Məhkəmə qərarları › İş №2(012)-5378/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5378/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5378/2021 14.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 370 manat pul vəsaitinin və 20 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 17 aprel 2019-cu il tarixdə Abşeron rayonu, Hökməli qəsəbə sakini, torpaq alqı-satqısı ilə məşğul olan Cavabdeh onunla görüşərək Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən torpaq sahəsinin sənədləşməsi üçün, yəni Abşeron rayonu Hökməli Bələdiyyəsinə dövlət rüsumu ödəməsi adı ilə ondan 370 manat istəmişdir. O, cavabdehi etibarlı bir adam kimi tanıyaraq 370 manat pul vəsaitini Sumqayıt şəhərində görüşərək cavabdehə vermiş və cavabdeh pulu götürərək sənədləşmənin tezliklə həll olunacağına söz vermişdir. Lakin cavabdehin söz verdiyi vaxtın üzərindən 4 ay keçməsinə baxmayaraq sənədləşmə aparmamış və pulu qaytarmamışdır. O, dəfələrlə cavabdehdən pulu istəsə də cavabdeh onu aldadaraq müxtəlif bəhanələr gətirmiş və pulu verməkdən boyun qaçırmışdır. Bununla bağlı o, Abşeron rayon Polis idarəsinə müraciət etmiş və qeyd etdiyi polis idarəsi araşdırma apararaq sonradan həmin araşdırmanı Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə göndərmişdir, çünki 370 manat puldan o, 70 manat hissəsini Bakı şəhər Yasamal rayonu ərazisində cababdehə vermişdir. 20 oktyabr 2019-cu il tarixdə hadisəni törədən Cavabdeh barəsində Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi tərəfindən № 095-24387 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllənin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin hadisəni törədən Cavabdeh barəsində indiyə kimi heç bir tədbir görülməmiş və o, məcbur olaraq mülki qaydada məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 184.2. maddəsinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 20.10.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törədən X2 barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında icraatın başlanmasının təmin edilməsi üçün qərarın surətinin 29-cu PŞ-nin rəhbərliyinə təqdim edilməsi, qəbul edilmiş qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Qərardan daha sonra görünür ki, Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 8 A/6, mənzil 24də yaşayan İddiaçı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən torpaq sahəsinin sənədləşdirilməsi adı ilə X2 ondan 370 manat pul almasına dair Abşeron RPŞ-nə etdiyi müraciəti əsasında toplanmış material, sonuncunun 70 manat pulu 20 Yanvar metrostansiyasının yaxınlığında alması faktına görə aidiyyəti üzrə qərar qəbul edilməsi üçün Yasamal RPİ-nin 29-cu PŞ-nə göndərilmişdir. Faktla bağlı daxil olmuş material 12.10.2019-cu il tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-də cinayətlər haqqında ərizələr və məlumatların uçotu kitabında (HK 1-də) qeydiyyata alınaraq icraata qəbul edilmiş və araşdırma aparılmışdır. Materialın hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə İddiaçı qarşı dələduzluq etmiş X2 şəxsiyyətinin əməliyyat yolu ilə müəyyən edilməsinə zərurət yarandığından əməliyyat tapşırığı verilmiş, lakin təhqiqat müddətinin sonunadək müsbət nəticə əldə olunmamışdır. Beləliklə, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən torpaq sahəsinin sənədləşdirilməsi adı ilə 17.04.2019-cu il tarixdə Sumqayıt şəhəri “Asan Xidmət”in qarşısında X3 300 manat pul vermiş, təxminən iki həftə sonra Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” metrostansiyasının yaxınlığında isə 70 manat pul vermiş, Cavid Mirəliyev vədinə əməl etməyərək İddiaçı məxsus 370 manat pulu dələduzluq yolu ilə ələ keçirmiş, nəticədə İddiaçı 370 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyəti əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 500 (beş yüz) manatdan yuxarı maddi ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin qeyd hissəsinə görə talanmış əmlakın dəyəri 500 (beş yüz) manatdan yuxarı olmadıqda, bu, xırda talama hesab edilir. Odur ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməli və hadisəni törətmiş X5 müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. -Bakı şəhər Baş Polis İdarəsinin 05.12.2020-ci il tarixli 014-66750İ-3220 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanlanmış müraciətə Bakı Şəhər Baş Polis İdarəsində baxılmışdır. Məlum olmuşdur ki, eyni məzmunlu müraciət Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis şöbəsində 1 saylı kitabda qeydə alınaraq təhqiqatçı Rahid Xanlarov tərəfindən prosessual araşdırma aparılmış və 20 oktyabr 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi, eləcə də Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən hadisəni törədən X5 barəsində tədbir görülməsi haqqında qərar qəbul olunmuş və icrası polis sahə inspektoru Əlizamin Heydərova həvalə olunmuşdur. Polis sahə inspektoru Rüfət Şərifov tərəfindən inzibati icraatın başlanması haqqında qərar qəbul olunaraq inzibati araşdırma aparılaraq müvafiq tədbirlər görülmüş, lakin şəxsi aşkar etmək mümkün olmadığından 21 noyabr 2019-cu il tarixdə iş üzrə icraatın dayandırılması və 21 oktyabr 2020-ci il tarixdə iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Araşdırma nəticəsində müraciətdə göstərilən xüsusatlar təsdiqlənməmişdir. -Bakı şəhəri Yasamal Rayon Prokurorluğunun 19.08.2021-ci il tarixli 444-Ş-21, 444- Ş-21/770 saylı məktubundan görünür ki, Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin 20 oktyabr 2020-ci il tarixli qərarından narazı qaldığı halda Azərbaycan Respublikasının İXM-nin 128.2.3-cü maddəsinə əsasən yuxarı prokurora və ya məhkəməyə şikayət vermək hüququ İddiaçı izah edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 03.03.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Hökməli qəsəbəsi Mirzəyev küçəsi 5 saylı evdə qeydiyyatdadır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 06.09.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri 3-cü məhəllə 8A/6 saylı evin 24 saylı mənzilində qeydiyyatdadır. -03.09.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 20 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı iddia ərizəsindən və iddiaçının izahatından müəyyən olunmuşdur ki, iddiaçı müxtəlif vaxtlarda şifahi danışıqlar əsasında cavabdehə 300 manat və 70 manat pul vermiş, lakin cavabdeh verdiyi vədə əməl etmədiyindən hazırda iddiaçı qeyd olunan pul vəsaitlərinin məhkəmə qaydasında cavabdehdən onun xeyrinə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 329.2. maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki Prosessual Məcəllənin: 76.1. maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdehdən onun xeyrinə cəmi 370 manat pul borcunun tutulmasını xahiş etsə də öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, mülki iş materiallarına əlavə olunmuş iddiaçının şikayət ərizəsi əsasında borc pulun onun xeyrinə tutulmasına dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 20.10.2019-cu il tarixli qərarına əsasən cavabdehin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və sonuncunun inzibati məsuliyyətə cəlb edilməli olması göstərilmişdir. Lakin iddiaçı tərəfindən cavabdeh barəsində onun əməlinin inzibati qaydada təqsirinin sübuta yetirilməsinə dair qərarın surəti məhkəməyə təqdim olunmamışdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan dövlət rüsumu barədə ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən 20 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə, işin araşdırılan hallarını təhlil edib, qanunun yuxarıda göstərilən normalarını əsas tutub hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi sübuta yetirilmədiyindən təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 17.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 maddələrini rəhbər tutub məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu xərci İddiaçı aid edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar