Məhkəmə qərarları › İş №2(012)-5311/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5311/2021

21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5311/2021 21.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, maddi zərər kimi 12000 manat, mənəvi zərər kimi 5000 manat, 31 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 17031 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək maddi zərər kimi 7300 manat, mənəvi zərər kimi 5000 manat, 31 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 12331 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayon Məhkəməsinin 09.10.2019-cu il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Belə ki, cavabdeh aldatma və etibardan sui-istifadə etmə yolu ilə talamaq məqsədi ilə 2017-ci ilin iyul ayında ona Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllədə keçmiş Mebel fabrikinin yataqxanaları ilə 7 saylı yaşayış evinin arasında yerləşən, Abşeron rayon Xırdalan Bələdiyyəsinin mülkiyyətində olan 0.03 ha torpaq sahəsini özünə məxsus torpaq sahəsi kimi təqdim edib satacağı adı ilə “Qoşa Çinar” kafesində 2017-ci ilin sentyabr ayında 6000 manat, 2017-ci ilin oktyabr ayında 2000 manat, 2017-ci ilin noyabr rayında 2000 manat və 2018-ci ilin iyul ayında həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün 2000 manat, ümumilikdə isə 12000 manat pulu alıb ələ keçirərək dələduzluq etmişdir. Hazırda o, cavabdehdən maddi ziyana görə 7300 manat pul vəsaitinin tutulmasını xahiş edir. Belə ki, cavabdeh tərəfindən ona maddi ziyana görə 4700 manat pul vəsaiti ödənilmişdir. Bu səbəbdən də iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Beləliklə, cavabdehin əməlləri nəticəsində o, mənəvi sarsıntı da keçirmişdir ki, həmin məbləği də 5000 manat dəyərində qiymətləndirir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 24.11.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında İddiaçı olan borcunu ödədiyini, onun iddiaçıya heç bir borcunun qalmadığını bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin iddia tələbinə dair münasibətini, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Abşeron rayon Məhkəməsinin 09.10.2019-cu il tarixli 1(012)-458/2019 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, təqsirləndirilən şəxs Cavabdeh barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minənədək dəyişdirilməsi qərara alınmışdır. Hökmdən daha sonra görünür ki, Cavabdeh özgə əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə talamaq məqsədilə 2017-ci ilin iyul ayında İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllədə, keçmiş Mebel fabrikinin yataqxanaları ilə 7 saylı yaşayış evinin arasında yerləşən, Abşeron rayon Xırdalan Bələdiyyəsinin mülkiyyətində olan 0,03 ha torpaq sahəsini özünə məxsus torpaq sahəsi kimi təqdim edib, satacağı adı ilə aldadaraq, sonuncunun icarə əsasında işlətdiyi Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən, “Qoşa Çinar” kafesində 2017-ci ilin sentyabr ayında 6000 manat, 2017-ci ilin oktyabr ayında 2000 manat, 2017-ci ilin noyabr ayında 2000 manat və 2018-ci ilin iyul ayında həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün 2000 manat, ümumilikdə 12000 manat məbləğində pulunu alıb ələ keçirərək, sonuncuya qarşı dələduzluq etmişdir. Hökmdən daha sonra görünür ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər Xırdalan şəhərindəki kafeləri icarə əsasında işlətməklə məşğul olmuşdur. Eyni zamanda boş vaxtlarında torpaq alqı-satqısı ilə də məşğul olmuşdur. Təxminən 5 il əvvəl Xırdalan şəhəri, 27-ci məhəllədə, keçmiş mebel fabrikinin yataqxanası ilə oradakı 7 saylı beşmərtəbəli yaşayış evinin arasındakı 2.5 sot boş torpaq sahəsini dəmir torla hasara almış və satmaq istədiyini bildirən lövhə asmışdır. Təxminən 2 il əvvəl, yəni 2017-ci ilin iyul ayında tarixini dəqiq xatırlamadığı gündə polis sahə inspektoru Sərxan Həsənov ona Xırdalan şəhərində xidmət apardığı ərazidə “Qoşa Çinar” kafesini işlədən İddiaçı ev tikmək üçün torpaq sahəsi almaq istədiyini bildirdikdən sonra Faiqin işlətdiyi həmin kafeyə getmiş, sonuncu onunla birlikdə satmaq istədiyi yerə baxıb bəyəndikdən sonra ondan torpaq sahəsinin hansı ölçüdə olmasını və neçəyə satmaq istədiyini soruşmuşdur. Torpaq sahəsinin 2,5 sot olduğunu, lakin hasara alarkən bir az genişləndirib 03 sot etmək mümkün olduğunu söyləmiş və torpaq sahəsini 25000 manata satmaq istədiyini bildirmişdir. Bundan sonra Faiq torpaq sahəsinin sənədinin olubolmadığını soruşduqda, sonuncuya sənədin olmadığını söyləyib, həmin torpağı sənədləşməsi ilə birlikdə 25000 manata satmaq istədiyini demişdir. Faiq bunu eşidən kimi sənədləşmə işinin onun qohumlarının edəcəyini bildirib, ondan torpağı sənədsiz neçəyə satdığını soruşmuş, həmin torpağı 12000 manata satdığını bildirmişdir. Faiq onun söylədiyi məbləğlə razılaşmış və həmin puldan ilkin olaraq ona 1700 manat pul vermiş, qalan pulu da bir ay ərzində hissə-hissə olmaqla verəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Faiq onu işlətdiyi kafeyə çağırmış, həmin kafeyə getmiş və əvvəldən makler kimi tanıdığı Raufun onun yanında olduğunu görmüşdür. Faiq Raufu ona göstərib, aldığı torpaq sahəsinin sənədləşməsi üçün çağırdığını bildirmişdir. Birlikdə çay içib, bir neçə dəqiqə söhbət etdikdən sonra Faiq əlavə 1000 manat pulu Raufun yanında ona vermiş, pulu alıb oradan getmişdir. Bundan təxminən bir həftə sonra, tarixini dəqiq xatırlamadığı gündə, axşamüstü Faiq onun Xırdalan şəhəri, H.Əliyev prospektində işlətdiyi kafeyə gəlib, aldığı torpaq sahəsinin pulundan 2000 manat pulunu verib, qalan 7300 manatı 10-15 günə verəcəyini bildirib getmişdir. Bundan sonra Faiqdən bir xəbər çıxmadığını görüb sonuncunun işlətdiyi kafeyə getmiş, lakin onu tapa bilməyib telefonuna zəng etmiş, amma telefona zəng çatmadığına görə əlaqə yarada bilməmişdir. Həmin vaxt kafedə işləyənlər Faiqin artıq həmin kafedə işləmədiyini demişlər. Faiqi tapıb qalan pulunu almaq üçün həmin kafeyə bir neçə dəfə getsə də onu tapa bilməmişdir. Az sonra Faiqin polis tərəfindən axtarıldığını eşitmiş, bundan sonra sonuncuya zəng etməmişdir. Bundan təxminən 1 il, 8 ay sonra, yəni 2019-cu ilin fevral ayının ortalarında sonradan adını bildiyi Mənsurə oğlu ilə birlikdə onun işlətdiyi kafeyə gəlib, ondan 2 il əvvəl torpaq alan Faiqin arvadı olduğunu bildirmiş və onlara satdığı torpaq sahəsində Abşeron rayon, Xırdalan Bələdiyyəsi tərəfindən sakinlərin istirahət etmələri üçün park salındığını söyləmişdir. Həmin parkın 4-5 ay əvvəldən salındığını bildikdən sonra bunu xəbər vermək üçün Faiqi tapa bilmədiyini söylədikdə, Mənsurə Faiqin həbsdə olduğunu bildirib, həmin torpaq sahəsini almaq üçün əri Faiqə 12 min manat pul verdiyini söyləmiş və ondan həmin məbləğdə pulu qaytarmağını tələb etmişdir. Mənsurəyə əri Faiqdən torpaq sahəsinə görə hissə-hissə cəmi 4700 manat pul aldığını desə də, lakin Mənsurə torpaq sahəsini almağa görə əri Faiqə 12000 manat pul verdiyini deyib, həmin məbləğdə pulu qaytarmayacağı halda ondan polisə şikayət edəcəyini söyləmişdir. Hazırda zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı yəni 4700 manat pulu tam ödəmişdir. Törətdiyi əməldən peşmançılıq hissi keçirir. -Ağcabədi RPŞ tərəfindən verilmiş 27.06.2016-cı il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əzimzadə X2 şəhəri N.Abdullayev küçəsi 19 saylı evdə qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Abşeron rayonu Masazır kəndində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında alqı-satqı münasibətlərindən irəli gələn mübahisə yaranmış, belə ki, torpaq sahələrinin alqı-satqısı ilə məşğul olmuş Cavabdeh müxtəlif vaxtlarda torpaq sahəsinin iddiaçıya satılması müqabilində İddiaçı pul məbləğləri almış, lakin vədinə əməl etməyərək aldatma və etibardan sui-istifadə edilməsi yolu ilə sonuncuya qarşı dələduzluq etmişdir. Cavabdehin təqsiri Abşeron rayon Məhkəməsinin 09.10.2019-cu il tarixli 1(012)- 458/2019 saylı hökmü ilə sübuta yetirilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Abşeron rayon Məhkəməsinin 09.10.2019-cu il tarixli 1(012)-458/2019 saylı hökmünə əsasən, həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində çıxış edən, hazırki iş üzrə isə iddiaçı olan İddiaçı mülki iddiaçı qismində tanınaraq ona mülki iddia icraatı qaydasında tələb etmək hüququ izah edilmişdir. Hazırda, İddiaçı həmin hökm əsasında təsdiqlənmiş qalıq borc olaraq 7300 manat pul vəsaitinin məhkəmə qaydasında tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 68-ci maddəsinə əsasən cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. 180.2.-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Mülki iş materiallarında olan Abşeron rayon Məhkəməsinin 09.10.2019-cu il tarixli 1(012)-458/2019 saylı hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilərək İddiaçı 7300 manat borc pulunun qalması sübuta yetirildiyindən hazırki iş üzrə iddiaçının mülki məhkəmə icraatı qaydasında məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Prosessual Məcəllənin 82.4. maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə tərəflərin izahatını, mülki iş materiallarına əlavə olunmuş Abşeron rayon Məhkəməsinin 09.10.2019-cu il tarixli 1(012)-458/2019 saylı hökmünü və qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, hökm əsasında İddiaçı zərərçəkmiş şəxs qismində tanındığından, hökmə əsasən cavabdehin iddiaçıya qarşı 7300 manat məbləğində dələduzluq etməklə təqsiri sübuta yerilərək cəza təyin edildiyindən və bununla da iddiaçıya 7300 manat maddi ziyan vurması öz təsdiqini tapdığından iddiaçının iddia tələbləri bu hissədə əsaslıdır, ona görə də təmin edilməlidir. Məhkəmə iddianın mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə isə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göstərilənə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində Mülki Prosessual Məcəllənin 77.1. maddəsinə müvafiq olaraq, iddiaçı tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından iddia tələbi həmin hissədə də əsassız hesab edilərək rədd edilməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə işin faktiki hallarına yuxarıda gəldiyi nəticələrə uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsaslı hesab olunaraq qismən təmin edilməli, Cavabdeh 7300 manat borc və 30 manat dövlət rüsumu olmaqla cəmi 7330 manat pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə

QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 7300 (yeddi min üç yüz) manat borc və 30 (otuz) manat dövlət rüsumu olmaqla cəmi 7330 (yeddi min üç yüz otuz) manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar