Məhkəmə qərarları › İş №2(012)-5450/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5450/2024

03.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5450/2024 03.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə mediasiya təşkilatında bağlanmış barışıq sazişi ilə müəyyən edilmiş 150 manat sabit pul məbləğində alimentin artırılaraq, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə, 470 manat sabit pul məbləğində alimentin və mediasiya xərci üçün ödədiyi 50 manat pulun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə, 400 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, alimentin tutulmasının əvvəlinin 01 dekabr 2024-cü il tarixdən hesablanmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, onunla Cavabdeh xx.xx.2012-ci il tarixdə Abşeron rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdurlar. Onların birgə nikahdan iki övladı - xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X7 anadan olmuşdur. Aralarında bağlanmış nikah Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-2346/2022 saylı qətnaməsi ilə pozulmuşdur. Mediasiya təşkilatında xx.xx.2022-ci il tarixdə aralarında barışıq sazişi imzalanmış, barışıq sazişinə əsasən birgə nikahdan doğulmuş xx.xx.2012ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X4 onun yanında qalması ilə razılığa gəlmiş və hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində alimenti cavabdeh ödəməyi öhdəsinə götürmüşdür. Hesab edir ki, hazırki dövrə münasibətdə həmin məbləğ uşaqlarının saxlanılması üçün yetərli deyildir. Alimentin həmin məbləğdə müəyyən edilməsindən 2 ildən artıq müddət keçmişdir və bu müddət ərzində uşaqların saxlanılması üçün tələb olunan minimum xərclər kifayət qədər artmışdır. Hal-hazırda uşaqların böyüməsi, eləcə də digər zəruri tələbatlarının artması ilə bağlı problemlər çoxalmış və həmin pulla uşaqların saxlanılması çətinləşmişdir. Hazırda alimentin miqdarı uşaqların saxlanılması üçün yetərli deyildir. Bildirir ki, cavabdehin maddi vəziyyəti və qazancı yetərincədir. Bu səbəbdən də mövcud bu tələb ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bildirir ki, Cavabdeh maşın ustasıdır və obyekt işlədir. Həmçinin cavabdeh övladları ilə mütəmadi olaraq ünsiyyət qurur, övladlarına ad günündə hədiyyə alır, alimenti bəzən gecikdirsə də vaxtında ödəyir, lakin uşaqların saxlanması üçün alimentdən əlavə köməklik etmir. Belə ki, cavabdeh tərəfindən ona ödənilmiş aliment məbləği ancaq uşaqların hazırlıqlarına sərf olunur. Odur ki, qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, övladları xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X1 görə təyin olunmuş alimentin artırılmasına onun maddi imkanı kifayət etmir. Belə ki, o, maşın rəngsazı işləyir, yaşlı anası və atası vardır, evdə ondan başqa işləyən yoxdur. Başa düşür ki, övladlarının saxlanması üçün aliment ödəməlidir, lakin hazırda onun gəliri azdır. O, İddiaçı ilə evli olduğu vaxtdan lombarddan borca pul götürmüş, lakin indiyədək lombarda olan borcunu tam ödəməmişdir. İş materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 820453 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 19 fevral 2012-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Sumqayıt «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 704899 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 01 may 2014-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuşdur, atası Cavabdeh, anası isə Bayramova (Cabbarlı) Gülüş Cəlil qızıdır. İş materiallarında olan Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş Cavabdeh ilə Bayramova (Cabbarlı) Gülüş Cəlil qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı bəndlərdə qeyd olunan məsələlərlə bağlı razılığa gəlmişlər: 1.1. X6 ilə Cavabdeh Vaqif oğlu arasında nikahın İəğvi, azyaşlı uşaqların ananın yanında saxlanılması, alimentin verməsi və uşaqlarla ünsiyyət qaydalarının müəyyən edilməsi ilə bağlı mübahisə vardır; 2.1. X6 ilə Cavabdeh Vaqif oğlu aralarında olan 11 fevral 2012-ci il tarixli, 67 nömrəli qeydlə rəsmiləşdirilmiş nikah qeydinin pozulmasına razılıq verməyi öhdəsinə götürürlər; 2.2. X6 ilə Cavabdeh Vaqif oğlu ilə aralarında birgə nikahdan dünyaya gəlmiş xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X4 anası X3 yanında (himayəsində) qalmağına razılıq verir; 2.3. X6 ilə Cavabdeh Vaqif oğlu qarşılıqlı olaraq razılığa gəlirlər ki, yetkinlik yaşına çatmayan X5 və X2 üçün atası Cavabdeh Vaqif oğlu hər ay, aprelin 1-dən başlayaraq hər ayın 1-5 aralığından gec olmamaq şərti ilə hər uşağa görə 150 manat məbləğində aliment ödəmək vəzifəsini üzərinə götürür; 2.4. Növbəti illərdə uşaqlar üçün qanunvericilikdə müəyyən edilmiş aylıq yaşayış minimumunun məbləği dəyişdirilərsə, Cavabdeh Vaqif oğlu məhkəmədən kənar qaydada alimenti həmin məbləğə uyğunlaşdırılacağı barədə də öhdəlik götürür; 2.5. X6 onun himayəsində saxlanılan xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X4 atası Cavabdeh Vaqif oğlu ilə ünsiyyət saxlamasına, qeyri iş günləri olan uzun müddətli bayram günlərinin yarısını atası Cavabdeh Vaqif oğlu ilə ünsiyyətdə olmasının müəyyən edilməsinə etiraz etmir; 2.7. X6 onun himayəsində saxlanılan xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X4 atası Cavabdeh Vaqif oğlu ilə hər gün telefon vasitəsi ilə ünsiyyətdə olmasına etiraz etmir; 2.8. Barışıq sazişini hər iki tərəf imzaladıqdan sonra, xx.xx.2022-ci il tarixdən qüvvəsini alır və xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X4 hər ikisi 18 yaşına çatana kimi qüvvədədir; 3.1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur; 3.2. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər; 3.3. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir; 3.4. Əgər Saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər; 3.5. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir; 4.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır; 4.2. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər həmçinin təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər; 4.3. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediasiya zamanı əldə edilmiş hər hansı bir məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər; 4.4. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 4.4.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 4.4.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 4.4.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 4.4.4. qarşı tərəfin yazılı icazəsi ilə; 4.4.5. yaxın qohumlara; 4.4.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara; 4.5. Bu Sazişin məzmununun Sazişin bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır; 4.6. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək; 4.7. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və ya onların nümayəndələri və mediator tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gündən qüvvəyə minir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2346/2022 saylı, 21 iyun 2022ci il tarixli qətnaməsindən görünür ki, iddia ərizəsi qismən təmin edilmiş, Bayramova (Cabbarlı) Gülüş Cəlil qızı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində bağlanmış 67 nömrəli akt qeydli nikahın pozulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki,tərəflər arasında bağlanmışxx.xx.2022-ci il tarixli barışıq sazişindəki alimentin miqdarı uşaqların mənafeyinə uyğun olmadığı üçün tərəflərin birgə nikahdan doğulmuş 19 fevral 2012-ci il təvəllüdlü X8 və 01 may 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Bundan əlavə iddia tələbinin alimentin tutulmasının əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməli, alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablanmalıdır.Belə ki,məhkəmədə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixədək uşaqların təminatı cavabdeh tərəfindən tmin olnmuşdur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 32 (otuz iki) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixindən başlayaraq 19 fevral 2012-ci il təvəllüdlü X8 və 01 may 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı verilsin. Cavabdeh 32 (otuz iki) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar