 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. Borclu Cavabdeh kredit öhdəliklərinin ödənilməsi müddətlərini dəfələrlə pozmuşdur. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" BOKT MMC məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunması xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 24 noyabr 2020-ci il tarixli, AZAD-761-622 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 24 noyabr 2020-ci il tarixli, AZAD-761-622 saylı razılaşmadan görünür ki, iddiaçı "xxxx" BOKT MMC ilə Cavabdeh arasında müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən, Cavabdeh 18 ay müddətinə, illik 22 % ilə 2000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, 24 noyabr 2020-ci il tarixli, AZAD-761- 622 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 24 noyabr 2020-ci il tarixli, AZAD-761-622 saylı razılaşmaya əsasən Cavabdeh 24.11.2020-ci il tarixdən 26.11.2021-ci il tarixədək 1477,43 manat əsas borcu, 25,02 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla cəmi 1602,45 manat məbləğində borcu vardır. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında 24 noyabr 2020-ci il tarixli, AZAD-761-622 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 24 noyabr 2020-ci il tarixli, AZAD-761-622 saylı razılaşma imzalanmışdır. Bu müqavilə və razılaşma Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Cavabdeh ilə iddiaçı "xxxx" BOKT MMC arasında bağlanılmış 24 noyabr 2020-ci il tarixli, AZAD-761-622 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 24 noyabr 2020-ci il tarixli, AZAD-761-622 saylı razılaşması üzrə cavabdeh (kreditalan) üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir, hesab edir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli və bu məbləğ 10 manat məbləğində olmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Məcəllənin 421.1 və 421.2-ci maddələrinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Məhkəmə qeyd olunan qanunvericilik normalarından və işin faktiki hallarından çıxış edərək belə nəticəyə gəlir ki, Cavabdeh üzərinə düşən öhdəlikləri icra etməməklə kredit müqaviləsini əhəmiyyətli dərəcədə pozmuşdur. Ona görə də 24 noyabr 2020-ci il tarixli, AZAD-761-622 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 24 noyabr 2020-ci il tarixli, AZAD-761-622 saylı razılaşmasının ləğv edilməsi barədə iddia tələbi də təmin olunmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 24 noyabr 2020-ci il tarixli, AZAD-761-622 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan 24 noyabr 2020-ci il tarixli, AZAD-761-622 saylı razılaşma ləğv edilsin. Cavabdeh 1477,43 manat məbləğində əsas borc, 25,02 manat cari faiz borcu, 10 manat dəbbə borcu olmaqla, cəmi 1512,45 manat borc və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq "xxxx" BOKT MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar