Məhkəmə qərarları › İş №2(012)-5241/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5241/2021

21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5241/2021 21.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.630,65 manat məbləğində əsas borc və 481,82 manat faiz borcu olmaqla, ümumilikdə 2.112,47 manat və 30,40 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli, 200804-486866/2 nömrəli kredit müqaviləsinə əsasən borcluya 30 ay müddətinə illik 29 % dərəcəsi ilə 2.000 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. 27 iyul 2021-ci il tarixinə borclunun kredit müqaviləsi üzrə 1.630,65 manat məbləğində əsas borcu və 481,82 manat faiz borcu olmaqla, ümumilikdə 2112,47 manat məbləğində kredit borcu yaranmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Bocralan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə yaranmış borc cavabdehdən tutulmalıdır. Ona görə də hazırkı tələblə məhkəməyə müraciət edilmişdir. Göstərilənlərə əsasən Cavabdeh 1.630,65 manat məbləğində əsas borc və 481,82 manat faiz borcu olmaqla, ümumilikdə 2.112,47 manat və 30,40 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbini müdafiə edib, işə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirdi ki, həqiqətən də İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 2019-cu il tarixdə kredit müqaviləsinə əsasən 2.000 manat məbləğində kredit götürmüşdür. İlk əvvəl aylıq kredit ödənişlərini vaxtında ödəsə də, sonradan pandemiya səbəbindən işsiz qaldığına görə kredit ödənişlərini ödəyə bilməmişdir. O, götürdüyü kredit məbləğinin qaytarılmasından boyun qaçırmır. İmkan edib borcunu hissəli şəkildə qaytaracaqdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsinə etiraz etmir. O, iddia tələbini qəbul etməsi barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 oktyabr 2019cu il tarixli, 200804-486866/2 nömrəli kredit müqaviləsindən görünür ki, bank borcalana 30 ay müddətinə illik 29 faiz dərəcəsi ilə şəxsi istehlak məqsədi ilə 2.000 manat məbləğində kredit vermiş, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 30 oktyabr 2019-cu il tarixli, 200804-486866/2 nömrəli kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş krediti və kreditdən istifadəyə görə faizləri hər ayın 30-u tarixdən gec olmayaraq 30 aprel 2022-ci il tarixədək banka hissə-hissə ödəməklə qaytarmalıdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 27 iyul 2021-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh 30 oktyabr 2019-cu il tarixli, 200804-486866/2 nömrəli krediti müqaviləsi üzrə İddiaçı ASC-yə 27 iyul 2021-ci il tarixinə 1.630,65 manat əsas və 481,82 manat faiz borcu olmaqla, cəmi 2.112,47 manat məbləğində borcu vardır. 04 may 2020-ci il tarixli xəbərdarlıq məktubunun surətindən və poçt qaiməsindən görünür ki, Cavabdeh banka olan borcun 5 (beş) gün müddətində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən xəbərdar olunmuşdur. 28 iyul 2021-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli, 200804-486866/2 nömrəli kredit müqaviləsinə əsasən bank cavabdehə 30 ay müddətinə illik 29 faiz dərəcəsi ilə şəxsi istehlak məqsədi ilə 2.000 manat məbləğində kredit vermişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, hazırda onun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə kredit müqaviləsinə əsasən 1.630,65 manat əsas, 481,82 manat faiz borcu yaranmışdır. Göründüyü kimi borclu Cavabdeh bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı müqaviləyə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1, 445.2, 445.2.1 və 445.2.2-ci maddələrinin ümumi məzmununa əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə hesab edir ki, borclu Cavabdeh bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, Cavabdeh 30 oktyabr 2019-cu il tarixli, 200804- 486866/2 nömrəli kredit müqaviləsi üzrə 1.630,65 (min altı yüz otuz manat, altmış beş qəpik) manat məbləğində əsas borc və 481,82 (dörd yüz səksən bir manat, səksən iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2.112,47 (iki min yüz on iki manat, qırx yeddi qəpik) manat tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyinə görə iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat pul vəsaitinin əvəzi cavabdehdən tutulub iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 30 oktyabr 2019-cu il tarixli, 200804-486866/2 nömrəli kredit müqaviləsi üzrə 1.630,65 (min altı yüz otuz manat, altmış beş qəpik) manat məbləğində əsas borc və 481,82 (dörd yüz səksən bir manat, səksən iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 2.112,47 (iki min yüz on iki manat, qırx yeddi qəpik) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar