Məhkəmə qərarları › İş №2(012)-5529/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5529/2024

11.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5529/2024 11.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İsmayılov Rüstəm Sadiq oğlunun katibliyi, İddiaçının vəkili-nümayəndəsi Nümayəndə2 və nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması və pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması və pul barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05 may 2020-ci il təvəllüdlü X1 üçün alimentin müəyyən olunmuş məbləğinin artırılaraq 450 manat miqdarında müəyyən edilməsi, həmin uşağa çəkilən 2191 manat məbləğində əlavə səhiyyə xərclərinin tam şəkildə tutularaq ödənilməsi və mediasiya üçün ödənilmiş 50 manat məbləğində vəsaitin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-285/2023 saylı qətnaməsi ilə Cavabdeh ilə onun arasındakı nikah pozulmuşdur. Qeyd olunan qətnamə ilə birgə nikahdan doğulmuş 05 may 2020-ci il təvəllüdlü X2 onun yanında saxlanılması, habelə onun yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda birgə nikahdan olan uşağa təyin olunan 150 manatlıq aliment məbləği onun minimum yaşayış ehtiyaclarını qarşılamaq üçün kifayət etmir. Azərbaycan Respublikası Prezidentinin 05 dekabr 2023-cü il tarixli müvafiq qanunvericilik aktına əsasən, uşaqlar üçün minimum yaşayış səviyyəsi 235 manat müəyyən edilmişdir. Cari aliment məbləği bu səviyyədən aşağıdır. Uşağımın əsas xərcləri aşağıdakı kimidir: 1. Təhsil xərcləri: Hər ay məktəbəqədər hazırlıq (baxça) üçün 120 manat, məktəb ləvazimatları və digər təhsil avadanlıqları üçün isə 80 manat tələb olunur. Ümumi təhsil xərcləri 200 manat təşkil edir. 2. Qida xərcləri: Uşağın sağlamlığını qorumaq və tez-tez xəstələnməsinin qarşısını almaq üçün keyfiyyətli və balanslı qidalanması vacibdir. Artan qida məhsulları qiymətləri ilə birlikdə, onun qida ehtiyaclarını tam təmin etmək üçün hər ay təxminən 250 manat tələb olunur. Bu sağlam qidalanma uşağın ümumi rifahını yaxşılaşdırmaq və xəstəlik riskini azaltmaq üçün zəruridir. 3. Sosial xərclər: Uşağın sosial inkişafını təmin etmək üçün hər ay əyləncə məkanlarına ziyarət, oyunlar və istirahət günləri üçün ən azı 100 manat xərclənir. 4. Səhiyyə xərcləri: Uşaq müntəzəm olaraq sağlamlıq problemləri yaşayır və tez-tez xəstələnir, bu isə mütəmadi tibbi müdaxilələr və müalicələr tələb edir. Tibbi arayışa əsasən uşağın tez-tez xəstələnən olması səbəbindən onun sağlamlığı ilə bağlı xərclər artmışdır. Ən son 30 avqust 2024-cü ildə dəqiqləşdirilməmiş konyuktvit və yuxarı tənəffüs yollarının kəskin infeksiyası səbəbilə olan müayinə və müalicə xərcləri üçün 220 manat xərclənmişdir. Bundan əlavə, 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar aylarında uşağın sağlamlığı ilə bağlı aparılmış laboratoriya müayinələri və dərman vasitələri üçün ümumilikdə 600 manat vəsait xərclənmişdir. Bu xərclərin ödənilməsi üçün uşağın atasına müraciət edilsə də, cavabdeh ödənişin həyata keçirilməsindən imtina etmişdir. Ərizəyə əlavə edilmiş sənədlərdən də göründüyü kimi, X3 uşağın səhhəti üçün 1 il ərzində 812 manat, X6-də isə 179 manat məbləğində vəsait xərclənmişdir. Hər iki tibb müəssisəsində aparılmış müayinələrin nəticəsində müəyyən edilmiş xəstəliklərin müalicəsi üçün dərman vasitələrinin alınmasına apteklərdən ümumilikdə 1200 manatdan artıq vəsait sərf edilmişdir. Dərman vasitələri müxtəlif apteklərdən alınmış olduğundan təsdiqedici sənədləri tam təqdim etmək mümkün deyildir, lakin müayinə nəticələrində qeyd olunan diaqnozlar və müalicədən sonra uşağın sağalması dərman vasitələrinin alınmasını təsdiq edir. Beləliklə, boşanmadan sonra uşağın sağlamlığı ilə bağlı onun tərəfindən ümumilikdə 2191 manat vəsait xərclənmişdir. Cavabdeh 15-17 min manat dəyərində avtomobilə malikdir və müntəzəm olaraq yüksək gəlir əldə edir. Hər toy mərasimindən 350-400 manat qazanır və bu tədbirlərdə ayda təxminən 15 dəfə iştirak edir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Nümayəndə2 və iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və bildirdi ki, maddi imkanı zəif olduğuna görə iddia rədd edilsin. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-285/2023 saylı qətnaməsindən görünür ki, tərəflər arasındakı nikah pozulması, boşanmadan sonra tərəflərin birgə nikahlarından doğulmuş 05 may 2020-ci il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması, həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 27 fevral 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, 05 may 2020ci il təvəllüdlü X2 diaqnozu vitamin D əskikliyi, dəmir defisitli anemiya, tez-tez xəstələnən uşaq kimi müəyyən olunmuşdur. İşdə olan Medi Club tibbi xidmət şirkətinin bir neçə hesab fakturasından görünür ki, 05 may 2020-ci il təvəllüdlü X2 müayinə və müalicəsinə ümumilikdə 178,77 manat vəsait xərclənmişdir. İşdə olan X4 bir neçə hesab fakturasından görünür ki, 05 may 2020-ci il təvəllüdlü X2 müayinə və müalicəsinə ümumilikdə 670,70 manat vəsait xərclənmişdir. İşdə olan MÜASİR Psixologiya Mərkəzinin bir neçə ödəniş qəbzindən görünür ki, X2 loqopedik diaqnostikasına və mayinələrinə ümumilikdə 565 manat vəsait xərclənmişdir. Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş uşağın saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaq iddiaçının himayəsindədir və onun maddi ehtiyacları artmaqdadır. Məhkəmə uşağın mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-285/2023 saylı qətnaməsinə əsasən 05 may 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş hər ay 150 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Bundan başqa, işdəki maliyyə sənədlərindən (hesab fakturalar, qəbzlər) görünür ki, iddiaçı tərəfindən azyaşlının xəstəliyi ilə bağlı müxtəlif səhiyyə qurumlarına ümumilikdə 1414,47 manat vəsait xərclənmişdir. Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə qeyd olunan normaların tələblərinə uyğun olaraq azyaşlı Hüseynin müayinə və müalicəsinə anası tərəfindən çəkilmiş xərcin yarısının da uşağın atasından tutulmasını məqbul hesab edir və belə nəticəyə gəlir ki, əlavə xərc kimi 707,20 manat vəsait də Cavabdeh tutularaq İddiaçı verilməli, qalan hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. MPM-nin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-285/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. 05 may 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Uşağın müayinə və müalicəsi üçün çəkilmiş xərcin yarısı-707,20 manat və mediasiya üçün ödənilmiş 50 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar