Məhkəmə qərarları › İş №2(012)-553/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-553/2023

06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-553/2023 06.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və X1 müştərək qaydada 3.000 manat borc məbləğinin, Cavabdeh 400 manat maddi zərər məbləğinin və iddia ərizəsi üçün ödənilmiş 55 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, X2 məhkəmə mübahisəsinə heç bir aidiyyətinin və borc öhdəliyi üzrə tərəf olmadığını bildirərək, onun cavabdehlər sırasında çıxarılmasını, Cavabdeh 3.000 manat borcun, telefona görə 400 manat maddi zərər məbləği olmaqla, ümumilikdə 3.400 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, Cavabdeh taksi sürücüsü kimi tanımışdır. Cavabdeh ona müraciət edərək, həyat yoldaşından ayrıldığı üçün anası və həyat yoldaşının onu evə buraxmadıqlarını, bu səbəbdən də çöldə qaldığını, ona məxsus torpaq sahəsi olduğunu, həmin torpaq sahəsini sənədləşdirmək üçün pul lazım olduğunu, borca pul verməsini xahiş edərək, torpaq sahəsini sataraq borcunu qaytaracağını bildirmişdir. O da hissəli şəkildə cavabdehə 3.000 manat məbləğində pul vermişdir. Daha sonra cavabdeh ona telefonu olmadığını, bu səbəbdən də sərnişin daşımaq xidməti göstərən şirkətlərə qoşularaq taksi kimi fəaliyyət göstərə bilmədiyini bildirərək, onda olan ikinci telefonu müvəqqəti işlətmək üçün ona verməsini xahiş etmişdir. O da mərhum anasına məxsus olan, anası tərəfindən sağlığında cəmi 2 ay işlədilmiş, demək olar ki yeni vəziyyətdə olan telefonu 1 ay işlədib qaytarmaq şərti ilə cavabdehə vermişdir. Telefonu verdikdən bir müddət sonra cavabdehi taksi kimi çağırmış və telefonun sonuncuda olmadığını görmüşdür. Bundan sonra cavabdehdən şübhələnməyə başlamış və telefonu ondan geri istəmiş, lakin sonuncu telefonu ona geri qaytarmamışdır. Borcu geri istədikdə isə cavabdeh qohumu Elmir Rüstəmovun ona borclu olduğunu bildirərək, Elmirə zəng edərək borcunu ona deyil, iddiaçının kartına göndərməsini demişdir. O da cavabdehin bu sözünə arxayın olaraq gözləmiş, lakin heç bir nəticəsi olmamışdır. Verilmiş suallara cavabında qeyd edir ki, Cavabdeh sosial şəbəkə vasitəsi ilə 5 il olar ki tanıyır. İlk öncə cavabdehi sosial şəbəkə vasitəsi ilə tanımış, Bakı şəhərinə köçdükdən sonra isə cavabdehlə üzbəüz görüşmüşdür. Cavabdehi yalnız taksi sürücüsü kimi tanımış və onunla dostluq münasibətləri saxlamışdır. Onu inandırdığından cavabdehə qeyd edilən məbləği borc vermişdir. Həmçinin cavabdehin qohumu Elmirə zəng etməsi, Elmirin telefonda sonuncuya borclu olduğunu təsdiq etməsi, cavabdehin borclu olduğu məbləği iddiaçının kartına köçürməsini Elmirə bildirməsi onun Rəşada olan inanmını daha da artırmışdır. Cavabdehlə Elmir Rüstəmov arasında hansı məbləğdə borc münasibətlərinin olmasını bilmir. Sadəcə cavabdeh Elmirin hazırda ona külli miqdarda borclu olduğunu bildirmişdir. Bu günə kimi cavabdeh borclu olduğu 3.000 manatdan hər hansısa bir məbləğ ona geri qaytarmamışdır. Məhkəməyə müraciət etməsinə səbəb cavabdehin onu aldatması, ona yalan danışaraq anasından yadigar qalan telefonu sataraq pulunu mənimsəməsi və öz barəsində ona yalan məlumat verməsi olmuşdur. Belə ki, cavabdeh ona xalası qızı ilə ailə qurması, ondan 1 övladının olması, xalası qızı ilə sevib ailə qurmadığı üçün ondan ayrılması, bu səbəbdən də anası ilə xalası qızının sənədlərini alaraq onu evdən qovduqları barədə yalan məlumat vermişdir. Həmçinin cavabdehə inanmasının və etibar etməsinin səbəblərindən biri də onun özünün yaşadığı evin yerini ona göstərməsi olmuşdur. Daha sonra o, taksi ilə həmin ünvana gedərək qonşulardan cavabdehin 1 yox, 5 övladının olduğunu, boşanmalarına baxmayaraq, ailəsi ilə birlikdə həmin evdə yaşadığını, həyat yoldaşının onun xalası qızı olmadığını öyrənmiş və aldadıldığını başa düşmüşdür. Cavabdeh ondan pulu özünə məxsus torpaq sahəsini sənədləşdirmək məqsədi ilə almışdır. Sənədləşdirdikdən sonra həmin torpaq sahəsini sataraq borcunu ona qaytaracağını, anası və həyat yoldaşının ona burda sakit yaşamasına imkan vermədiklərindən qalan pulla isə xarici ölkəyə köçəcəyini bildirmişdir. Eyni zamanda sonradan cavabdehə məxsus torpaq sahəsinin olmadığını öyrənmişdir. Belə ki, hazırki mübahisə ilə bağlı cavabdehin hərəkətlərindən ilk əvvəl polisə şikayətlə müraciət etmiş və orda araşdırma zamanı portaldan çıxarışda sonuncunun adına hər hansısa əmlak olmadığı müəyyən edilmişdir. 2018-ci ildən bu günə kimi cavabdehin taksi xidmətindən istifadə edərkən daima onun xidmət haqqını ödəmişdir. O, cavabdehin yaşadığı ünvana getdikdə sonuncu və ailəsi evdə olmamışdır. Belə ki, cavabdeh onun istirahət günlərini bilirdi və həmin vaxtı onun yaşadığı ünvana gedəcəyini bildiyindən ailəsini də götürüb evdə çıxmışdır. Daha sonra isə həmin ünvana getməmişdir. Səbəb isə onun cavabdehin hərəkətlərindən aidiyyəti orqanlara müraciət etməsi olmuşdur. Çünki müraciətdən sonra cavabdehin yaşadığı ünvana getməsinin heç bir əhəmiyyətinin olmayacağını bilirdi. Həmçinin cavabdeh ona qarşı etibarından sui-istifadə edərək dələduzluq etməklə yanaşı, pulunu geri istədikdə sonuncu onu övladı ilə hədələmişdir. İlk əvvəl polisə və hazırda məhkəməyə müraciət etməsinin əsas başlıca səbəblərindən biri də cavabdehin onu övladı ilə hədələməsidir. Polisə cavabdehin ona qarşı etibarından suiistifadə edərək aldatmaqla dələduzluq etməsi ilə bağlı müraciət etsə də, mübahisənin mülki məsələ olduğu üçün məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. Elmir Rüstəmov onunla telefonla danışanda alınmış borcun qaytarılacağına zamin durduğuna görə ilk əvvəl onu da cavabdeh qismində göstərməklə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək izahatında bildirdi ki, İddiaçı izahatı ilə tam razı deyildir. Belə ki, iddiaçının onun əmlakının olmaması barədə verdiyi izahat həqiqəti əks etdirmir və o, bununla razı deyildir. Ona məxsus ev vardır, lakin həmin evin mülkiyyət sənədləri yoxdur, özbaşına tikilidir. Qeyd olunan 3.000 manat pul məbləği həqiqətən də iddiaçı tərəfindən ona hissəli şəkildə verilmişdir. Mobil telefonla bağlı mübahisəyə münasibətində isə qeyd edir ki, cavabdeh həqiqətən də ona istifadə üçün mobil telefon vermişdir. Qızı həmin dövrdə onlayn dərslərə qoşulduğuna görə o da öz növbəsində istifadə üçün mobil telefonu qızına vermişdir. İddiaçı mobil telefonunu geri tələb etdikdə qızının əlindən sözügedən telefon düşüb sındığına görə o, həmin mobil telefonla eyni marka və modeldə olan digər bir telefon alaraq iddiaçıya vermişdir. Lakin mobil telefonu verdikdən təxminən 2-3 saat sonra iddiaçı ona zəng edərək telefonun verdiyi həmin mobil telefon olmadığını bildirərək, ona geri qaytarmışdır. Əksinə iddiaçı onu övladı ilə hədələmişdir. Belə ki, iddiaçı ona qızının oxuduğu məktəbə gedəcəyini, olanları deyərək onu və övladını rüsvay edəcəyini bildirmişdir. İlk öncə iddiaçı ilə sosial şəbəkədə danışmışlar və həmin vaxt bir-birilərini görməmişlər. Daha sonra isə görüşdükdə birbirilərini üzbəüz görmüşlər. İddiaçı o və ailəsi barədə məlumatlı olmuşdur. Qeyd olunan 3.000 manat məbləği bütünlüklə torpaq sahəsinin sənədlərini düzəltmək üçün almamışdır. Torpaq sahəsinin sənədlərini düzəltmək üçün cəmi 300 manat məbləğində borc pul almışdır. Qalan 2.700 manat borc məbləğini isə maddi ehtiyaclarını ödəmək üçün almışdır. Lakin torpaq sahəsini hələ də sənədləşdirə bilməmişdir. Torpaq sahəsi onun yaşadığı evin altındakı torpaq sahəsidir və həmin torpaq sahəsinin üzərində yaşadığı fərdi yaşayış evi mövcuddur. Hazırda evini satışa qoymuşdur. Ev və torpaq sahəsi sənədsiz olduğuna görə almaq istəyən hələlik yoxdur. Lakin evini satan kimi iddiaçıya olan borcunu qaytaracaqdır. Eyni zamanda iddiaçı ona borcunu qaytarması üçün vaxt verməmişdir. Daha sonra iddiaçının ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etdiyindən xəbər tutmuşdur. O, iddiaçıya olan borcunu etiraf edir. 3.000 manat borcu və aldığı telefonun dəyəri olan 400 manatı hissəli şəkildə iddiaçıya qaytaracaqdır. Verilmiş suallara cavabında qeyd edir ki, o, iddiaçıdan qeyd olunan 3.000 manat məbləği 2020-ci ildən 2022-ci ilə qədər olan dövr ərzində 2 il müddətində hissəli şəkildə borc kimi almışdır. Həmin borc məbləğini özünün şəxsi ehtiyacları, digər şəxslərə olan borclarını qaytarmaq və 300 manat hissəsini isə torpaq sahəsinin sənədlərini düzəltmək məqsədi ilə almışdır. Borc aldığı zaman iddiaçıya borcunu hissəli şəkildə, ev satıldıqdan sonra isə bütöv şəkildə qalan borcu qaytaracağını bildirmişdir. İddiaçı ilə aralarında 3.000 manat borc münasibətlərindən başqa digər borc münasibətləri mövcud deyildir. Aldığı mobil telefon isə qızının əlindən düşüb sındığına görə başqa telefon alaraq iddiaçıya versə də, iddiaçı özünə məxsus verdiyi mobil telefonu geri istəyərək verilmiş telefonu qəbul etməmişdir. İlk dəfə iddiaçı polisə ondan şikayət edəndə maddi imkanı olmadığına görə həmin vaxtı borcunu qaytara bilməmişdir. O, iddiaçıya borcunu hissəli şəkildə qaytarmağı təklif etsə də, sonuncu bununla razılaşmamışdır. Elmir Rüstəmovun ona 300 manat borcu olmuşdur. Həmin pulu aldığı borca görə iddiaçının kartına göndərməyi Elmirə desə də, o həmin pulu onun anasına məxsus karta göndərmişdir. Göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarına əlavə olunan Cavabdeh Çingiz oğlu tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, İddiaçı olan borcunu etiraf edir. 3.000 manat borcu və telefona görə 400 manat pulu hissəli şəkildə İddiaçı ödəyəcəkdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 55 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh İddiaçı 2020-ci ildən 2022-ci il tarixədək 2 il müddətində hissəli şəkildə ümumilikdə 3.000 manat borc pul almış, lakin hazırki vaxta qədər həmin pulu qaytarmamışdır. Eyni zamanda İddiaçı tərəfindən Cavabdeh müvəqqəti istifadə üçün 400 manat dəyərində mobil telefon verilmişdir. Cavabdehdə olduğu zamanda həmin mobil telefon sınmış, bu səbəbdən də cavabdeh həmin mobil telefonu iddiaçıya geri qaytara bilməmiş, nə də ki mobil telefonun dəyəri olan 400 manatı iddiaçıya ödəməmiş, bununla da iddiaçıya 400 manat məbləğində maddi zərər vurmuşdur. Cavabdeh məhkəmə baxışı zamanı verdiyi izahatında iddiaçıya olan 3.000 manat borcunu və telefonun dəyəri olan 400 manatı hissəli şəkildə qaytaracağını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3.000 manat və dəymiş maddi zərərin əvəzi olaraq 400 manat, cəmi 3.400 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; İddia tələbi təmin edildiyinə görə, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 55 manat pul vəsaitinin əvəzi cavabdehdən tutulub iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 3.000 (üç min) manat, dəymiş maddi zərərin əvəzi olaraq 400 (dörd yüz) manat, cəmi 3.400 (üç min dörd yüz) manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 55 (əlli beş) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelıyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar