Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5578/2021 27.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı Azərbaycan Beynəlxalq X7 Cəmiyyətinin nümayəndəsi X2 qızının, Cavabdeh1 iştirakı ilə, İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh1 arasında bağlanmış 08.01.2019-cu il tarixli BPM**********54 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8302.35 manat əsas, 1952.42 manat faiz olmaqla cəmi 10254.77 manat borcun və iş üzrə ödənilmiş 30.40 manat dövlət rüsumunun Azərbaycan Beynəlxalq Bankı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Beynəlxalq X7 Cəmiyyətinin nümayəndəsi X2 qızı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh1 arasında bağlanmış BPM**********54 nömrəli 08.01.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 22 faizlə 36 ay müddətinə 15000 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi kreditor ilə Cavabdeh2 arasında 08.01.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır.Yuxarıda qeyd olunan müqavilələr üzrə müəyyən edilmiş öhdəliklər yerinə yetirilməmişdir. BPM**********54 nömrəli 08.01.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 03.09.2021-ci il tarixinə əsas borc üzrə 8302.35 manat, faiz borcu üzrə 1952.42 manat olmaqla, cəmi 10254.77 manat borc məbləği mövcuddur. Cavabdeh bankın siyahısında hərbiçi kimi qeyd olunmuş və 2020-ci il ərzində bank heç bir hərbiçi müştərisini məhkəməyə verməmişdir. Hazırkı vaxtda isə borc ödənilməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, iddiaçı Azərbaycan Beynəlxalq X7 Cəmiyyəti ilə bağladığı BPM**********54 nömrəli 08.01.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona illik 22 faizlə 36 ay müddətinə 15000 manat kredit verilmişdir. Cavabdeh2 zaminlik müqaviləsi üzrə onun bank qarşısında kredit borcuna zamin dayanmışdır. Hərbidə işləyirdi, Aprel döyüşlərində yaralanmış, sonradan isə atası vəfat etmişdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə ödənişlərində gecikmələri yaranmışdır. Belə ki, bank tərəfindən tələb olunan kredit borcunun məbləğinin yüksək olduğunu hesab edir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 739.1. və 739.2. maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Kredit verən Azərbaycan Beynəlxalq Bankı ASC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 08.01.2019-cu il tarixli BPM**********54 saylı kredit müqaviləsindan görünür ki, kredit verən 36 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 15000 manat kredit verməyi öhdəsinə götürmüşdür. -Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını 08.02.2019-cu il tarixdən başlayaraq, 08.01.2022-ci il tarixinə kimi hər ay banka 572.9 manat (sonuncu ay isə 570.7 manat) ödəməklə qaytarmalıdır. -08.01.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, kredit alan Cavabdeh1 kredit müqaviləsi üzrə bankdan 15000 manat kredit vəsaitini imza edərək təhvil almışdır. -Kreditor Azərbaycan Beynəlxalq Bankı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış 08.01.2019-cu il tarixli BPM**********54 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. -03.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Azərbaycan Beynəlxalq Bankı ASC-yə olan borcu 03.09.2021-ci il tarixinə 8302.35 manat əsas, 1952.42 manat faiz olmaqla cəmi 10254.77 manat təşkil edir. -Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 23.07.2021-ci il tarixli bildirişdən görünür ki, bank tərəfindən borclulara kredit müqaviləsi üzrə borc 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -22.08.2012-ci il tarixli SQ0042471 saylı şəxsi vəsiqənin surətindən görünür ki, Cavabdeh2 hərbi qulluqçudur. -24.05.2014-cü il tarixli SQ0015560 saylı şəxsi vəsiqənin surətindən görünür ki, Cavabdeh1 hərbi qulluqçudur. -İsmayıllı RPŞ tərəfindən verilmiş 22.02.2016-cı il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİnin Maps şöbəsi tərəfindən verilmiş 04.06.2021-ci il tarixli arayışdan görünür ki, Məmmədov X5 rayonu İsmayıllı kəndində qeydiyyatdadır. -Asan-Sumqayıt tərəfindən verilmiş 16.04.2015-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİnin Maps şöbəsi tərəfindən verilmiş 04.06.2021-ci il tarixli arayışdan görünür ki, Abışov X1 rayonu Xırdalan şəhəri Ş.Qurbanov küçəsi məhəllə 25, 74 saylı evdə qeydiyyatdadır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi, borcalan Cavabdeh1 iddiaçı bankdan kredit borcu götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, borcalan Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin: 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, zamin Cavabdeh2 bank qarşısında, digər Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh1 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30.40 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh1 arasında bağlanmış 08.01.2019-cu il tarixli BPM**********54 saylı kredit müqaviləsi üzrə cavabdehlər tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8302.35 manat əsas, 1952.42 manat faiz olmaqla cəmi 10254.77 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30.40 manat iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh1 arasında bağlanmış 08.01.2019-cu il tarixli BPM**********54 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8302.35 (səkkiz min üç yüz iki manat otuz beş qəpik) manat əsas, 1952.42 (min doqquz yüz əlli iki manat qırx iki qəpik) manat faiz olmaqla cəmi 10254.77 (on min iki yüz əlli dörd manat yetmiş yeddi qəpik) manat borc və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-5578/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5578/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver