Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5291/2022 14.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi, onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi şəxsin itkin düşməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, atası – xx.xx.1955-ci il təvəllüdlü X2 xx.xx.1995-ci il tarixdən itkin düşməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1955-ci il təvəllüdlü atası X6 xx.xx.1995-ci il tarixdə Abşeron rayonunun Görədil kəndində dənizdə motorsuz, adi rezin qayıqla itkin düşmüşdür. Artıq 27 ildir ki, ondan heç bir xəbər yoxdur. Ondan miras qalmış əmlaklara dair vərəsəlik işi ilə bağlı 04 may 1955-ci il təvəllüdlü X2 itikin düşməsi faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Atasının itkin düşməsi ilə bağlı Abşeron Rayon Polis İdarəsinə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etməsinə baxmayaraq, bu günədək cavab ala bilməmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi, həmçinin onun vəkili və nümayəndəsi Vəkil ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Mаrаqlı şəхs Abşeron rayon Polis İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini, onun vəkili-nümayəndəsini və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10, X7, X13, X3 və X4 ifadələrində ərizəçinin atası - xx.xx.1955-ci il təvəllüdlü X2 xx.xx.1995-ci il tarixdə Abşeron rayonunun Görədil kəndində dənizdə motorsuz, adi rezin qayıqla itkin düşdüyünü təsdiq etdilər. Mülki Prosessual Məcəllənin 313-cü maddəsinə görə ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - 334736 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci il tarixdə doğulmuşdur. X1r. - 605742 saylı pasportun surətindən görünür ki, X6 xx.xx.1955-ci il tarixdə Abşeron rayonunun Goradil kəndində doğulmuşdur. - 407264 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1955-ci il tarixdə Abşeron rayonunun Goradil kəndində doğulmuşdur. - ******* saylı hərbi biletin surətindən görünür ki, X6 oğlu Abşeron rayon Hərbi Komissarlığında qeydiyyatda olmuşdur. - Ərizəçi ərizəsindən görünür ki, o, xx.xx.1955-ci il tarixdə Abşeron rayonunun Goradil kəndində doğulmuş atası X2 itikin düşməsilə bağlı Abşeron rayon Polis İdarəsinə müraciət etmişdir. - Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X2 adına “ölüm haqqında tibbi şəhadətnamə” verilməsi ilə bağlı müraciətə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3 bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s. ) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. N.Begiyevin ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. - Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli 05/Q-574/15 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmiş və Abşeron rayon qeydiyyat şöbəsi aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. - xx.xx.2022-ci il tarixli, 222 saylı arayışdan görünür ki, X6 xx.xx.1995-ci il tarixinədək Abşeron rayonu, Görədil kəndi, Əzizbəyov küçəsi, d 2/2 saylı evdə yaşamışdır. - Görədil kənd İƏD üzrə nümayəndəliyin təsdiq etdiyi, K.A.Abasov, İ.Ş.Qənbərova və K.B.Quliyevin tərtib etdikləri aktdan görünür ki, X6 xx.xx.1995-ci il tarixinədək Abşeron rayonu, Görədil kəndində yaşamışdır. Həmin tarixdən onu bu ünvanda görməmişlər. Məhkəmə iclası zamanı müəyyən olundu ki, Ərizəçi atası xx.xx.1955-ci il təvəllüdlü X2 xx.xx.1995-ci il tarixdə Abşeron rayonunun Görədil kəndində dənizdə motorsuz, adi rezin qayıqla itkin düşməsini bildirmiş və bu faktın məhkəmə qaydasında təsdiq edilməsini xahiş etmişdir. Şahid ifadələri ilə qeyd edilən hal təsdiq edilsə də, məhkəmə bu ifadələrə tənqidi yanaşır. İşdən görünür ki, N.Begiyevin itkin düşməsi ilə bağlı onun ailə üzvləri vaxtında hüquq-mühafizə orqanlarına müraciət etməmişlər. Ərizədən görünür ki, Ərizəçi bu barədə polis orqanlarına yalnız xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə bu hala şübhə ilə yanaşır və belə hesab edir ki, hazırki ərizə N.Begiyevin xx.xx.1995-ci il tarixdə itkin düşməsi faktının təsdiq edilməsi üçün kifayət qədər əsaslandırılmamışdır. Məhkəmə işdəki sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər bu faktın təsdiqi və ərizənin təmin edilməsi üçün sübut kimi kifayət etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi şəxsin itkin düşməsi faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-5291/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5291/2022
14.12.2022 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver