Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5254/2023 29.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Abıyev Elnur Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Sərdərağa oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sərdərağa oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikahından 28 iyun 2007-ci ildə anadan olmuş X1 üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-3272/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş hər ay üçün 193 manat aliment məbləğinin artırılaraq 250 manat müəyyən edilməsi və mediasiya xidmət haqqı kimi ödədiyi 50 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020cu il tarixli, 2(056)-130/2010 saylı qətnaməsinə əsasən nikaha xitam verilməsi, birgə nikahdan anadan olmuş xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X2 onun himayəsinə verilməsi, uşaqların yetkinlik yaşına çatanadək saxlanmalarından ötrü onun xeyrinə cavabdehdən hər ay hər uşaq üçün 50 manat olmaqla, ümumi 100 manat sabit pul məbləğində alimentin tutularaq ödənilməsi müəyyən edilmişdir. Bundan sonra Sabirabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(056)-431/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat miqdarında alimentin onun xeyrinə verilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-3272/2022 saylı qətnaməsi ilə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2028-ci il tarixli qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrimə hər ay 193( yüz doxsan üç) manat sabit pul məbləğində alimnetin tutulması qət edilmişdir. Bildirir ki, həmin aliment məbləği 2022- ci ildə müəyyən edilmiş yaşayış minimumu nəzərə alınmaqla tutulmuşdur. Uşaq böyümüş, inkişaf etməsi üçün məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023- cü ildə hər uşaq üçün 220 (iki yüz iyirmi) manat müəyyən edilmişdir. Həmin məbləğ də uşağın düzgün inkişafı üçün yetərli deyildir. Uşağın bütün qayğısını, ehtiyacını demək olar ki, o, çəkir. Uşağın həm təlim-tərbiyəsi, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Onun olduğu kimi sadəcə ayda uşağa görə 193 manat ödəməklə uşağın inkişafına yardım göstərmək qeyrimümkün haldır. Tək valideyn kimi qeyd olunan məbləğlə uşağın maddi tələbatını qarşılamaq və onun yetərli qaydada inkişafını təmin etmək mümkün deyildir. Maddi vəziyyəti ağırdır. Buna görə də alimentin artırılması ilə bağlı iddia qaldırmaq məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh Sərdərağa oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddaçının izahatını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli, 2(056)-130/2010 saylı qətnaməsinə əsasən nikaha xitam verilməsi, birgə nikahdan anadan olmuş xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X2 onun himayəsinə verilməsi, uşaqların yetkinlik yaşına çatanadək saxlanmalarından ötrü onun xeyrinə cavabdehdən hər ay hər uşaq üçün 50 manat olmaqla, ümumi 100 manat sabit pul məbləğində alimentin tutularaq ödənilməsi müəyyən edilmişdir. Mülki işin materiallarından olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3272/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilmiş, Sabirabad rayon məhkəməsinin xx.xx.2018-ci il tarilxi, 2(056)-431/2018 saylı qətnaməsilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Sərdərağa oğlundan İddiaçı xeyrinə hər ay 193 manat alimentin tutulması qət edilmişdir. Şirvan RPŞ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZE № 12605825 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2007-ci il tarixdə anadan olmuş, atası Rail Hacıyev, anası Esmira Hacıyevədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı əvvəlki qətnamə ilə təyin edilmiş 193 manat sabit aliment məbləğinin hazırda övladının saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaq iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. İddiaçı alimentin miqdarının 250 manat miqdarında artırılmasını tələb edir. Məhkəmə birgə nikahdan doğulmuş Türkan adlı azyaşlı uşağın mənafeyini, normal inkişaf etməsini, əvvəlki təminat səviyyəsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-3272/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş 193 manat sabit pul məbləğində aliment qismən artırılmalı, alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, mediasiya prosesi üçün ödənilmiş 50 manat pul Cavabdeh Sərdərağa oğlundan tutularaq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-3272/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. Tərəflərin birgə nikahından 28 iyun 2007-ci ildə anadan olmuş X1 üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-3272/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş hər ay üçün 193 manat aliment məbləği artırılaraq 220 manat aliment tutulsun. Cavabdeh Sərdərağa oğlundan tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hazırki mübahisə üzrə mediasiya prosesi üçün ödənilmiş 50 manat pul Cavabdeh Sərdərağa oğlundan tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №2(012)-5254/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5254/2023
29.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver