Məhkəmə qərarları › İş №2(012)-546/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-546/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-546/2021 19.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə 19 aprel 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 08.01.2020-ci il tarixli kredit müqaviləsi üzrə 14062 manat əsas borc, 182,07 manat faiz borcu, 9,77 manat cərimə olmaqla, ümumilikdə cəmi 1453,84 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və “xxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış 08.01.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə iddia ərizəsinə əlavə ərizə təqdim edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 08 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 14001,81 manat əsas borc, 1063,83 manat faiz borcu, 612,25 manat cərimə olmaqla, ümumilikdə cəmi 15677,89 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, izahatında bildirdi ki, Cavabdeh 08 yanvar 2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17 faizlə 36 ay müddətinə 15000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Bunlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. O, iddiaçı təşkilatdan 15000 manat kredit götürərək digər banka olan borcunu ödəmişdir. İddiaçı təşkilatla arasında bağlanan müqaviləyə əsasən, o, kredit müqaviləsi üzrə 540 manat ödəməli idi. O, hər ay ödənişləri ödəmişdir, lakin pandemiya başladıqdan sonra işdən azad edildiyi üçün 3 ay ödəniş edə bilməmişdir. Borcunu qəbul edir, lakin kredit borcunu bir dəfəyə bağlamağa maddi imkanı yoxdur. O, hər ay 500-600 manat ödəniş edə bilər. O, həmçinin məhkəməyə etiraz ünvanlayaraq, bildirmişdir ki, iddia ərizəsində qeyd olunanlar əsassızdır və düz deyil. O, kredit müqaviləsi üzrə üzərinə götürdüyü vəzifəni yerinə yetirmişdir. Bu günə kimi iddiaçıya 2780 manat pul ödəmişdir. Bunu “İddiaçı “ ASC tərəfindən verilmiş 02 oktyabr 2020-ci il tarixli onun hesabından şıxarış da sübut edir. Bu faktdır ki, ölkəmizdə və bütün dünyada baş vermiş fors major hal olan pandemiya ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin məlum qərarlarına əsasən dövlət idarə və müəssisələrində, özəl sektorlarda işlər uzun müddətə dayandırıldı. Bunula əlaqədar o, işdən çıxarılmış və hamı kimi işsiz qalmışdır. Bu da onun aylıq gəlirinə ciddi təsir etmişdir. Lakin bununla belə ödəmələrini edir və təbii ki, müqavilə üzrə öhdəsinə düşən vəzifəni yerinə yetirəcəkdir. Lakin müqaviləyə əsasən illik 17% olmaqla 15000 manat kredit götürüldüyü vəsaitdən 2780 manat qaytarılsa da, iddia ərizəsində qeyd olunan 14062 manat əsas borc, 182,07 manat faiz borcu və 9,77 manat cərimə borcu düzgün hesablanmamışdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı ASCnin iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 08 yanvar 2020-ci il tarixli, 23-Y-1-0-48-20 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh 36 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 15000 manat kredit verilmişdir. İş materiallarında olan 19.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 08 yanvar 2020ci il tarixli, 23-Y-1-0-48-20 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 14001,81 manat əsas borc, 1063,83 manat faiz borcu, 612,25 manat cərimə olmaqla, cəmi 15677,89 manat kredit borcu vardır. İş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş 06.10.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh həqiqətən 15.12.2019-cu il tarixdən 15.04.2020-ci il tarixinədək “xxxx” MMCdə “Baş mühəndis” vəzifəsində çalışıb. Məhkəmə tərəfləri dinləyib,iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında 08 yanvar 2020-ci il tarixli, 23-Y-1-0-48-20 saylı kredit müqaviləsi imzalanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 08 yanvar 2020-ci il tarixli, 23-Y-1-0-48-20 saylı kredit müqaviləsi üzrə cavabdeh (borcalan) Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icra geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, borclu Cavabdeh bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə hesablanmış 612,25 manat məbləğində dəbbə pulunun azaldılaraq 10 manat məbləğində saxlanılmasını qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Bunlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı ASCnin xeyrinə 08 yanvar 2020-ci il tarixli, 23-Y-1-0-48-20 saylı kredit müqaviləsi üzrə 14001,81 manat əsas borc, 1063,83 manat faiz borcu, 10 manat cərimə olmaqla, ümumilikdə cəmi 15075,64 manat borc tutulmalıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manatın cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 08 yanvar 2020-ci il tarixli, 23-Y-1-0-48-20 saylı kredit müqaviləsi üzrə 14001,81 manat əsas borc, 1063,83 manat faiz borcu, 10 manat cərimə olmaqla, ümumilikdə cəmi 15075,64 manat borcun tutulması və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar