Məhkəmə qərarları › İş №2(012)-5320/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5320/2021

14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5320/2021 14.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı Unibank KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Unibank KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Unibank KB ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rаyоn Məhkəməsinə müraciət edərək Cavabdeh iddiaçı Unibank KB ASC-nin xeyrinə 02.10.2019-cu il tarixli 20779sADJ/19 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1812 manat, faiz borcuna görə 684,86 manat olmaqla cəmi 2496,86 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Unibank KB ASC-nin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı Unibank KB ASC ilə Cavabdeh arasında bağlanmış 02.10.2019-cu il tarixli 20779sADJ/19 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə qaytarmaq, illik 29,50% ödəmək şərtilə 2000 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcalana qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borcalan müqavilə şərtlərinə əməl etməyərək dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, cavabdehin 02.10.2019-cu il tarixli 20779sADJ/19 saylı kredit müqaviləsi üzrə Unibank KB ASC-yə 16.06.2021-ci il tarixə əsas borca görə 1812 manat, faiz borcuna görə 684,86 manat olmaqla cəmi 2496,86 manat borcu qalmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -Borcverən Unibank KB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 02.10.2019cu il tarixli 20779sADJ/19 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 36 ay müddətinə qaytarmaq, illik 29,50% ödəmək şərtilə 2000 manat kredit verməyi öhdəsinə götürmüşdür. -Unibank KB ASC-nin Cavabdeh ünvanladığı 05.10.2020-ci il tarixli, 08.05.2021-ci il tarixli bildirişindən müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borcunu 3 iş günü müddətində ödəmədiyi təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. -Unibank KB ASC-nin 16.06.2021-ci il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh 02.10.2019-cu il tarixli 20779sADJ/19 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1812 manat, faiz borcuna görə 684,86 manat olmaqla cəmi 2496,86 manat borcu vardır. -Asan-Sumqayıt tərəfindən verilmiş 26.07.2017-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİnin Maps şöbəsi tərəfindən verilmiş 11.06.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Hökməli qəsəbəsi Z.Əliyeva küçəsi 12A saylı evdə qeydiyyatdadır. Mülki Məcəllənin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Tərəflərin izahatından, tədqiq edilmiş sübutlardan və işin araşdırılan digər hallarından müəyyən olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, müqavilə şərtlərinə uyğun olaraq iddiaçı öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh öhdəliklərini pozmuş və nəticədə onun iddiaçıya cəmi 2496,86 manat borcu yaranmışdır. Müqavilə öhdəliklərinin pozulması və nəticədə borcun yaranması tədqiq edilmiş sübutlardan da öz təsdiqini tapır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı borclu Cavabdeh 02.10.2019-cu il tarixli 20779sADJ/19 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi öz təsdiqini tapdığından iddiaçının iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə, Mülki Prosessual Məcəllənin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 02.10.2019-cu il tarixli 20779sADJ/19 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1812 (min səkkiz yüz on iki) manat, faiz borcuna görə 684,86 (altı yüz səksən dörd manat səksən altı qəpik) manat olmaqla cəmi 2496,86 (iki min dörd yüz doxsan altı manat səksən altı qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat Unibank KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar