Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5525/2021 19.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə 19 oktyabr 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X10 oğluna qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 19.11.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş 160 manat sabit pul məbləğində alimentin 175 manat sabit pul məbləğində artırılması və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı tərəfindən ödənilən 50 manat mediasiyaya dair xərcin 25 manatın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında iştirak edərək iddianı müdafiə etdiyi bildirmiş,lakin məhkəmə baxış iclasına gəlməmiş və məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4283/2019 saylı, 19 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozularaq, birgə nikahlarında olan övladları 08 dekabr 2018-ci il təvəllüdlü X2 üçün hər ay 160 manat sabit pul məbləğində aliment müəyyənləşdirilmişdir. Qeyd edir ki, gündəlik maddi tələbatın artması, ərzağın və geyim əşyalarının qiymətinin artmasına görə uşağın maddi təminatı kəskin şəkildə ağırlaşmışdır. Uşağa qulluq etdiyinə görə o hazırda işləmir. Uşaqların Dövlət tərəfindən müəyyən edilmiş minimum yaşayış həddinə uyğun olaraq maddi təminata böyük ehtiyacı var. Hesab edir ki, 19.11.2019-cu il tarixli qətnamə ilə müəyyən edilmiş 160 manat sabit pul məbləğində aliment Dövlət tərəfindən müəyyən edilmiş uşaqların minimum yaşayış həddinə uyğun olaraq 175 manat sabit pul məbləğində müəyyən edilərək artırılmalıdır. Qeyd edir ki, alimentin artırılması ilə bağlı tələbin ilk öncə cavabdehlə aramızda həll edilməsi üçün Mediasiya Şurasına müraciət etmişdir, lakin 31.08.2021-ci ildə keçirilən ilkin mediasiya sesiayası barədə mediator tərəfindən cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh sesiyada iştirak etmədi və bu barədə ona arayış təqdim edildi. Bundan əlavə səbəbdən mediatora ödəniləcək 50 manat rüsum da onun tərəfindən ödənilmişdir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, onun 2200 manat aliment borcu vardır. O hal-hazırda işləmir. Ailəsinə o tək baxır. O, borca görə 3 ay ərzində 2 dəfə həbs olunmuş və bundan sonra işini də itirmişdir. Onun aliment ödəməyə maddi imkanı yoxdur. Odur ki, o, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” X8 tərəfindən verilmiş AZ-İV № 534310 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X9 08 dekabr 2018-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4283/2019 saylı, 19 noyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X7 ilə Cavabdeh arasında 16.09.2017ci il tarixdə bağlanmış nikahın pozulması, 08 dekabr 2018-ci il təvəllüdlü X1 və tərbiyə edilməsi üçün X4 yanında qalması, yetkinlik yaşına çatana kimi saxlanılması üçün 12 iyun 2019-cu il tarixdən başlayaraq hər ay Cavabdeh 160 manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, qətnamə aliment hissəsində dərhal icra edilməsi, nikahın pozulması və əmlak bölgüsü iddiası ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun X5 aid edilməsi, aliment iddiası ilə əlaqədar Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq dövlət nəfinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1949/2020 saylı, 07.02.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4283/2019 saylı, 19 noyabr 2019-cu il tarixli qətnaməsinin qismən, yəni Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km. ünvanında yerləşən bina 1, blok 34, mərtəbə 8, 1 otaqdan ibarət 32 a (yeni 40 nömrəli) nömrəli mənzilin bərabər bölünməsinin rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın qismən təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km. ünvanında yerləşən bina 1, blok 34, mərtəbə 8, 1 otaqdan ibarət 32 a (yeni 40 nömrəli) nömrəli mənzilə sahiblik və istifadə hüququ üzərində X4 ½ hissədə payının tanınması, qətnamənin X4 apelyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq, bütün sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarından çıxış edərək hesab edir ki, cavabdehin maddi durumunda hər hansı bir dəyişiklik olması barədə məhkəməyə heç bir sənəd təqdim edilmədiyi üçün iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Yasamal Rayon Məhkəməsinin 19.11.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş 160 manat sabit pul məbləğində alimentin 175 manat sabit pul məbləğində artırılması və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı tərəfindən ödənilən 50 manat mediasiyaya dair xərcin 25 manatın Cavabdeh alınaraq ona verilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-5525/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5525/2021
19.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver