Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-559/2023 23.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 10.000 manat pulun və ödədiyi 120 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2021-ci ilin yanvar ayında İspaniyada yaşayan və Rusiyada biznes fəaliyyəti ilə məşğul olan dostu X3 ona zəng vuraraq tanışları Abdulla və Ayaz adlı şəxslərlə birlikdə Rusiyaya pomidor aparıb sata biləcəklərini bildirmiş və özü Azərbaycanda olmadığı üçün ondan həmin işdə iştirak etməsini xahiş etmişdir. Bu zaman o, Abdulla və Ayaz adlı şəxslə görüşmüş, birlikdə Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən "xxxx" MMC-nin istixanasına getmişlər. Ora çatdıqda Abdulla istixanaya girmiş, təxminən 15 dəqiqədən sonra gələrək maşınların yüklənməsi üçün ümumilikdə 30000 manat pul lazım olduğunu bildirmişdir. Bu zaman Abdulla və Ayaz ona 15000 manatı özlərinin verəcəyini, 15000 manatın isə Elxanın payına düşdüyünü və Elxan tərəfindən ödənilməli olduğunu bildirmişlər. Daha sonra, Elxan telefon vasitəsilə onunla əlaqə yaradaraq pulu tapıb verməsini xahiş etmişdir. O, 5000 manat məbləğində pul vəsaitini toplamışdır. Təxminən 2 gün sonra Ayaz və Abdulla ilə Nərimanov metrostansiyası yaxınlığında görüşərək pul vəsaitini Ayaza vermişdir. Bundan üç gün sonra o, Ayaza zəng vuraraq 10000 manat pul vəsaitini hazırladığını bildirmişdir. Bu zaman Ayaz ona Abdullanın rayonda olduğunu və Ayazla pulu aparıb istixanaya verməli olduğunu demişdir. Ayazla o, istixanaya getmiş, Ayazın iştirakı ilə 10000 manat məbləğində pulu Cavabdeh2 vermişdir. Pulu verdikdə maşınların nə vaxt yüklənəcəyini soruşmuş, bu zaman Zeynal ona bildirmişdir ki, verdiyi pul Abdullanın borcuna hesablanıb. O, Abdulla ilə heç bir alveri olmadığını bildirmiş və buna etiraz etmişdir. Pulu dərhal qaytarmağı tələb etdikdə, Zeynal onunla mübahisə etməyə başladmış və onları istixanadan qovmuşdur. Bundan sonra o, Nərimanov rayon Polis İdarəsinə şikayət etmiş, daha sonra material aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinə göndərilmişdir. Orada müstəntiq tərəfindən aparılan araşdırma zamanı, Cavabdeh2 izahat verərək, ondan 10000 manat məbləğində pul vəsaiti aldığını etiraf etmişdir. Lakin Sabunçu RPİ tərəfindən xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. O, dəfələrlə "xxxx" MMC-dən pulunun qaytarılmasını tələb etsə də, nəticəsi olmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 göstərdi ki, həqiqətən də, İddiaçı MMCyə mal alınması üçün 10000 manat pul gətirmiş, pul onun vasitəsilə Mehdidən alınıb MMC-nin müdiriyyətinə verilmişdir. O, bu puldan bəhrələnməmiş, sadəcə vasitəçi olmuşdur. Pulun ondan tələb edilməsini qəbul etmir, mübahisənin həllini isə məhkəmənin mülahizəsinə buraxır. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 MMC-nin vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədi. O bildirdi ki, MMC-yə ödənilmiş 10000 manat pul vəsaiti Abdulla adlı şəxsə verilmiş malın dəyəridir. İddiaçının isə təmsil etdiyi şirkətə heç bir borcu olmamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan 131301 saylı, xx.xx.2021-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, Cavabdeh2 "xxxx" MMC-nin hesabına 10000 manat pul ödəmişdir. Orderdə pulun Abdulla və Mehdi adlı şəxslərin 48770 manat məbləğində borcundan ödənildiyi göstərilmişdir. İşdə olan Bakı şəhəri, Sabunçu RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd olunması qərara alınmışdır. İşdə olan Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-561/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı X2 qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, X1 3500 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət olunmuşdur. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, İddiaçı 10000 manat pulu mal alınması üçün "xxxx" MMC-də işləyən Cavabdeh2 vermişdir. Cavabdeh2 isə həmin puldan faydalanmamış və onu Cavabdeh1 MMC-nin balansına köçürmüş, şirkət həmin pulu digər şəxsin ona olan borcuna hesablamışdır. Hazırda İddiaçı 10000 manat pulu "xxxx" MMC-dən və Cavabdeh2 tələb edir. Cavabdehlər isə iddia tələbini qəbul etmirlər. MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh1 MMC-nin hesabına Cavabdeh2 tərəfindən 10000 manat pul mədaxil olunmuşdur. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, bu pulu ona məhz İddiaçı vermişdir. İddiaçı qeyd edir ki, həmin pulu MMC-nin istixanasından pomidorların maşınlara yüklənməsi və çıxarılması üçün ödəmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclasında qeyd etdi ki, verilən vəsait Abdulla adlı şəxsin MMC-yə olan borclarının ödənilməsinə çıxılmışdır. İddiaçının isə şirkətə heç bir borcu olmamışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının Cavabdeh1 MMC-nin hesabına ödədiyi 10000 manat pul vəsaiti ilə MMC əsassız varlanmışdır və həmin məbləğ MMC-dən tutularaq iddiaçıya qaytarılmalıdır. Mülki Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 10000 manat məbləğində pul Cavabdeh1 MMC-dən alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, tələb edilən pul vəsaitindən Cavabdeh2 deyil, Cavabdeh1 MMC bəhrələndiyindən, Cavabdeh2 qarşı iddia təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilmiş 120 manat pul Cavabdeh1 MMC-dən alınaraq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 MMC-dən 10000 manat pul və ödənilmiş 120 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-559/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-559/2023
23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver