Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5187/2021 06.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi X4, Cavabdeh Həsənova (Cəlilova) Nigar Bəxtiyar qızının vəkili-nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Həsənova (Cəlilova) Nigar Bəxtiyar qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Həsənova (Cəlilova) Nigar Bəxtiyar qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Həsənova (Cəlilova) Nigar Bəxtiyar qızı ilə birgə nikah dövründə "xxxx" ASC-dən əldə etdikləri 15000 manat məbləğində kredit borcunun yarısının, yəni 7500 manat məbləğinin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı ilə Cavabdeh ilə 04.09.2018-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahlarından bir övladları 10.08.2019-cu il təvəllüdlü X8 dünyaya gəlmişdir. Cavabdeh 2020-ci ilin yanvar ayında evi tərk etmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış nikahın pozulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə uşaq, aliment və əmlak tələbinə dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3317/2020 saylı, 10.11.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması, 10.08.2019-cu il təvəllüdlü X8 anası Cavabdeh himayəsində saxlanılması, 10.08.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat məbləğində pul, 10.08.2019-cu il təvəllüdlü X5 üç yaşına çatanadək əlavə xərcləri üçün hər ay 50 manat məbləğində alimentin iddiaçıdan tutularaq cavabdehə ödənilməsi, iddiaçıya məxsus “Hyudai Sonata” markalı, 2013-cü il buraxılışlı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində cavabdehin ½ hissədə payının müəyyən edilməsi qət edilmişdir. Tərəflər birgə nikah dövründə ailələrinin xərclərini qarşılamaq məqsədi ilə bankdan kreditə borc pul götürmüşlər. "Bank Respublika” ASC ilə bağlanmış 14.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən tərəflərə 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi iddiaçının adına olmuş olsa da, tərəflər həmin məbləği qızlarının gələcək xərcləri və evlərinə xərcləmişlər. Həmin kredit ödənişlərini illərdir iddiaçı vaxtı-vaxtmda ödəyir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşmar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adma əldə olunmasından, yaxud əmanətin kimin adma və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər- arvadın qazandığı hər hansı sair əmlak daxildir. Yuxarıda göstərilən normadan da göründüyü kimi birgə nikah dövründə əldə olunan gəlir, yəni bankdan götürülmüş və ailənin xərcləri üçün istifadə olunan kredit məbləği ər-arvadın ikisinə də aid edilməlidir. Abşeron Rayon Məhkəməsinin qətnaməsinə əsasən tərəflər arasında nikah pozulmuş və ayrı ünvanlarda yaşayırlar. Həmçinin iddiaçı hər ay aliment ödənişlərimi geciktirmədən və artığı ilə ödəyir. Artıq bir ilə yaxın müddətdir ki, tərəflər boşanmışdır, lakin kredit ödənişlərini yalnız iddiaçı ödəyir. Hazırda iddiaçı həmin kredit məbləğinin hamısını tək ödəmək iqtidarında deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak (daşmar və ya daşınmaz) onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.2-ci maddəsinə əsasən ərarvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Beləliklə, göstərilən normalar və işin faktiki halları iddiamın əsaslı olduğunu təsdiq edir və təmin olunmasını zəruri edir. Hesab edir ki, birgə yaşayış dövründə götürülən kredit borcun yarısını ödəmək öhdəliyi cavabdehin də üzərinə qoyulmalıdır. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Həsənova (Cəlilova) Nigar Bəxtiyar qızının vəkili-nümayəndəsi X6 məhkəmə iclasında izahatında və etirazında bildirdi ki, İddiaçı məhkəməyə müraciət edərək cavabdeh Həsənova (Cəlilova) Nigar Bəxtiyar qızı ilə nikahda olduğu dövrdə 14.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən 15000 manat məbləğində kredit götürdüyünü və həmin krediti birgə nikahdan olan övladının gələcək xərclərinə və birgə yaşadıqları dövrdə evə sərf etdiyini iddia edərək, buna görə kredit borcunun 7500 manat məbləğində yarısının cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda şərh olunanlara əsasən hesab edir ki, iddianın heç bir əsası yoxdur. Belə ki, tərəflər 04.09.2018-ci il tarixdə rəsmi nikah münasibətinə daxil olduqdan sonra birgə yaşamağa başlamış və həmin nikahdan 10.08.2019-cu il tarixdə övladları X8 doğulmuşdur. Onu da qeyd edir ki, tərəflər birgə yaşadıqları dövrdə elə ilk vaxtlardan aralarında münaqişə yaranmış və məlum olmuşdur ki, birgə yaşamaqları mümkün deyildir. Elə bu səbəbdən də uşaq hələ iki aylıq olan vaxtı 2019-cu ilin oktyabr ayında cavabdeh iddiaçıya məxsus olan Mərdəkan qəsəbəsində yerləşən evdən çıxaraq, azyaşlı uşağıyla birlikdə Xırdalan qəsəbəsində yaşayan valideynlərinin yanına gəlməli olmuşdur. Odur ki, cavabdeh 2020-ci ilin mart ayının ortalarına kimi valideynlərinin yanında qalmışdır. Həmi ilin Novruz bayramı ərəfəsində tərəfləri barışdırmaq məqsədlə də cavabdehi uşağıyla birlikdə iddiaçının evinə aparmışlar. Lakin tərəflərin birgə yaşayışı yenə də baş tutmamış və təxminən bir həftədan sonra cavabdeh valideynlərinin yanına qayıtmalı olmuşdur. Həmin vaxtdan bir müddət keçəndən sonra, 2020-ci ilin oktyabr ayının əvvəllərində iddiaçı boşanma barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məlum olduğu kimi məhkəmənin 10.11.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması, 10.08.2019-cu il təvəllüdlü X8 anası Cavabdeh himayəsində saxlanılması, 10.08.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat məbləğində pul, 10.08.2019-cu il təvəllüdlü X5 üç yaşına çatanadək əlavə xərcləri üçün hər ay 50 manat məbləğində alimentin iddiaçıdan tutularaq cavabdehə ödənilməsi, iddiaçıya məxsus “Hyudai Sonata” markalı, 2013-cü il buraxılışlı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində cavabdehin ½ hissədə payının müəyyən edilməsi qət edilmişdir. İddiaçı tərəfindən bankdan kredit götürülməsindən cavabdehin qətiyyən xəbəri olmamışdır. Belə ki, həmin dövrdə tərəflər faktiki olaraq ayrı yaşayırdılar və buna görə iddiaçı bankdan hər hansı bir məbləğdə kredit götürməsi barədə cavabdehə heç bir məlumat verməmişdir. İddia ərizəsində istinad edilən Ailə Məcəlləsinin 32.1 və 37.3-cü maddələrində göstərilir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır və ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Ər-arvadın hər birinin öhdəlikləri üzrə məsuliyyət Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 41.1 və 41.2-ci maddələri ilə tənzimlənir. Həmin maddələrdə birmənalı şəkildə nəzərdə tutulur ki, ər-arvadın hər birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Yalnız ər-arvadın birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilə bilər. Cavabdehin 2019-cu ilin oktyabr ayından etibarən körpə uşağıyla birlikdə Abşeron rayonun Xırdalan şəhərində valideynlərinin yanına sığınaraq birgə yaşamağını təsdiq edən akt və həmin faktın İddiaçı özü tərəfindən də şəxsən etiraf edilməsi barədə ARB kanalında çıxışının video yazısı da etiraza əlavə edilmişdir. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 25.08.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 14.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 15000 manat məbləğində kredit verilmişdir. 25.08.2021-ci il tarixində "xxxx" ASC-nin qarşısında 11031,86 manat borcu mövcuddur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3317/2020 saylı, 10.11.2020-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia üzrə iddia tələbinin təmin edilməsi, İddiaçı və Cavabdeh arasında Bakı şəhər 5 saylı “ASAN xidmət” mərkəzi tərəfindən bağlanmış 04 sentyabr 2018-ci il tarixli, 3219 sayla qeyd edilmiş nikahın pozulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, qarşılıqlı iddia üzrə iddia tələbinin qismən təmin edilməsi, tərəflərin birgə nikahından anadan olmuş 10 avqust 2019-cu il təvəllüdlü X5 anası X1 qızının yanında saxlanılması, 10 avqust 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat məbləğində pulun, habelə 10 avqust 2019-cu il təvəllüdlü X8 üç yaşına çatanadək hər ay 50 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh ödənilməsi, alimentin tutulmasının əvvəlinin 10 noyabr 2020-ci il tarixdən hesablanılması, “Hyudai Sonata" markalı, 2013-cü il buraxılışlı, **-CY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərində İddiaçı % hissədə, Cavabdeh 1/2 hissədə payının müəyyən edilməsi qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmədə sübutların tədiqatı zamanı işin mübahisə edilməyən hallarından müəyyən edilir ki, İddiaçı cavabdeh Həsənova (Cəlilova) Nigar Bəxtiyar qızı ilə rəsmi nikahda olduğu dövrdə 14.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən 15000 manat məbləğində kredit götürmüşdür.Lakin, götürülən kredit məbləğinin iddiaçı tərəfin iddia etdiyi kimi ailə ehtiyacları üçün xərclənməsi barədə sübutlar yalnız izahatdan ibarət olmuşdur ki bu izahatda da məhkəmədə digər sübutlarla təkzib olunduğundan məhkəmə həmin izahata tənqidi yanaşmışdır. Belə ki,tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında 04 sentyabr 2018-ci ildə rəsmi nikah bağlanmış, Abşeron Rayon Məhkəməsinin 2(012)-3317/2020 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah 10.11.2020-ci il tarixdə pozulmasına baxmayaraq, tərəflər arasında olan ər-arvad münasibətləri faktiki olaraq nikahın pozulmasından xeyli müddət əvvəl pozulmuş və tərəflər ailə münasibətlərindən irəli gələn birgə təsərrüfat idarə etməmişlər. Bu fakt cavabdeh tərəfin izahatı ilə yanaşı, iş materiallarında olan videogörüntüdə əks olunan İddiaçı ARB kanalında 07 yanvar 2021-ci il tarixdə çıxışı zamanı Cavabdeh ilə 2020-ci ilin noyabr ayında rəsmi olaraq boşansalar da, uzun müddətdir ki, ayrı yaşadıqları barədə verdyi izahatı ilə tam təstiq olunduğundan 14.10.2019-cu il tarixdə "xxxx" ASC-dən götürülən 15000 manat məbləğində kredit məbləğindən cavabdehin xəbərdar olmasını və ya həmin məbləğin ailə ehtiyacları üçün xərcləndiyini istisna edir, halbuki bu halı təkzib edəcək sübutları təqdim etmək iddiaçı tərəfin üzərinə düşməsinə baxmayaraq bunu edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Həsənova (Cəlilova) Nigar Bəxtiyar qızına qarşı cavabdeh Həsənova (Cəlilova) Nigar Bəxtiyar qızı ilə birgə nikah dövründə "xxxx" ASC-dən əldə etdikləri 15000 manat məbləğində kredit borcunun yarısının, yəni 7500 manat məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-5187/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5187/2021
06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver