Məhkəmə qərarları › İş №2(012)-5197/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5197/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5197/2021 18.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə 5181,71 manat məbləğində kredit borcu, 1384,79 manat məbləğində faiz borcu və 1599,90 manat məbləğində cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh1 "xxxx" BOKT MMC ilə bağlanmış 26 dekabr 2019-cu il tarixli, 001- FŞK01-0456-19 saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 26 % olmaqla 18 ay müddətinə 6000 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdı borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanine öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin cavabdehlər müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduqları kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdirlər. Qeyd olunanlara əsasən nümayəndə, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, o, krediti 2019-cu ildə iş üçün götürmüşdür. Daha sonra pandemiya başlamış, işləri dayanmış və ödəniş edə bilməmişdir. İddiaçıdan faizin dayandırılmasını xahiş etsə də, iddiaçı şirkət onunla razılaşmamışdır. O, borcdan yayınmır. O, hazırda usta olaraq işləyir. Cərimə borcları çox hesablanmışdır. O, hissə-hissə ödəniş edə bilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarından olan 26 dekabr 2019-cu il tarixli, 001-FŞK01-0456-19 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh1 (kredit alan) arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən bank ümumi məbləği 6000 manat olan borc pulu aylıq faiz dərəcəsi 26 % olmaqla 18 ay müddətinə kredit alana verir. İş materiallarında olan 26 dekabr 2019-cu il tarixli, 001-FŞK01-0456-19-Z saylı zaminlik müqaviləsindən görünür ki, ”City Finance” BOKT MMC bundan sonra zamin adlandırılacaq Cavabdeh2 bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh1 arasında 26 dekabr 2019-cu il tarixdə bağlanmış 001-FŞK01-0456-19 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. İş materiallarında olan 20 avqust 2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh1 26 dekabr 2019-cu il tarixli, 001-FŞK01-0456-19 saylı kredit razılaşması üzrə 20 avqust 2021-ci il tarixinə olan borcu 5181,71 manat məbləğində kredit borcu, 1324,79 manat məbləğində faiz borcu va 1599,90 manat məbləğində cərimə borcu olmaqla, cəmi 8106,40 manat məbləğində təşkil edir. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, tərəflər arasında 26 dekabr 2019-cu il tarixli, 001-FŞK01-0456- 19 saylı kredit müqaviləsi və 26 dekabr 2019-cu il tarixli, 001-FŞK01-0456-19-Z saylı zaminlik müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin, Cavabdeh1 26 dekabr 2019-cu il tarixli, 001-FŞK01-0456-19 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit razılaşması və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın cavabdehlərdən öhdəliyi lazımınca icra etmədikləri üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, hesablanmış 1599,90 manat məbləğində cərimə pulu cavadehin onsuzda ağır olan maddi durumunu daha da ağırlaşdıra bilər. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli və bu məbləğ 100 manat məbləğində olmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan əlavə məhkəmə hesab edir ki, iddiaçı şirkət cavabdehlərdən 1384,79 manat məbləğində faiz borcunun tutulmasını tələb etsə də, iş materiallarında olan 20 avqust 2021-ci il tarixli maliyyə arayışdan göründüyü kimi Cavabdeh1 26 dekabr 2019-cu il tarixli, 001-FŞK01-0456- 19 saylı kredit razılaşması üzrə 20 avqust 2021-ci il tarixinə olan faiz borcu 1324,79 manat təşkil edir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərdən tutulacaq faiz borcu maliyyə arayışı əsas götürülməklə qiymətləndirilməlidir. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh1 26 dekabr 2019-cu il tarixli, 001-FŞK01-0456-19 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün "xxxx" BOKT MMC-nin həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdeh olan Cavabdeh2 oğlundan öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən ödənilmiş 30 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı cavabdehlərdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5181,71 manat məbləğində kredit borcu, 1324,79 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6606,50 manat məbləğində borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı tutularaq iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar