Məhkəmə qərarları › İş №2(012)-5495/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5495/2022

05.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5495/2022 05.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə 05 dekabr 2022ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli, 2(012)- 708/2019 saylı qətnaməsi ilə təyin olunmuş 160 (yüz altmış) manat, cəmi 320 manat sabit aliment məbləğinin artırılaraq, birgə nikahdan dünyaya gəlmiş 14 noyabr 2015-ci il təvəllüdlü X2, 30 noyabr 2016-cı il təvəllüdlü X1 üçün hər ay 193 manat sabit pul məbləğində aliment müəyyən edilməklə, alimentin ümumi məbləğinin artırılaraq 386 manat tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından 14 noyabr 2015-ci il təvəllüdlü X4 və 30 noyabr 2016-cı il təvəllüdlü X5 dünyaya gəlmişdir. Birlikdə yaşaya bilmədikləri üçün bir müddət sonra nikahları pozulmuşdur. Abşeron rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli, 2(012)-708/2019 saylı qətnaməsi ilə Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı tək başına övladlarına baxmaqda çətinlik çəkir, onun maddi ehtiyaclarını ödəyə bilmir. Uşaqlara təyin olunan 160 manat aliment hazırki dövrdə uşağın tələbatlarını ödəməyə kifayət etmir. Bu səbəbdən də aliment miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Onunla telefon əlaqəsi saxlanılmış, məhkəmə prosesində iştirak etmək istəmədiyini bildirmişdir.Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 30 yanvar 2019-cu il tarixli, 2(012)-708/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı xeyrinə 14 noyabr 2015-ci il təvəllüdlü X2, 30 noyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 14 noyabr 2015-ci il təvəllüdlü X4 və 30 noyabr 2016-cı il təvəllüdlü X5 anadan olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda 2 azyaşlı uşağın saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaqlar hazırda iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində alimentin tutulması haqqında Abşeron rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 3 ildən çox müddət keçdiyindən, ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Ona görə də, məhkəmə tərəflərin birgə nikahından olan uşaqların ananın himayəsində olmasını, azyaşlı uşaqların mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, habelə cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Abşeron rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli, 2(012)-708/2019 saylı qətnaməsi İlə Cavabdeh 14 noyabr 2015-ci il təvəllüdlü X2 və 30 noyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan 160 manat sabit pul məbləğində aliment artırılaraq, hər ay hər bir uşaq üçün 193 manat sabit pul məbləğində aliment müəyyən edilməli və Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 66.32 manat məbləğində dövlət rüsumuna görə pul da dövlət nəfinə cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayon Məhkəməsinin 30 yanvar 2019-cu il tarixli, 2(012)-708/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. 14 noyabr 2015-ci il təvəllüdlü X2 və 30 noyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay hər bir uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən gündən hesablansın. Cavabdeh 66.32 manat dövlət rüsumuna görə pul dövlət nəfinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar