Məhkəmə qərarları › İş №2(012)-515/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-515/2024

14.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-515/2024 14.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11600 manat məbləğində pulun, eləcə də 125 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddətdir ki, təmir-tikinti işi ilə məşğul olur. Hazırki iş üzrə Cavabdeh qeyd edəcəyi hadisə baş verməzdən əvvəl tanımışdır. Belə ki, daha əvvəl də ona bəzi sifarişlər vermiş, cavabdeh isə həmin sifarişləri yerinə yetirmişdir. Cavabdeh Zəngəzur şadlıq sarayının yaxınlığında yerləşən sexdə fəaliyyət göstərmişdir. Bir müddət öncə yenə də ona bəzi sifarişlər vermiş, bu məqsədlə müxtəlif vaxtlarda hissə-hissə olmaqla, ümumilikdə 11600 manat məbləğində pul vermişdir. Lakin cavabdeh aralarındakı razılıq üzrə öhdəliklərini yerinə yetirməmiş, bu günə kimi sifarişləri hazır etməmiş, nə də verdiyi pulları geri qaytarmamışdır. Telefonla onunla əlaqə saxlamağa çalışsa da, zənglərə cavab vermir. Onun fəaliyyət göstərdiyi sexə getdikdə isə işlərin dayandırıldığı məlum olmuşdur. Cavabdehə verilmiş 11600 manat puldan 3000 ABŞ dolları məbləğində pulu 21 aprel 2023-cü il tarixdə Landau 6 ünvanında yerləşən XATİKO mağazasının satıcısı vasitəsi ilə ona vermiş, qalan məbləğləri isə bank kartına köçürmə vasitəsi yolu ilə ödəmişdir. 3000 ABŞ dolları məbləğində pulu verməsi üçüncü şəxsin (Xatiko mağazasının satıcısı) vasitəsi ilə baş vermişdir. Zərurət olarsa, o, məhkəmə iclasında şahid qismində iştirak edəcəkdir. Cavabdeh başqa şəxslərə qarşı da bu cür hərəkətlər etmişdir və hazırda onun harada olması barədə heç kimin məlumatı yoxdur. Cavabdehin bu cür hərəkətləri ilə bağlı onun tərəfindən ərizə ilə polisə müraciət edilmiş, lakin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin 12 iyun 2023-cü il tarixli məktubu ilə ərizədə göstərilən xüsusatların mülki xarakter daşıdığı və şikayətilə bağlı mülki qaydada məhkəmə orqanlarına müraciət etməli olduğu bildirilmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil1, həmçinin iştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və onun təmin edilməsini xahiş etdilər. Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclasında iddianı qəbul etdi. O, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə proses iştirakçılarını və şahidləri dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirdi ki, iddiaçı ilə qoşudur. İddiaçı mağazada 3000 ABŞ dolları pulu cavabdehə verməsi üçün ona vermiş, o da öz növbəsində həmin pulu cavabdehə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, ustadır. İddiaçı mebel düzəltməsini cavabdehə sifariş vermiş, cavabdeh isə mebeli düzəldərək iddiaçıya təhvil verməmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə etdiyi müraciətdəki xüsusatlar mülki xarakterlidir və şikayətlə bağlı mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi məqsədəmüvafiqdir. İşdə olan 6 ədəd ödəmə qəbzlərinin surətlərindən görünür ki, 416973******2992 saylı hesabdan 524375******8778 saylı hesaba ümumilikdə 5500 (2000+800+500+700+500+1000) manat vəsait ödənilmişdir. İşdə olan Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, iddianı tam şəkildə qəbul edir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh mebel məmulatları düzəltmək adı ilə İddiaçı ümumilikdə 11600 manat pulu almış, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, mebelləri düzəltməmiş, aldığı pulu isə iddiaçıya geri qaytarmamış, bunun nəticəsində iddiaçıya maddi zərər dəymişdir. İddiaçı bununla bağlı əvvəlcə polis orqanlarına şikayət ərizəsilə müraciət etmiş, Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 752-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Həmin Məcəllənin 753-cü maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Yuxarıda qeyd edilən işin faktiki halları məhkəmə iclasında tamamilə öz təsdiqini tapmış, cavabdeh iddiaçıdan şifahi podrat müqaviləsinə əsasən cəmi 11600 manat pul almasını, sifarişi isə yerinə yetirməməsini etiraf etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, 11600 manat pul Cavabdeh Əhmədovişdən tutularaq İddiaçı qaytarılmalıdır. Bundan başqa, işdən görünür ki, iddiaçı hazırki iddia ərizəsinin verilməsinə görə məhkəmənin hesabına 125 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri, yəni 125 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 11600 manat və dövlət rüsumu üçün 125 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar