Məhkəmə qərarları › İş №2(012)-537/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-537/2022

02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-537/2022 02.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Unibank KB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Unibank KB Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 04.06.2020-ci il tarixli 944nkSUM/20 saylı kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 9567 manat əsas, 1228.68 manat faiz, 209.55 manat cərimə olmaqla cəmi 11005.23 manat borcun və iş üzrə ödənilmiş 123.45 manat dövlət rüsumunun Unibank KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Unibank KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 04.06.2020-ci il tarixli 944nkSUM/20 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə qaytarmaq, illik 10% ödəmək şərtilə 9567 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcalana qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borcalan müqavilə şərtlərinə əməl etməyərək dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, cavabdehin 04.06.2020-ci il tarixli 944nkSUM/20 saylı kredit müqaviləsi üzrə Unibank KB ASC-yə 13.10.2021-ci il tarixə 9567 manat əsas, 1228.68 manat faiz, 209.55 manat cərimə olmaqla cəmi 11005.23 manat borcu qalmışdır. Həmçinin, sözügedən müqavilə üzrə öhdəliklərin icrasının təmini üsulu kimi digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 bank qarşısında zamin dayanmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı Unibank KB ASC-nin məhkəməyə ünvanladığı 02.02.2022-ci il tarixli ərizəyə əsasən iddiaçı məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 739.1. və 739.2. maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Kredit verən Unibank KB ASC ilə kredit alan Cavabdeh1, zaminlər Cavabdeh2, Cavabdeh3 arasında bağlanmış 04.06.2020-ci il tarixli 944nkSUM/20 saylı kredit müqaviləsindən görünür ki, kredit verən kredit alana 60 ay müddətinə qaytarmaq, illik 10% ödəmək şərtilə 9567 manat kredit verməyi öhdəsinə götürmüşdür. -Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını 04.07.2020-ci il tarixdən başlayaraq, 04.06.2025-ci il tarixinə kimi hər ay banka 204 manat (sonuncu ay isə 158.70 manat) ödəməklə qaytarmalıdır. -Unibank KB ASC tərəfindən Cavabdeh1 ünvanlanmış 07.10.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, bank tərəfindən borcalana kredit müqaviləsi üzrə borc 3 iş günü müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -13.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Unibank KB ASCyə 9567 manat əsas, 1228.68 manat faiz, 209.55 manat cərimə olmaqla cəmi 11005.23 manat borcu vardır. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Unibank KB ASC – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə təsisçilər və nizamnamə kapitalında mayalarının müqdarına dair, qanuni təmsilçi X5 olmasına dair 26.05.2017-ci il tarixli, **********253900 nömrə ilə çıxarış verilmiş, Qurum Azərbaycan Respublikası X3 30.04.2007-ci il tarixli Fərmanına əsasən «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. -Asan-Sumqayıt tərəfindən verilmiş 25.05.2016-cı il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİnin Maps şöbəsi tərəfindən verilmiş 25.02.2021-ci il tarixli arayışdan görünür ki, Nağıyev X2 rayonu Xırdalan şəhəri F.Əhmədov küçəsi 10 saylı evin 2 saylı mənzilində qeydiyyatdadır. -Asan-Sumqayıt tərəfindən verilmiş 20.08.2014-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nağıyev X1 rayonu Xırdalan şəhəri F.Əhmədov küçəsi 10 saylı evin 2 saylı mənzilində qeydiyyatdadır. -Asan-Sumqayıt tərəfindən verilmiş 28.12.2014-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nağıyev X4 rayonu Xırdalan şəhəri F.Əhmədov küçəsi 10 saylı evin 2 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi, borcalan Cavabdeh1 iddiaçı bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, borcalan Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin: 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, zaminlər Cavabdeh2 və Cavabdeh3 bank qarşısında, digər Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh1 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin ödəmələri vaxtında icra etməməsi onun üzərinə 209.55 manat cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də, məhkəmə kredit müqaviləsi üzrə 9567 manat əsas borc üzrə hesablanmış 209.55 manat cərimənin azaldılaraq 5,00 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehlərin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 123.45 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Unibank KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 04.06.2020-ci il tarixli 944nkSUM/20 saylı kredit müqaviləsi üzrə cavabdehlər tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 9567 manat əsas, 1228.68 manat faiz, 5.00 manat cərimə olmaqla cəmi 10800.68 manat borc və ödənilmiş dövlət rüsumuna görə 123.45 manat iddiaçı Unibank KB ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 04.06.2020ci il tarixli 944nkSUM/20 saylı kredit müqaviləsi üzrə 9567 (doqquz min beş yüz altmış yeddi) manat əsas, 1228.68 (min iki yüz iyirmi səkkiz manat altmış səkkiz qəpik) manat faiz, 5.00 (beş) manat cərimə olmaqla cəmi 10800.68 (min səkkiz yüz manat altmış səkkiz qəpik) manat borc və 123.45 (yüz iyirmi üç manat qırx beş qəpik) manat dövlət rüsumu iddiaçı Unibank KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar