Məhkəmə qərarları › İş №2(012)-5233/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5233/2022

09.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5233/2022 09.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı əsas, faiz və cərimə borcunun qaytarılması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, bankın xeyrinə Cavabdeh 5633,13 ABŞ dolları əsas, 313,74 ABŞ dolları faiz və 0,13 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 5947 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun əvəzinin tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 05 aprel 2016-cı il tarixli 2(012)-2944/2016 saylı əmri ilə borclu Cavabdeh kreditor "xxxx" KB ASC-nin xeyrinə cəmi 5947 ABŞ dolları məbləğində borcun (ödəniş anında manat məzənnəsi ilə) və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaitinin tutulması əmr edilmişdir. Borclu Cavabdeh əmrə etiraz etmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-2944/2016 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-2944/2016 saylı əmri ləğv edilmiş, işə iddia icraatı qaydasında mahiyyəti üzrə baxılması qərara alınmışdır. İddia tələbi bununla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 48 ay müddətinə, illik 26 % tətbiq edilməklə 6400 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank müqavilə üzrə öhdəliklərini tamamilə yerinə yetirsə də, Cavabdeh öz öhdəliklərini icra etməmiş, bunun nəticəsində onun xx.xx.2016-cı il tarixə 5633,13 ABŞ dolları əsas, 313,74 ABŞ dolları faiz və 0,13 ABŞ dolları olmaqla, cəmi 5947 ABŞ dolları borcu yaranmışdır. Mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün bir sıra cəhdlər edilsə də, nəticəsi olmamışdır. Göstərilənlərə əsasən qeyd edilən məbləğdə pul alınaraq "xxxx" ASCnin xeyrinə ödənilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi-vəkili Nümayəndə1 bildirdi ki, tələb edilən borcla razı deyil, çünki cavabdehin borcu ölkə Prezidentinin məlum Fərmanına əsasən dövlət tərəfindən kompensasiya edilmiş və vəsait banka ödənilmişdir. Həmin borcun yenidən vətəndaşdan tələb edilməsi əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. xx.xx.2022-ci il tarixdə iddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə iddiaçı "xxxx" ASC-nin İddiaçı2 MMC ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin qərarı ilə ərizə təmin edilməmişdir. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli, 10291nkADJ/14 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 26 % tətbiq edilməklə 6400 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli, 10291nkADJ/14 saylı kredit müqaviləsi üzrə "xxxx" ASCyə həmin tarixə 5633,13 ABŞ dolları əsas, 313,74 ABŞ dolları faiz və 0,13 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 5947 ABŞ dolları təşkil edir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, qeyd edilən kredit borcu ilə bağlı bank tərəfindən borcluya xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli hesabdan çıxarış məlumatından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli, 10291nkADJ/14 saylı kredit müqaviləsi üzrə borcu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən 2905,15 manat məbləğində kompensasiya edilmişdir. Qalıq borc yoxdur. İş materiallarında olan 02/21 UB saylı, xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" ASC ilə İddiaçı2 MMC arasında borc qalıqlarına dair irəli sürülə bilən tələblər üzrə bütün hüquqlar yeni tələbkara satılması barədə razılıq əldə edilmişdir. Müqaviləyə əlavə edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, “X1” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı olan 1506,26 ABŞ dolları tələb hüququ İddiaçı2 MMC-yə satılmışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, “X1” ASC hazırki tələblə bağlı hüququnu xx.xx.2021-ci il tarixdən İddiaçı2 MMC-yə satdığından onun hazırda məhkəmədə bu barədə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Məhkəmənin qənaətinə görə hazırki tələblə məhkəməyə müraciət etmək üçün “X1” ASC-nin subyektiv hüququ xx.xx.2021-ci ildən mövcud deyildir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Hazırki halda, "xxxx" ASC məhkəmə iclasında cavabdehin onun hansı hüquqlarını pozmasını sübuta yetirə bilməmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh vaxtilə "xxxx" ASC-dən kredit götürərək borclu qalsa da, bu borcu hazırda ondan İddiaçı2 MMC tələb edə bilər. Mülki iş üzrə bir neçə məhkəmə iclası təyin edilsə də, "xxxx" ASC qanunla nəzərdə tutulmuş müddət daxilində özünün əsl iddiaçı ilə əvəz olunması mexanizmindən istifadə etməmişdir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, hazırki iş üzrə iddiaçının hüququ Cavabdeh tərəfindən pozulmadığından o, hazırki tələblə bağlı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi iddiaçının hüququ pozulmadığından onun müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməyən iddiaçının məlum kredit müqaviləsi üzrə Cavabdeh onun xeyrinə borcun tutulması barədə tələbi hazırki mərhələdə təmin edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “Affirmanti, non neganti, incumbit probatio” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa İnsan Hüquqları Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, “məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Beləliklə, məhkəmə işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Mülki-Prosessual Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı "xxxx" ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 20 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı əsas, faiz və cərimə borcunun qaytarılması barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar