Məhkəmə qərarları › İş №2(012)-5158/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5158/2024

19.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5158/2024 19.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və xərcin tutulması tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və xərcin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 may 2020-ci il təvəllüdlü X1 üçün alimentin müəyyən olunmuş məbləğinin artırılaraq 450 manat miqdarında müəyyən edilməsi, uşağa çəkilən 2191 manat məbləğində əlavə səhiyyə xərclərinin tam şəkildə tutularaq ödənilməsi və mediasiya üçün ödənilmiş 50 manat məbləğində vəsaitin tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birgə iddiaçıya geri qaytarılmalıdır. İddia ərizəsindən görünür ki, onu iddiaçının adından nümayəndəsi X4 imzalamışdır. İddiaçının X3 verdiyi AR-İİİ 365983 saylı, xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, bu etibarnamə ona vəkil olduğuna görə verilmişdir. Lakin iş materiallarında hazırki mübahisə üzrə onun adına hər hanı orderin verilməsi görünmür. Başqa sözlə, iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Mülki Prosessual Məcəllənin 66-cı maddəsinə görə Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə görə fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən öncə xərclərin tutulması barədə mübahisə üzrə də mediasiya prosesində iştirakı tələb olunduğu halda həmin tələbə riayət olunmasına dair qanunla nəzərdə tutulmuş məlumatı əks etdirən sənədi iddia ərizəsinə əlavə etməmişdir. İddia ərizəsinə əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, həmin mediasiya prosesi tərəflər arasındakı aliment mübahisəsinə aiddir. Başqa sözlə, məhkəmənin qənaətinə görə İddiaçı cavabdehin əlavə xərclərdə iştirakına dair mübahisə ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada mediasiya prosesindən keçməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə görə ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və xərcin tutulması tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar