Məhkəmə qərarları › İş №2(012)-5441/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5441/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5441/2021 18.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı ABC X2 Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ABC X2 Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ABC Telecom MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 04.01.2020-ci il tarixli müqaviləsinə əsasən, LG Led televizor, Panasonic Hava nəmləndiricisi/təmizləyici üçün 3008 manat ödənilməmiş hissə, 902 manat dəbbə pulu olmaqla, ümumilikdə, 3910 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ABC X2 Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ABC X2 Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı 04.01.2020-ci il tarixli müqaviləyə əsasən, LG Led televizor, Panasonic Hava nəmləndiricisi/təmizləyici almış və nəticədə 3910 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 3635 manat (18 ay x 188 manat + 251 manat ilkin ödəniş) LG Led televizor, Panasonic Hava nəmləndiricisi/təmizləyici üçün ümumilikdə, 3910 manat olmaqla ondan, 3008 manat ödənilməmiş hissə, 902 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 627 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, o, "xxxx" MMC ilə 04.01.2020-ci il tarixdə bağladığı müqaviləyə əsasən, LG Led televizor, Panasonic Hava nəmləndiricisi/təmizləyici almışdır. Müqavilə üzrə borcunu Covid-19 pandemiyası dövrünə qədər ödəyə bilmişdir, lakin sonradan işləri zəiflədiyindən ödənişlərində gecikmələri yaranmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 04.01.2020-ci il tarixli, 20011470 saylı müqavilədən və onun ayrılmaz hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən 10.02.2020-ci il tarixdən 10.07.2021-ci il tarixədək hər ay 188.0 manat ödəniş etməklə LG Led televizor, Panasonic Hava nəmləndiricisi/təmizləyici almışdır. -17.08.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ABC Telecom MMC ilə bağladığı 04.01.2020-ci il tarixli müqaviləyə əsasən, LG Led televizor, Panasonic Hava nəmləndiricisi/təmizləyicini almış və nəticədə 3910 manat borc yaranmış, alqı-satqı qiyməti 3635 manat (18 ay x 188 manat + 251 manat ilkin ödəniş) olan əşyalar üçün ümumilikdə, 3910 manat olmaqla ondan, 3008 manat ödənilməmiş hissə, 902 manat (1.88 manat x 480 gün) dəbbə pulu hesablanmışdır. -04.01.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 04.01.2020-ci il tarixli, 20011470 saylı müqaviləyə əsasən əşyaları ABC Telecom MMC-dən tam qüsursuz halda təhvil almışdır. -ABC Telecom MMC tərəfindən Cavabdeh ünvanlanmış 08.01.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, alıcıya əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğlərini qısa bir zamanda ABC Telecom MMC-yə ödəməsi, əks təqdirdə müvafiq olaraq aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 22.07.2021-ci il tarixli arayışdan görünür ki, Hacıyev X4 rayonu Qobu qəsəbə Ərazi Dairəsi Qobu qəsəbəsində qeydiyyatdadır. -Abşeron RPŞ tərəfindən verilmiş 25.10.2011-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Hacıyev X4 rayonu Xırdalan şəhəri məhəllə 22, 22/17 saylı evdə qeydiyyatdadır. Mülki Məcəllənin: 6.2 maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1. maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

445. maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1. maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarında olan və tədqiq edilmiş sənədlərdən göründüyü kimi, Cavabdeh iddiaçı ABC Telecom MMC ilə bağladığı 04.01.2020-ci il tarixli, 20011470 saylı müqaviləyə əsasən müqavilə üzrə qiymətləri müəyyən edilmiş əşyaları almış və həmin əşyaların dəyərini vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürsə də öhdəliklərini icra etmədiyindən kreditor qarşısında 3008 manat borcu yaranmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən içranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Göstərilənlərə əsasən, məhkəmə bağlanmış 04.01.2020-ci il tarixli 20011470 nömrəli müqavilə üzrə 3008 manat ödənilməmiş əsas borca hesablanmış 902 manat cərimənin azaldılaraq 10 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək, qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, 04.01.2020-ci il tarixli, 20011470 saylı müqavilə üzrə 3008 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu olmaqla cəmi 3018 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh ABC Telecom MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5. maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220 və 222.2ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. 04.01.2020-ci il tarixli, 20011470 saylı müqavilə üzrə 3008 (üç min səkkiz) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu olmaqla cəmi 3018 (üç min on səkkiz) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh iddiaçı ABC Telecom MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar