Məhkəmə qərarları › İş №2(012)-5468/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5468/2024

16.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5468/2024 16.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Məhkəməsinin, 2024-cü il tarixli icra vərəqəsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək 2011-ci il təvəllüdlü Ləman Məmmədrzaveva yetkinlik yaşma çatanadək saxlanılması üçün cavabdeh Elman Məmmədrzavev hər ay 500 manat sabit pul məbləğində alimentin tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2001-ci ildə rəsmi dövlət qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Nikahdan 2002, 2005, 2011-ci il təvəllüdlü Nihad, Emil, Ləman anadan olub. Səbail rayon Məhkəməsinin, 2018 ci il tarixli icra vərəqəsinə əsasən, Abşeron rayon Məhkəməsinin 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməklə 2011-ci il təvəllüdlü Ləman Məmmədrzaveva 2005-ci il təvəllüdlü Emil Məmmədrzavev yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 350 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi müəyyən edilib. 2024-ci il üzrə yaşayış minimumu haqqında Qanuna görə, uşaqlar üçün yaşayış minimumu 235 manat təşkil edir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin qətnəməsi dəyişdirilərək, xx.xx.2011 -ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancın və başqa gəlirlərinin dörddə bir hissəsinin tutulub iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, onun kredit borcu var və ev tikdirir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-880/2024 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-784/2021 saylı qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. Mülki işin materiallarında olan Siyəzən rayonu, Zarat İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2011-cı il tarixli AZ-İİ 711899 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X2 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş, “atası” qrafasında Cavabdeh, “anası” qrafasında İddiaçı qeyd edilmişdir. Mülki işin materiallarında olan AZ-İ 503170 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən Cavabdeh ilə İddiaçı arasındakı nikah xx.xx.2019-cu il tarixdə ləğv edilmiş, bu barədə müvafiq akt qeydləri kitabında 89 nömrə ilə qeyd aparılmışdır. Nikah ləğv olunandan sonra arvada Mehdiyeva soyadı verilmişdir. Mülki iş materiallarına əlavə edilmiş "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, arayışından görünür ki, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X4 “Teymur Əhmədov” gəmisində 2-ci mexanik işləyir və aylıq vəzifə maaşı 1182 manat, gəmi istismarda olduğu müddətdə əlavə pul təminatı 2724 manat təşkil edir. AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatlardan görünür ki, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətində mexanik işləyir və aylıq əmək haqqı 3906 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. "Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı əvvəlki qətnamə ilə təyin edilmiş aliment məbləğinin hazırda azyaşlının saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaq iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. İddiaçı alimentin miqdarının sabit məbləğdə deyil, aylıq gəlir və qazancın ¼ hissəsi miqdarında artırılmasını tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. İşdən görünür ki, cavabdehin aylıq qazancı müntəzəmdir və hazırda 3906 manat təşkil edir. Məhkəmə birgə nikahdan doğulmuş Ləman adlı azyaşlı uşağın mənafeyini, normal inkişaf etməsini, əvvəlki təminat səviyyəsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 880/2024 saylı qətnaməsi ilə xx.xx.2020-ci il təvəllüdlü xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş 260 manat sabit pul məbləğində aliment artırılaraq hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında müəyyən edilməli, alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-880/2024 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar