Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5267/2021 11.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı ABC X3 Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ABC X3 Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ABC Telecom MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 25.12.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung Led televizor üçün 2079 manat ödənilməmiş hissə, 586 manat dəbbə pulu olmaqla, ümumilikdə, 2665 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ABC X3 Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ABC X3 Cəmiyyətinin nümayəndəsi X4 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 25.12.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung LED televizor almış və nəticədə 2665 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqısatqı qiyməti 2079 manat (18 ay x 115 manat 50 qəpik + 0 manat ilkin ödəniş) Samsung LED televizor üçün ümumilikdə, 2665 manat olmaqla ondan, 2079 manat ödənilməmiş hissə, 586 manat dəbbə pulu hesablanmışdır. Cavabdeh müqavilə üzrə ödəniş etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 25.12.2019-cu il tarixli, 01157052 saylı müqavilədən və onun ayrılmaz hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən 25.01.2020-ci il tarixdən 25.06.2021-ci il tarixədək hər ay 115.5 manat ödəniş etməklə əşya almışdır. -02.06.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ABC Telecom MMC ilə bağladığı 25.12.2019-cu il tarixli müqaviləyə əsasən, 2079 manat (18 ay x 115 manat 50 qəpik + 0 manat ilkin ödəniş) Samsung LED televizor üçün ümumilikdə, 2665 manat olmaqla ondan, 2079 manat ödənilməmiş hissə, 586 manat dəbbə pulu hesablanmışdır. -25.12.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 25.12.2019-cu il tarixli, 01157052 saylı müqaviləyə əsasən əşyanı ABC Telecom MMC-dən tam qüsursuz halda təhvil almışdır. -ABC Telecom MMC tərəfindən Cavabdeh ünvanlanmış 22.05.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, alıcıya əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğlərini qısa bir zamanda ABC Telecom MMC-yə ödəməsi, əks təqdirdə müvafiq olaraq aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 23.12.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 6 ünvanında qeydiyyatdadır. Mülki Məcəllənin: 6.2 maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1. maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
445. maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1. maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarında olan və tədqiq edilmiş sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçı ABC Telecom MMC ilə bağladığı 25.12.2019-cu il tarixli, 01157052 saylı müqaviləyə əsasən müqavilə üzrə qiyməti müəyyən edilmiş əşya almış və həmin əşyanın dəyərini vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürsə də öhdəliklərini icra etmədiyindən kreditor qarşısında 2079 manat borcu yaranmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən içranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Göstərilənlərə əsasən, məhkəmə bağlanmış 25.12.2019-cu il tarixli 01157052 nömrəli müqavilə üzrə 2079 manat ödənilməmiş əsas borca hesablanmış 586 manat cərimənin azaldılaraq 50 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək, qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, 25.12.2019-cu il tarixli, 01157052 saylı müqavilə üzrə 2079 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu olmaqla cəmi 2129 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh ABC Telecom MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5. maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220 və 222.2ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. 25.12.2019-cu il tarixli, 01157052 saylı müqavilə üzrə 2079 (iki min yetmiş doqquz) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu olmaqla cəmi 2129 (iki min yüz iyirmi doqquz) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh iddiaçı ABC Telecom MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov.