Məhkəmə qərarları › İş №2(012)-5202/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5202/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5202/2021 02.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı X1 Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X1 Cəmiyyəti Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Ultratek MMC-yə ödənilməmiş 638 manat əsas, 30 manat dövlət rüsumu olmaqla cəmi 668 manat borcun Cavabdeh alınaraq X1 Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 28.11.2018ci il tarixində ******* №-li alqı-satqı müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavə imzalanmışdır. Alqı-satqı müqaviləsinə əsasən Cavabdeh ümumi dəyəri 1564 manat olan «İphone 8 Space Gray» markalı 1 (bir) ədəd telefon almışdır. İlkin ödəniş olaraq 244 manat, sonradan isə 28 dekabr 2018-ci il tarixdə 110 manat, 29 yanvar 2019cu il tarixdə 112 manat, 30 iyun 2020-ci il tarixdə 200 manat, 12 avqust 2020-ci il tarixdə 40 manat, 15 sentyabr 2020-ci il tarixdə 50 manat, 07 noyabr 2020-ci il tarixdə 50 manat, 07 dekabr 2020-ci il tarixdə 50 manat, 08 yanvar 2021-ci il tarixdə 20 manat, 09 iyul 2021ci il tarixdə 50 manat ödəmişdir. Müqavilənin şərtlərinə əsasən, cavabdeh 12 ay ərzində ödəmək şərti ilə alınan telefonun dəyərini ödəməli idi, ancaq müqavilə imzalanan tarixdə ilkin ödəniş və yuxarıda qeyd olunan ödənişləri etdikdən sonra cavabdeh qalıq məbləğdən heç bir ödəniş etməmişdir. Cavabdehin cəmiyyətə bu günə olan borcu 638 manat təşkil edir. Dəfələrlə xəbərdar edilməsinə baxmayaraq cavabdeh üzrlü səbəblər olmadan qeyd olunan ümumi borcun ödənilməsi istiqamətində heç bir hərəkət etməmişdir. Mübahisənin məhkəmədən kənar qaydada həlli məqsədi ilə cavabdehə ərizə formasında qeydiyyatda olduğu ünvana pretenziya məktubu göndərilmiş, lakin məktub geri qaytarılmışdır. Bu səbəbdən də məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilir. İddiaçı X1 Cəmiyyətinin məhkəməyə ünvanladığı 11.10.2021-ci il tarixli ərizəyə əsasən iddiaçı məhkəmə iclaslarına nümayəndəsinin iştirakı olmadan baxılıb iddia tələbinin təmin edilməsi qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Satıcı Ultratek MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 28.11.2018-ci il tarixli, ******* saylı müqavilədən və onun ayrılmaz hissəsi olan ödəniş cədvəlindən görünür ki, Hüseynli X2 MMC-dən 1320 manat dəyərində olan əşyanı almışdır. -28.11.2018-ci il tarixli, ******* saylı müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borcunu bir ay sonradan, yəni 28.12.2018-ci il tarixdən başlayaraq, 28.11.2019-cu il tarixinədək hər ay banka 110.00 manat ödəməklə qaytarmalıdır. -24.08.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh Ultratek MMC ilə bağladığı 28.11.2018-ci il tarixli, ******* saylı müqaviləyə əsasən, 10.08.2021-ci il tarixinə 638 manat borcu hesablanmışdır. -28.11.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 28.11.2018-ci il tarixli, ******* saylı müqaviləyə əsasən əşyanı Ultratek MMC-dən tam qüsursuz halda təhvil almışdır. -Ödəniş qəbzlərindən görünür ki, Cavabdeh 28.11.2018-ci il tarixli, ******* saylı müqaviləyə əsasən 28 noyabr 2018-ci il tarixdə 75 manat, 28 dekabr 2018-ci il tarixdə 110 manat, 29 yanvar 2019-cu il tarixdə 112 manat, 30 iyun 2020-ci il tarixdə 200 manat, 12 avqust 2020-ci il tarixdə 40 manat, 15 sentyabr 2020-ci il tarixdə 50 manat, 07 noyabr 2020-ci il tarixdə 50 manat, 07 dekabr 2020-ci il tarixdə 50 manat, 08 yanvar 2021-ci il tarixdə 20 manat, 09 iyul 2021-ci il tarixdə 50 manat ödəmişdir. -Ultratek MMC tərəfindən Cavabdeh ünvanlanmış 10.08.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, alıcıya müqavilə üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Asan-Sumqayıt tərəfindən verilmiş 10.06.2018-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİnin Maps şöbəsi tərəfindən verilmiş 22.07.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllə ünvanında qeydiyyatdadır. Mülki Məcəllənin: 6.2 maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1. maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

445. maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1. maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarında olan və tədqiq edilmiş sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçı Ultratek MMC ilə bağladığı 28.11.2018-ci il tarixli, ******* saylı müqaviləyə əsasən müqavilə üzrə qiyməti müəyyən edilmiş əşyanı almış və həmin əşyanın dəyərini vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürsə də öhdəliklərini icra etmədiyindən kreditor qarşısında 638 manat borcu yaranmışdır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək, qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddia ərizəsi təmin edilməli, 28.11.2018-ci il tarixli, ******* saylı müqavilə üzrə 638 manat ödənilməmiş əsas, 30 manat dövlət rüsumu olmaqla cəmi 668 manat borcun əvəzi Cavabdeh Ultratek MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5. maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220 və 222.2ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi təmin edilsin. 28.11.2018-ci il tarixli, ******* saylı müqavilə üzrə 638 (altı yüz otuz səkkiz) manat borc və 30 (otuz) manat dövlət rüsumu olmaqla cəmi 668 (altı yüz altmış səkkiz) manat pul vəsaiti Cavabdeh iddiaçı Ultratek MMC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar