Məhkəmə qərarları › İş №2(012)-5123/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5123/2021

15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5123/2021 15.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ İ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbi barədə ərizəsinə dair mülki işə 15 oktyabr 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7031,12 manat əsas və 3,98 manat faiz borcu, cəmi 7035,10 manat borcun və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdehlə bağlanmış 26.08.2019-cu il tarixli müqavilə üzrə Cavabdeh İddiaçı ASCnin xeyrinə 6876,22 manat əsas və 1,19 manat faiz borcu olmaqla, cəmi 6877,41 manat borcun tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 26.08.2019-cu il tarixli, FR/96329/70 №-li güzəştli kredit müqaviləsinə əsasən bank borcluya 60 ay müddətinə, illik 1 % olmaqla 7536,70 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli” nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinə əsasən, kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Qeyd olunanlar əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, borcu qəbul edir. İmkanı çatan qədər ödəniş edəcəkdir. Hal-hazırda işsizdir. Hissə-hissə ödəniş edə bilər. İş materiallarında olan 26.08.2019-cu il tarixli, FR/96329/70 №-li güzəştli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1 % olmaqla 7536,70 manat məbləğində kredit vermişdir. İş materiallarında olan İddiaçı ASC-nin 16.08.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 26.08.2019-cu il tarixli, FR/96329/70 №-li güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-yə 7031,12 manat əsas və 3,98 manat faiz borcu və 0 manat cərimə borcu vardır. Məhkəmə iddiaçı bankın nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında 26.08.2019-cu il tarixli, FR/96329/70 №-li güzəştli kredit müqaviləsi imzalanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Bundan əlavə iş materiallarında olan İddiaçı ASC-nin 16.08.2021-ci il tarixli arayışında Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 26.08.2019-cu il tarixli, FR/96329/70 №-li güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC-yə 7031,12 manat əsas və 3,98 manat faiz borcu və 0 manat cərimə borcunun olduğu göstərilsə də, İddiaçı ASC iddia tələbində Cavabdeh İddiaçı ASC-nin xeyrinə 6876,22 manat əsas və 1,19 manat faiz borcu olmaqla, cəmi 6877,41 manat borcun tutulmasını tələb etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh 6876,22 manat əsas, 1,19 manat faiz borcu, cəmi 6877,41 manat borc və dövlət rüsumuna görə ödənilmiş 30 manat pul tutularaq İddiaçı ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 26.08.2019-cu il tarixli, FR/96329/70 №-li güzəştli kredit müqaviləsi üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit sazişinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icra geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 26.08.2019-cu il tarixli, FR/96329/70 №-li güzəştli kredit müqaviləsi üzrə 6876,22 manat əsas, 1,19 manat faiz borcu olmaqla, cəmi 6877,41 manat borc və dövlət rüsumuna görə ödənilmiş 30 manat pul tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar