Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5463/2022 14.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən əsassız hesablanmış 3300 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, R.Əliyev küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. Sərf etdiyi elektrik enerjisinə görə hər ay vaxtlı-vaxtında ödənişlər etmişdir. "xxxx" ASC tərəfindən ona verilən qeyri-rəsmi məlumata görə onun 3300 manat məbləğində borcu vardır. Borc xx.xx.2016-cı il tarixdə yaranmış, həmin abonentin saldosunda göstərilən qaçqın borcu olduğu və silinmə kimi qeyd edilmişdir. Lakin hazırda həmin pulu ondan tələb edirlər. X2 əsasən həmin borc silinməli idi. 3300 manat məbləğində borc qısa müddətdə ödənilməsə, elektrik enerjisinin kəsiləcəyi bildirilir. Onun isə maddi imkanı çox aşağıdır və evdə azyaşlı övladları var. Abonentin saldosunda göstərilən silinmə borc ödənilmə kimi göstərilir. Şərh edilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, iddia ərizəsinə dəqiqləşdirmə vermiş və məhkəmədən "xxxx" ASC tərəfindən əsassız hesablanmış 3300,21 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə bildirdi ki, abonentin hazırda "xxxx" ASC-yə ödənilməli borcu yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında оlаn və məhkəmə bахışındа tədqiq оlunmuş: - Abonent kodu **********18503 nömrəli, ünvan 1 ünvanında yaşayan İddiaçı saldosundan görünür ki, xx.xx.2015-ci ildən xx.xx.2022-ci ilədək ona cəmi 1945,58 manat borc hesablanmışdır. O cümlədən sayğac oxuması 1945,58 manat, aktlar üzrə borc - 313,48, ödəmələr 1620 manat, sayğac quraşdırılma tarixinə borc 462,81 manat, sayğac quraşdırılandan sonra ödəmə 1032 manat, karta yüklənən məbləğ 570, borcdan ödəmə 462 manat, borc 0,81 manatdır. - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, **********18503 nömrəli kod üzrə mənzilin elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına qədər sözügedən yaşayış sahəsində məcburi köçkün limitindən artıq istehlak edilmiş 3300,21 manat məbləğində elektrik enerjisinin dəyəri xx.xx.2016-cı il tarixində ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Göstərilən məbləğin ödənişi yalnız abunə vərəqində ad dəyişdirilərkən, yaxud borcun olmaması barədə arayış alınarkən tələb olunur. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında, “Elektroenergetika haqqında, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Qaydaların 4.2-ci bəndinə görə istehlakçılar, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş elektrik enerjisi istehlakının göstəricilərinə və məhdudiyyət rejimlərinə əməl etməli, elektrik enerjisindən səmərəsiz istifadə olunmasına, israfçılığa və təsərrüfatsızlığa yol verməməlidirlər. Qaydaların 8.14-cü bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Qaydaların 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaların 7.13-cü bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, abonent İddiaçı silinməsini xahiş etdiyi borc tələb edilməyən borc kateqoriyasına aiddir. Belə olan halda isə məhkəmənin qənaətinə görə həmin borc əsassız hesab edilərək silinməlidir. MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, işin yuxarıda şərh edilən hallarına əsasən iddia əsaslı olduğundan təmin edilməli, iddiaçının abunə kodundan silinməsini xahiş etdiyi məbləğdə, yəni 3300,21 manat borc silinməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. **********18503 saylı abonent kodu üzrə İddiaçı "xxxx" ASC tərəfindən hesablanmış 3300,21 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-5463/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5463/2022
14.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver