Məhkəmə qərarları › İş №2(012)-5557/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5557/2025

06.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5557/2025 06.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli Podrat Müqaviləsinə əsasən, cavabdehə ödədiyi 12000 manat məbləğində pulun və banka faiz olaraq ödənilmiş 2500 manat məbləğində pulun, ümumilikdə isə 14500 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında xx.xx.2025-ci il tarixli Podrat Müqaviləsi bağlanmışdır. X3 əsasən iddiaçı cavabdehə ümumilikdə 42500 manat məbləğində pul ödəməli idi. Həmin məbləğdən ilkin olaraq 12000 manat məbləğində pulu iddiaçı cavabdehə ödəmişdir. xx.xx.2025-ci il tarixli Podrat Müqaviləsinə əsasən, cavabdeh iddiaçıya məxsus Hökməli qəsəbəsində yerləşən 124 kv.m yaşayış evinin tikinti və təmir işlərinin görülməsini öz üzərinə götürmüşdür. Lakin müqavilədən 6 ay keçməsinə baxmayaraq, cavabdeh şirkət tərəfindən heç bir təmir tikinti işləri aparılmamış, əksinə olaraq bağ evində olan bəzi əşyaları belə şirkətin əməkdaşları tərəfindən götürülmüşdür. Ödənilmiş 12000 manat məbləğində pulun iddiaçıya geri qaytarılması üçün cavabdehə pretenziya xarakterli məktub göndərsə də, heç bir nəticəsi olmamışdır. Cavabdehə 12000 manat məbləğində pulu ödəmək üçün həyat yoldaşı X1 adına Kapital Bankdan illik 25.5 % olmaqla, 10988 manat məbləğində pul kreditə götürmüş və 6 aydır ki, hər ay 367 manat banka faiz ödəyir. Ümumilikdə isə 6 ay ərzində Kapital Banka 2500 manat faiz ödəmişdir. Odur ki, hazırda cavabdehə ödədiyi 12000 manat məbləğində pulun və banka faiz olaraq ödənilmiş 2500 manat məbləğində pulun, ümumilikdə isə 14500 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsinə zərurət vardır. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, aprel ayında cavabdehə ödəniş edilmiş, şirkətin əməkdaşları tərəfindən müqavilə üzrə görülməli işlərin avqust ayına kimi yekunlaşacağı bildirilmiş, lakin əməl edilməmişdir. Cavabdehlə aralarında məhkəmədənkənar razılıq əldə olunmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Sifarişçi İddiaçı və podratçı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli podrat müqaviləsindən görünür ki, podratçı sifarişçinin mülkiyyətində olan Bakı şəhəri, Hökməli qəsəbəsində yerləşən bağ sahəsində 124 kv.m yaşayış evinin tikinti və təmir işlərinin görülməsini, sifarişçi isə öz növbəsində göstərilmiş həmin xidmətlərin dəyərini podratçıya ödəməyi öz öhdəsində götürür. Müqavilənin qiyməti tərəflər arasında ümumi 42500 manat məbləğində razılaşdırılır. Hesablaşmalar 2 hissəli olmaqla ilkin ödəniş 15000 manat qalıq məbləğ isə yəni 27500 manat müqavilə bağlandığı müddətdən 55 ay ərzində 500 manat ödənilənəcək. Tikinti işlərinin gedişində əlavə işlər görmək və görülən işin smeta dəyərini artırmaq zərurəti ortaya çıxarsa, podratçı bu barədə sifarişçiyə xəbər verməyə borcludur. Sifarişçi bu məlumata cavab verməyi gecikdirərsə Podratçı müvəqqəti olaraq işlərin görülməsini dayandırır. Müqavilənin 2.3-cü maddəsində nəzərdə tutulan xidmət haqqı xidmət “Sifarişçi”nin keyfiyyət tələblərinə uyğun şəkildə olmaqla işlərin mərhələli təhvil verilməsindən sonra Podratçı tərəfindən təqdim edilmiş hesab və qaimə fakturalar əsasında 3 (üç) təqvim günü ərzində Podratçının hesabına ödəniləcəkdir. -xx.xx.2025-ci il tarixli, 438316 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə 10000 manat məbləğində ödəniş edilmişdir. -xx.xx.2025-ci il tarixli, 438315 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə 1000 manat məbləğində ödəniş edilmişdir. -xx.xx.2025-ci il tarixli, **********5 saylı qəbzin surətindən görünür ki, Anar Ə***** adlı hesaba 1000 manat ödəniş edilmişdir. -“Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş vergi ödəyicilərinin məlumatlarına dair çıxarışdan görünür ki, Cavabdeh MMC adlı qurum (VÖEN: **********) xx.xx.2024-cü il tarixdə qeydə alınmış, hüquqi ünvanı - AZ0100, ünvan 1isi - X4r. -xx.xx.2025-ci il tarixli, RFGT3508621C114 saylı kredit müqaviləsinə əlavədən görünür ki, X2 "xxxx" ASC tərəfindən illik 25.5 %-lə 48 ay müddətinə qaytarmaq şərtilə 10988 manat kredit verilmişdir. -İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2025-ci tarixli məktubdan görünür ki, sonuncudan xx.xx.2025-cü il tarixli podrat müqaviləsinə görə ödənilmiş 12000 manat məbləğində pulun 10 gün ərzində geri qaytarılması tələb edilmiş, əks təqdirdə tərəfindən məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. -“Elektron Məhkəmə” İnformasiya Sistemindən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı 134 manat dövlət rüsumu ödənilmişdir. -Məhkəmə iclasında mübahisə predmeti olan ərazinin elektron daşıyıcıda olan görüntüləri tədqiq edilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixdə podrat müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Hökməli qəsəbəsində yerləşən bağ sahəsində 124 kv.m yaşayış evinin tikinti və təmir işlərinin görülməsi barədə üzərinə öhdəlik götürmüşdür. Həmin öhdəliyi icra edilməsi üçün İddiaçı tərəfindən ümumilikdə 12000 manat ödəniş edilmişdir. Cavabdeh tərəfin öhdəliyi icra etməməsi səbəbindən tərəflər arasında narazılıq yaranmış və hazırda iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 755-ci maddəsinə əsasən, podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 765-ci maddəsinə əsasən, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. İddiaçı (sifarişçi) İddiaçı və cavabdeh (podratçı) Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli podrat müqaviləsinin: 1.1-ci bəndinə əsasən, podratçı sifarişçinin mülkiyyətində olan Bakı şəhəri, Hökməli qəsəbəsində yerləşən bağ sahəsində 124 kv.m yaşayış evinin tikinti və təmir işlərinin görülməsini öz üzərinə götürür. Sifarişçi isə öz növbəsində göstərilmiş həmin xidmətlərin dəyərini Podratçıya ödəməyi öz öhdəsində götürür. 1.2-ci bəndinə əsasən, istifadə olunacaq materialların markası və adları aşağıdakı kimidir: 1) Hörgü işləri (siment norm, holcim, qaradağ 300 marka); 2) Hörgü bağlama kəmər (armatur 12 X7); 3) Dam örtüyü (çerapissa 4.5); 4) Divarlarda suvaq işləri (siment norm, holcim, qaradağ 300 marka); 5) Pəncərə (PVC); 6) Çöl qapı (limit 600); 7) Fasadlı boya işləri; 8) elektrik işləri (tam təhvil); 9) malyar işləri; 10) Boya və divar kağızı işləri; 11) alçipan işləri; 12) döşəmə işləri; 13) santexnik işləri; 14) kafel-metlax işləri; 15) daxili qapılar. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçı üzərinə götürdüyü öhdəliyini icra etsə də, cavabdeh öz öhdəliyini icra etməmişdir. Bu halda məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi pozduğu üçün iddiaçı tərəfindən ödənilmiş 12000 manat məbləğində pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, iddia tələbinin cavabdehdən faiz olaraq ödənilmiş 2500 manat məbləğində pulun tutulmasına dair hissəsinin əsas tələblə bağlılığı, bundan əlavə cavabdeh tərəfindən buna dair iddiaçı qarşısında hər hansı öhdəlik götürülməsi iddiaçı tərəfindən sübuta yetirilməmiş, həmçinin məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 134 manat dövlət rüsumunun 126 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 8 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 12000 manat pul vəsaiti və ödənilmiş 126 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 12000 manat pul vəsaiti və ödənilmiş 126 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 8 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar