Məhkəmə qərarları › İş №2(012)-5295/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5295/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5295/2021 13.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Bank VTB (Azərbaycan) ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 23.06.2020-ci il tarixli 291039-1- 33618 saylı Nağd pul krediti müqaviləsi Cavabdeh əsas borca görə 1656,71 manat, faiz borcuna görə 144,64 manat, cərimə borcuna görə 118,80 manat olmaqla cəmi 1920,15 manat borcun və 30,40 manat dövlət rüsumunun Bank VTB (Azərbaycan) ASC-nin хeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23.06.2020-ci il tarixli 291039-1- 33618 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh illik 21 faiz hesablanması şərti ilə 36 ay müddətinə 2000 manat kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və nəticədə cavabdehin banka 1656.71 manat əsas, 144.64 manat faiz və 118.80 manat cərimə borcu olmaqla, ümumilikdə 1920.15 manat borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kreditalanın vəzifəsidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. 13.10.2021-ci il tarixli teleqram ilə məhkəməyə müraciət etmiş Cavabdeh dörd ay bundan öncə Gəncədəki işindən çıxdığını, hazırda yenidən işə qayıtdığını, ayın 5-i tarixində maaş alacağını və həmin tarixə qədər borcunu ödəyəcəyini bildirib məhkəmə iclasında iştirak etməməsini üzrlü sayıb işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq) 739.1. və 739.2. maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Borcverən Bank VTB (Azərbaycan) ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 23.06.2020-ci il tarixli 291039-1-33618 saylı Nağd pul krediti müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh illik faiz dərəcəsi 21% olmaqla 36 ay müddətinə, 2000 manat kredit verilmişdir. -23.06.2020-ci il tarixli 291039-1-33618 saylı Nağd pul krediti müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borclarını bir ay sonradan, yəni 23.07.2020-ci il tarixdən başlayaraq, 23.06.2023-cü il tarixinədək hər ay banka 75.37 (sonuncu ay 75.58 manat) ödəməklə qaytarmalıdır. -23.06.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, bank tərəfindən Cavabdeh 1960 manat pul vəsaiti verilmişdir. -Bank VTB (Azərbaycan) ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh Bank VTB (Azərbaycan) ASC-yə olan borcu əsas borca görə 1656,71 manat, faiz borcuna görə 144,64 manat, cərimə borcuna görə 118,80 manat olmaqla cəmi 1920,15 manat təşkil edir. -Bank VTB (Azərbaycan) ASC tərəfindən borcalan Cavabdeh ünvanlanmış 22.06.2021-ci il tarixli pretenziyadan görünür ki, bank tərəfindən borcalana kredit müqaviləsi üzrə borc 3 iş günü müddətində ödənilmədiyi təqdirdə qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. -AA 899892 saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 03.06.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh Azərbaycan Respublikasının vətəndaşıdır və Abşeron rayonu Novxanı Ərazi Dairəsi Novxanı kəndində qeydiyyatdadır. -Dövlət rüsumunun ödənilməsinə dair mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin Məhkəməyə verilməsi üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir. Mülki Məcəllənin: 425.1. maddəsinə əsasən, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3. maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 741 və 742.1. maddələrinə əsasən əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. İşə əlavə olunmuş arayışdan, həmçinin, işin digər materiallarından görünür ki, kredit borcu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun banka əsas borca görə 1656,71 manat, faiz borcuna görə 144,64 manat, cərimə borcuna görə 118,80 manat olmaqla cəmi 1920,15 manat borcu yaranmışdır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin ödəmələri vaxtında icra etməməsi onun üzərinə 118,80 manat cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 23.06.2020-ci il tarixli 291039-1-33618 saylı Nağd pul krediti müqaviləsi üzrə 1656,71 manat əsas borc üzrə hesablanmış 118,80 manat məbləğində cərimənin azaldılaraq 5,00 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 119.1. maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Mülki Prosessual Məcəllənin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 23.06.2020-ci il tarixli 291039- 1-33618 saylı Nağd pul krediti müqaviləsi üzrə cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq ondan iddiaçının xeyrinə 1656,71 manat əsas, 144,64 manat faiz, 5,00 manat cərimə olmaqla, ümumilikdə cəmi 1806,35 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 23.06.2020-ci il tarixli 291039-1-33618 saylı Nağd pul krediti müqaviləsi üzrə 1656,71 (min altı yüz əlli altı manat yetmiş bir qəpik) manat əsas, 144,64 (yüz qırx dörd manat altmış dörd qəpik) manat faiz, 5,00 (beş) manat cərimə olmaqla, ümumilikdə cəmi 1806,35 (min səkkiz yüz altı manat otuz beş qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30,40 (otuz manat qırx qəpik) manat iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar