Məhkəmə qərarları › İş №2(012)-531/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-531/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-531/2021 13.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1329 manat məbləğində əsas borc, 3018,58 manat cərimə borcu, müqavilənin bitdiyi tarixdən 13.07.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 196,92 manat borc olmaqla ümumilikdə 4544,50 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini onunla əsaslandırdı ki, 15.07.2014-cü il tarixli, 109223 saylı ssuda hesablı kredit kartın verilməsi və istifadəsi müqaviləsinə əsasən Cavabdeh ləğv prosesində olan İddiaçı ASC tərəfindən 36 ay müddətinə 800 manat məbləğində kredit açmışdır. 06.01.2016-cı il tarixli əlavə sazişə əsasən kredit xəttinin limiti 1300 manat təyin edilmişdir. Müqavilənin müddəti 15.07.2017-ci il tarixdə bitsə də, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edir. 13.07.2020-ci il tarixinədək Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə 1329 manat məbləğində əsas borc, 3018,58 manat cərimə borcu, müqavilənin bitdiyi tarixdən 13.07.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 196,92 manat borc olmaqla ümumilikdə 4544,50 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Ona görə də, nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddianı qəbl etmir. İddiaçı ASC bağlandıqdan sonra hara ödəniş edəcəyini bilmədiyinə görə ödəniş edə biməmişdi. O, iddiaçı banka nə qədər borcu olduğunu bilmir. Ona yeni qrafik açılmasının və ona əsasən ödəniş etmək istəyir. İş materiallarında olan 15.07.2014-cü il tarixli, 109223 saylı ssuda hesablı kredit kartın verilməsi və istifadəsi müqaviləsindən görünür ki, bank tərəfindən buraxılmış “Dəmir Taksit” kredit kartının müştəriyə verilməsi, kart vasitəsilə kredit xəttinin açılması, müştəri tərəfindən isə kart vasitəsi ilə mallar, iş və xidmətlər üzrə ödənişlərin yerinə yetirilməsi, nağd pul vəsaitinin əldə edilməsi, habelə kredit xətti üzrə öhdəliklərin yerinə yetirilməsi üzrə əməliyyatların həyata keçirilməsi barədə öhdəlikləri öz üzərinə götürmüşdür. Bank müştəri üçün 24 ay müddətinə kredit buraxmışdır. Bank tərəfindən buraxılmış kart bankın xüsusi mülkiyyətidir. Bank müştəriyə 800 manat məbləğində kredit xətti açmışdır. İş materiallarında olan 21 iyul 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış 15.07.2014-cü il tarixli, 109223 saylı ssuda hesablı kredit kartın verilməsi və istifadəsi müqaviləsi üzrə 13.07.2020-ci il tarixinə 1329 manat məbləğində əsas borc, 3018,58 manat cərimə borcu, müqavilənin bitdiyi tarixdən 13.07.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 196,92 manat borc olmaqla ümumilikdə 4544,50 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında 15.07.2014-cü il tarixli, 109223 saylı ssuda hesablı kredit kartın verilməsi və istifadəsi müqaviləsi imzalanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Cavabdeh ilə iddiaçı arasında bağlanılmış 15.07.2014-cü il tarixli, 109223 saylı ssuda hesablı kredit kartın verilməsi və istifadəsi müqaviləsi üzrə cavabdeh (borcalan) üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı geçikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 15.07.2014-cü il tarixli, 109223 saylı ssuda hesablı kredit kartın verilməsi və istifadəsi müqaviləsinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında qaytarmadıqda, gecikdirilən gündən gecikdirilən məbləğə görə hesablanmış cərimə ödəyir. Göründüyü kimi, tərəflər cərimə pulunun (dəbbə) ödənilməsini müqavilə ilə müəyyən etmişlər. Lakin, məhkəmə cərimənin tənasübsüz surətdə yüksək hesablandığı qənaətinə gəlir və hesab edir ki, cərimə pulu hissəsində iddia qismən təmin edilməli və bu məbləğ 100 manat məbləğində olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilatın məhkəməyə müraciət etmək üçün ödədiyi 30 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 11,14 manat cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1329 manat məbləğində əsas borc, 100 manat cərimə borcu, müqavilənin bitdiyi tarixdən 13.07.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 196,92 manat borc olmaqla ümumilikdə 1688,92 manat borc və 11,14 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar