Məhkəmə qərarları › İş №2(012)-5498/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5498/2022

06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5498/2022 06.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2700 manat borc və 47 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qızı X1 ilə qeyri-rəsmi nikahda olmuşdur. xx.xx.2022-ci il tarixdə Cavabdeh ondan iş görmək adı ilə pul istəmiş, o, qarşılıqlı razılaşmaya görə 2022-ci ilin dekabr ayına qədər hissə-hissə qaytarmaq şərtilə, 3000 manat borc vermişdir. Sonradan məlum olmuşdur ki, Cavabdeh həmin pulları iş görmək adı ilə alsa da, əslində, öz şəxsi məqsədləri üçün istifadə etmişdir. Dəfələrlə etdiyi müraciətdən sonra cavabdeh aldığı puldan 300 manatı geri qaytarmış, qalan 2700 manatı isə qaytarmaqdan imtina etmişdir. Verdiyi pulu tələb etdikdə isə cavabdeh həbsdə yatdığını, yenidən həbsə girəcəyindən qorxmadığını bildirərək aldığı borcu qaytarmamışdır. Buna görə də o, məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin borcu etiraf etdiyini səs yazısı sübut edir. Eyni zamanda, cavabdehə verdiyi 3000 manatı iş yoldaşından borc almışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, Cavabdeh onun kürəkəni olmaqla işə düzəlmək adı ilə ondan 3000 manat borc almışdır. Sözügedən borcu o, cavabdehə vermiş və buna sübut olaraq diski təqdim edə bilər ki, həmin diskdə səs yazıları mövcuddur. Sözügedən borcu o, başqasından alaraq cavabdehə vermişdir. Lakin borcun olmasına dair hər hansı bir qəbzi yoxdur. O, cavabdehi polisə şikayət etməmiş, lakin cavabdeh borcun qaytarılması vədini vermişdir. xx.xx.2022-ci il tarixinə təyin olunmuş hazırlıq məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında İddiaçı 3000 manat borc aldığını, həmin borcdan 300 manat qaytardığını etiraf etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, əldə olunmuş şifahi razılığa əsasən, o, borcu dekabr ayının sonunadək qaytarmalı idi. Lakin 5000 manat pul vəsaitinin onun evindən oğurlanmasına dair məhkəmə qətnaməsi vardır. Sözügedən pul vəsaiti onun dayısı tərəfindən oğurlanmışdır. Bu səbəbdən də, o, iddiaçıdan ona möhlət verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbinə dair münasibətini araşdırıb, cavabdehin etiraf izahatını, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Sumqayıt şəhəri 45, 11A/14 saylı evin 56 saylı mənzilində, Cavabdeh isə Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi 8-ci küçə 15 saylı evdə qeydiyyatdadır. -xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 47 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh 3000 manat borc vermişdir. Cavabdeh tərəfindən borc olaraq alınmış pul vəsaiti tərəflər arasında qarşılıqlı razılıq əsasında müəyyən edilmiş müddətdə tam şəkildə qaytarılmadığından, iddiaçı 300 manat pul vəsaiti qaytarılandan sonra qalıq qalmış 2700 manat borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 329.2. maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

445. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına əsasən, iddiaçı qeyd olunan məbləğdə pul vəsaitini borc şəklində cavabdehə verməklə öhdəliklərini yerinə yetirsə də, cavabdeh həmin borcu vaxtında qaytarmamaqla öhdəliklərinin icrasından yayınmışdır. Bu səbəbdən də, məhkəmə tədqiq olunmuş sübutlar əsasında iddiaçıya 2700 manat borcunun qalmasına dair cavabdehin etirafını qəbul edərək, həmin etirafın qanuna zidd olmadığı və ya başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı qənaətinə gəldiyindən, hesab edir ki, iddia tələbi əsaslıdır, ona görə də təmin edilməli, Cavabdeh 2700 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 52.2. maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 106.3. maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. İnsan hüquqlarının və X2 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarının 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə,

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 2700 (iki min yeddi yüz) manat borc və 47 (qırx yeddi) manat dövlət rüsumu olmaqla, ümumilikdə, cəmi 2747 (iki min yeddi yüz qırx yeddi) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar