Məhkəmə qərarları › İş №2(012)-542/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-542/2022

10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-542/2022 10.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə Cavabdeh iştirakı ilə, İddiaçı Unibank KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Unibank KB ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddia ərizəsi ilə Abşeron Rаyоn Məhkəməsinə müraciət edərək Cavabdeh iddiaçı Unibank KB ASC-nin xeyrinə 27.08.2020-ci il tarixli 665nkXCHZ/20 saylı kredit və bank hesabı müqaviləsi üzrə əsas borca görə 490.77 manat, faiz borcuna görə 90.35 manat, cəriməyə görə 11.98 manat olmaqla cəmi 593.10 manat borcun və 30.40 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Unibank KB ASC ilə Cavabdeh arasında bağlanmış 27.08.2020-ci il tarixli 665nkXCHZ/20 saylı kredit və bank hesabı müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 18 ay müddətinə qaytarmaq, illik 25% ödəmək şərtilə 491 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcalana qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borcalan müqavilə şərtlərinə əməl etməyərək dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə Unibank KB ASC-yə 18.10.2021-ci il tarixə əsas borca görə 490.77 manat, faiz borcuna görə 90.35 manat, cəriməyə görə 11.98 manat olmaqla cəmi 593.10 manat borcu qalmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, o, iddiaçı Unibank KB ASC ilə bağladığı 27.08.2020-ci il tarixli 665nkXCHZ/20 saylı kredit və bank hesabı müqaviləsinə əsasən bank tərəfindən ona 18 ay müddətinə qaytarmaq, illik 25% ödəmək şərtilə 491 manat kredit verilmişdir. Əvvəllər kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirsə də sonradan, əməliyyat olunduğundan maddi çətinliyi ucbatından ödənişlərini edə bilməmişdir. Hazırda, iddiaçı Unibank KB ASCnin iddia tələblərini qəbul edir, ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Unibank KB ASC-nin məhkəməyə ünvanladığı 10.01.2022-ci il tarixli ərizəyə əsasən iddiaçı məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -Borcverən Unibank KB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 27.08.2020ci il tarixli 665nkXCHZ/20 saylı kredit və bank hesabı müqaviləsindən görünür ki, bank borcalana istehlak məqsədləri üçün 18 ay müddətinə qaytarmaq, illik 25% ödəmək şərtilə 491 manat kredit verməyi öhdəsinə götürmüşdür. -Kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlindən görünür ki, borcalan 27.09.2020-ci il tarixdən 27.02.2022-ci il tarixədək olan müddət ərzində kredit borcunu hissə-hissə olmaqla hər ay 10.50 manat, 47 manat (sonuncu ay 45.10 manat) ödəməlidir. -Unibank KB ASC-nin Cavabdeh ünvanladığı 21.06.2021-ci il tarixli bildirişdən görünür ki, bank borcalana kredit müqaviləsi üzrə borcunu 3 iş günü müddətində ödəmədiyi təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. -Unibank KB ASC-nin 18.10.2021-ci il tarixli arayışından görünür ki, cavabdehin kredit müqaviləsi üzrə əsas borca görə 490.77 manat, faiz borcuna görə 90.35 manat, cəriməyə görə 11.98 manat olmaqla cəmi 593.10 manat borcu vardır. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Unibank KB ASC – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə təsisçilər və nizamnamə kapitalında mayalarının müqdarına dair, qanuni təmsilçi X2 olmasına dair 26.05.2017-ci il tarixli, **********253900 nömrə ilə çıxarış verilmiş, Qurum Azərbaycan Respublikası X1 30.04.2007-ci il tarixli Fərmanına əsasən «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. -18.10.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü Cavabdeh Azərbaycan Respublikasının vətəndaşıdır. Mülki Məcəllənin: 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlardan və işin araşdırılan digər hallarından müəyyən olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, müqavilə şərtlərinə uyğun olaraq iddiaçı öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh öhdəliklərini pozmuş və nəticədə onun iddiaçıya əsas borca görə 490.77 manat, faiz borcuna görə 90.35 manat, cəriməyə görə 11.98 manat olmaqla cəmi 593.10 manat borcu yaranmışdır. Müqavilə öhdəliklərinin pozulması və nəticədə, borcun yaranması tədqiq edilmiş sübutlardan, cavabdehin etiraf izahatından da öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı borclu Cavabdeh 27.08.2020-ci il tarixli 665nkXCHZ/20 saylı kredit və bank hesabı müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi öz təsdiqini tapdığından iddiaçının iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 27.08.2020-ci il tarixli 665nkXCHZ/20 saylı kredit və bank hesabı müqaviləsi üzrə əsas borca görə 490.77 (dörd yüz doxsan manat yetmiş yeddi qəpik) manat, faiz borcuna görə 90.35 (doxsan manat otuz beş qəpik) manat, cəriməyə görə 11.98 (on bir manat doxsan səkkiz qəpik) manat olmaqla cəmi 593.10 (beş yüz doxsan üç manat on qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30.40 (otuz manat qırx qəpik) manat Unibank KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar