Məhkəmə qərarları › İş №2(012)-524/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-524/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-524/2021 13.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 13 aprel 2021-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 281,85 ABŞ dolları əsas borc, 330,37 ABŞ dolları faiz, 131,14 ABŞ dolları cərimə, 43,42 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikasının MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla cəmi 786,68 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh arasında bağlanmış 08.07.2015-ci il tarixli, XRD**********9790002 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə, illik faiz dərəcəsi 22 % ödənilmək şərtilə 3430 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci maddəsinə əsasən borcalan Cavabdeh bankdan aldığı krediti və hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Qeyd olunanlara əsasən, o, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 08.07.2015-ci il tarixli, XRD**********9790002 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə illik 22 % dərəcəsi ilə 3430 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 02 iyul 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə 08.07.2015-ci il tarixli, XRD**********9790002 saylı kredit müqaviləsi üzrə 281,85 ABŞ dolları əsas borc, 330,37 ABŞ dolları faiz, 131,14 ABŞ dolları cərimə, 43,42 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla cəmi 786,68 ABŞ dolları borcu vardır. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi Cavabdeh ləğv prosesində olan İddiaçı ASCdən 08.07.2015-ci il tarixli, XRD**********9790002 saylı kredit müqaviləsinə əsasən borc götürmüş və həmin məbləği müqavilədə qeyd olunan qaydada qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1, 445.2, 445.2.1 və 445.2.2-ci maddələrinin ümumi məzmununa əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə iddiaçının cavabdehdən Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 43,32 ABŞ dolları məbləğində borcun tələb etməsi ilə bağlı hesab edir ki, bu tələbin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, borclu Cavabdeh bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 281,85 ABŞ dolları əsas borc üzrə hesablanmış 131,14 ABŞ dolları məbləğində cərimə borcunun (dəbbə pulunun) azaldılaraq 5 ABŞ dolları məbləğində saxlanılmasını qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Bunlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 08.07.2015ci il tarixli, XRD**********9790002 saylı kredit müqaviləsinə əsasən 281,85 ABŞ dolları əsas borc, 330,37 ABŞ dolları faiz, 5 ABŞ dolları cərimə, 43,42 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikasının MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla cəmi 660,64 ABŞ dolları məbləğində borcun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 08.07.2015-ci il tarixli, XRD**********9790002 saylı kredit müqaviləsi üzrə 281,85 ABŞ dolları əsas borc, 330,37 ABŞ dolları faiz, 5 ABŞ dolları cərimə, 43,42 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikasının MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla cəmi 660,64 ABŞ dolları məbləğində borc və ya ödəniş gününə Mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulub, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar