Məhkəmə qərarları › İş №2(012)-5130/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5130/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5130/2021 04.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 06.10.2018-ci il tarixli müqaviləyə əsasən Samsung Tozsoran üçün 29.7 manat ödənilməmiş hissə, 10.3 manat dəbbə pulunun Cavabdeh1, 27.02.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********64441 Samsung Galaxy J4 markalı telefon üçün 173.5 manat ödənilməmiş hissə, 48.5 manat dəbbə pulunun Cavabdeh1 və zamin Cavabdeh2 müştərək qaydada, ümumilikdə, 262 manat borc, 20 manat ödənilmiş dövlət rüsumunun alınaraq ABC X2 Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 06.10.2018-ci il və 27.02.2019-cu il tarixli müqavilələrə əsasən, Samsung Tozsoran, İMEİ Kodu **********64441 Samsung Galaxy J4 markalı telefon almış və nəticədə 262 manat borc yaranmışdır. Cavabdeh 06.10.2018-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 324 manat (18 ay x 18 manat + 0 manat ilkin ödəniş) Samsung Tozsoran üçün ümumilikdə, 40 manat olmaqla ondan, 29.7 manat ödənilməmiş hissə, 10.3 manat dəbbə pulu; 27.02.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 486 manat (18 ay x 27 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********64441 Samsung Galaxy J4 markalı telefon üçün ümumilikdə, 222 manat olmaqla ondan, 173.5 manat ödənilməmiş hissə, 48.5 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 606.8 manat təşkil edir. Həmçinin, 27.02.2019-cu il tarixli müqavilənin təminatı olaraq 27.02.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış, zamin Cavabdeh2 "xxxx" MMC qarşısında alıcı Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və borcludur. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh1 arasında bağlanmış 06.10.2018-ci il tarixli 00324660 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə 10.11.2018-ci il tarixdən 10.04.2020-ci il tarixədək hər ay 18 manat ödəniş etməklə almışdır. -06.10.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh1 müqaviləyə əsasən əşyanı ABC Telecom MMC-dən tam qüsursuz halda təhvil almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh1 arasında bağlanmış 27.02.2019-cu il tarixli 00534222 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyalara görə 25.03.2019-cu il tarixdən 25.08.2020-ci il tarixədək hər ay 27 manat ödəniş etməklə almışdır. -27.02.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh1 müqaviləyə əsasən əşyaları ABC Telecom MMC-dən tam qüsursuz halda təhvil almışdır. -Satıcı "xxxx" MMC ilə zamin Cavabdeh2 arasında bağlanmış 27.02.2019-cu il tarixli 00534222 saylı zaminlik müqaviləsindən görünür ki, zamin 27.02.2019-cu il tarixli 00534222 saylı müqavilədən irəli gələn öhdəliklərin icrası üçün MMC qarşısında alıcı Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. -"xxxx" MMC tərəfindən verilmiş 26.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 06.10.2018-ci il və 27.02.2019-cu il tarixli müqavilələrə əsasən, Samsung Tozsoran, İMEİ Kodu **********64441 Samsung Galaxy J4 markalı telefon almış və nəticədə 262 manat borc yaranmışdır. Cavabdeh 06.10.2018-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 324 manat (18 ay x 18 manat + 0 manat ilkin ödəniş) Samsung Tozsoran üçün ümumilikdə, 40 manat olmaqla ondan, 29.7 manat ödənilməmiş hissə, 10.3 manat dəbbə pulu; 27.02.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 486 manat (18 ay x 27 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********64441 Samsung Galaxy J4 markalı telefon üçün ümumilikdə, 222 manat olmaqla ondan, 173.5 manat ödənilməmiş hissə, 48.5 manat dəbbə pulu hesablanmışdır. -İş materiallarında olan xəbərdarlıq və poçt qəbzindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müqavilələr üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Asan-Sumqayıt tərəfindən verilmiş 15.02.2017-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİnin Maps şöbəsi tərəfindən verilmiş 12.03.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 Abşeron rayonu Novxanı kəndində qeydiyyatdadır. -Sumqayıt ŞPİ tərəfindən verilmiş 02.10.2010-cu il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİnin Maps şöbəsi tərəfindən verilmiş 21.06.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 Sumqayıt şəhəri məhəllə 1, 4A saylı evin 21 saylı mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 6.2 maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1. maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

445. maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1. maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən görünür ki, Cavabdeh1 iddiaçı "xxxx" MMC-dən yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə əşyalar almış, lakin ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Mülki Məcəllənin: 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, zamin Cavabdeh2 MMC qarşısında 27.02.2019-cu il tarixli 00534222 saylı müqavilə üzrə digər Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. İşin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən hər iki müqavilə üzrə əsas borca müqavilədə nəzərdə tutulmuş qaydada dəbbə pulu hesablanmışdır. Mülki Məcəllənin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə bağlanmış 06.10.2018-ci il tarixli 00324660 saylı müqaviləyə əsasən 29.7 manat ödənilməmiş hissə üzrə hesablanmış 10.3 manat və 27.02.2019-cu il tarixli 00534222 saylı müqaviləyə əsasən 173.5 manat ödənilməmiş hissə üzrə hesablanmış 48.5 manat məbləğində cərimələrin azaldılaraq hər müqavilə üzrə 5.00 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehlərin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməli və 20 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh1 06.10.2018-ci il tarixli 00324660 saylı müqavilə üzrə 29.7 manat əsas, 5.00 manat cərimə olmaqla cəmi 34.7 manat, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada isə 27.02.2019-cu il tarixli 00534222 saylı müqavilə üzrə 173.5 manat əsas, 5.00 manat cərimə olmaqla cəmi 178.5 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220 və 222.2ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 06.10.2018-ci il tarixli 00324660 saylı müqavilə üzrə 29.7 (iyirmi doqquz manat yetmiş qəpik) manat əsas, 5.00 (beş) manat cərimə olmaqla cəmi 34.7 (otuz dörd manat yetmiş qəpik) manat borc, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 27.02.2019-cu il tarixli 00534222 saylı müqavilə üzrə 173.5 (yüz yetmiş üç manat əlli qəpik) manat əsas, 5.00 (beş) manat cərimə olmaqla cəmi 178.5 (yüz yetmiş səkkiz manat əlli qəpik) manat borc, müqavilələr üzrə cəmi 213.2 (iki yüz on üç manat iyirmi qəpik) manat borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar