Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5633/2025 02.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh MMC-nin direktoru X9, həmçinin cavabdehin vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin iddiaçıya verdiyi yanlış və yarımçıq informasiya, habelə göstərdiyi qüsurlu xidmət nəticəsində iddiaçıya ayrı-ayrılıqda 4255 manat (tur-paketin qiyməti) və 450 manat (özünün aldığı geri dönüş bileti) olmaqla, ümumilikdə 4705 manat maddi ziyan və 10000 manat dəyərində mənəvi zərər və 135 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı X3 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC-ə turizm xidmətləri almaq məqsədilə müraciət etmişdir. İddiaçı Cavabdeh MMC-nin rəsmi əlaqə nömrəsi ilə vatsapp mobil tətbiqində yazışmış və bu zaman iddiaçı Cavabdeh MMC-nin əməkdaşına öz istədiyi otellərdə boş yer olub-olmaması ilə bağlı suallar vermiş, əməkdaş isə öz növbəsində həmin otellərdə boş yer olmadığını, əvəzinə başqa otellər təqdim edə biləcəyini qeyd etmişdir. Əməkdaşın təqdim etdiyi otellərin siyahısında Türkiyə Respublikasının Antalya şəhərində X13 oteli və bir neçə başqa otellər olur. İddiaçı həmin başqa otellər haqqında soruşduqda əməkdaş israrla iddiaçıya Türkiyə Respublikasının Antalya şəhərində X13 otelini məsləhət görür, həmin otelin 5 ulduzlu yüksək keyfiyyətli otel olduğunu, hər kəsin bu oteldən məmnun qaldığını, lakin burada yalnız bir dəniz mənzərəli otağın qaldığını deyərək iddiaçını bu oteli seçməkdə təşviq edir və iddiaçı həmin əməkdaş tərəfindən təklif edilən Türkiyə Respublikasının Antalya şəhərində 5 ulduzlu X13 otelində dəniz mənzərəli delüks otaqda (X16SİDE - tərcümə: delüks dənizgörünüşlü otaq) tək nəfərlik 06 gecə 07 gün müddətinə (xx.xx.2025-xx.xx.2025-ci il arasında) qalmağa razılaşmaqla Cavabdeh MMC-yə 4255 manat pul vəsaiti ödəmişdir. Lakin iddiaçı xx.xx.2025-ci il tarixdə “Selfie Travel MMC”-nin onu göndərdiyi Türkiyə Respublikasındakı X13 otelinə daxil olduğu andan oteldə anti-gigiyenik şəraitlə qarşılaşmış, otel personalı tərəfindən ona heç bir istiqamət göstərilməmiş, köməklik edilməmişdir. Yalnız öz səyləri nəticəsində adına bron edilmiş otağı tapmışdır. Daha sonra həmin otaq qalxdıqda isə həmin otağın heç bir dəniz mənzərəsinin olmadığını, otaqdakı yataq dəstlərinin işlənmiş və çirkli vəziyyətdə olduğunu, divar və güzgülərdə çətin gedə bilən qalın yağ ləkələrinin olduğunu, hamam xalatının və əl üz dəsmalının olmadığını, hər tərəfin toz içində olduğunu, otaqdakı mini-barın, demək olar ki, boş və alt hissədən çürümüş, paslanmış olmasını, habelə taxt formasında çarpayı olmalı olan otaqda iki təknəfərlik çarpayının yanyana qoyulması ilə yaradılmış “süni taxt” çarpayını görmüşdür. Habelə otelin restoranında verilən yeməklərinin, xüsusən də, iddiaçının yediyi ət yeməyinin çiy olduğunu görəndə daha da qəzəblənmiş, bütün bu antisanitar vəziyyəti öz mobil telefonu vasitəsi ilə video qeydiyyata almışdır. Bundan sonra iddiaçı Cavabdeh MMC ilə təkrar əlaqə saxlamış və onlardan verdiyi vədə uyğun, yəni beynəlxalq 5 ulduzlu otel standartlarına müvafiq şəkildə otaqla və xidmətlə təmin olunmasını tələb etmişdir. Həmçinin otağının və ya otelinin dəyişdirilməsini istəmişdir. Lakin Cavabdeh MMC müxtəlif bəhanələrlə bunu etməmiş əvəzinə isə “onsuz da tur vaxtınız azdır, gedin həyətdə gəzin, axşamdan-axşama yatmağa gələrsiniz otağa” deyə cavab vermişdir. Habelə MMC-nin Nəzrin və Firəngiz Əsədova adlı əməkdaşları iddiaçının probleminin həll edilməsi istiqamətində heç bir hərəkət etməmiş, otelinin dəyişdirilməsi üçün isə əlavə yüksək məbləğdə pul tələb etmişdirlər. İddiaçı yenə də təmkinlə MMC-ə özünün Azərbaycana geri-dönüş biletini ən yaxın tarixə dəyişdirərək ölkəsinə qaytarılmağı təklif etsə də, MMC bunu da etməmiş, ən yaxın tarixə guya aviabilet olmadığını qeyd etmişdir. Bundan əsəbləşən iddiaçı həmin qeyri–insani şəraitdə qalmaqdan imtina edərək öz şəxsi vəsaiti hesabına Türkiyədən Azərbaycan 450 manat qarşılığında geri dönüş bileti alaraq səyahətinin 2-ci günündə, yəni xx.xx.2025-ci ildə Bakıya qayıtmışdır. Azərbaycan Respublikası Dövlət X1 2023-ci il 2 may tarixli, 3-46/3-2- 4KQ/23 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları”-dan və UNWTO (X6) - İSO standartlarındanda aydın görünür ki, bu cür keyfiyyətsiz xidmət heç bir 5 ulduzlu oteldə ola bilməz. Burdan tam aydın olur ki, Cavabdeh MMC iddiaçıya keyfiyyətli xidmət göstərməmiş, təqdim etdiyi oteli araşdırmamış, standartlara uyğunluğunu yoxlamamış, habelə bu səhvini düzəltmək və keyfiyyətli xidmət göstərmək məqsədilə də heç bir digər hərəkət etməmişdir. Bu hadisə iddiaçıda dərin mənəvi sarsıntıların, depresiyaların yaranmasına səbəb olmuşdur. Habelə bu hadisənin yay fəslinin sonlarında baş verməsi iddiaçının təkrar ideal yay səyahəti etmək imkanını əlindən alır, çünki hava şəraiti getdikcə daha da soyuyur. İldə bir həftə özünə yay səyahəti hədiyyə etmək istəyən iddiaçı buna nail ola bilməmiş, burdan keçirdiyi neqativ hislər ən azı gələn ilki yay səyahətinə qədər onun depersiyasını və mənəvi sarsıntısını daha da şiddətləndirəcək. Beləliklə, Cavabdeh MMCnin iddiaçıya verdiyi yanlış və yarımçıq informasiya, habelə göstərdiyi qüsurlu xidmət nəticəsində iddiaçıya ayrı-ayrılıqda 4255 manat (tur-paketin qiyməti) və 450 manat (özünün aldığı geri dönüş bileti) olmaqla, ümumilikdə 4705 manat maddi ziyan və 10000 manat dəyərində mənəvi zərər dəymişdir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, o ilk dəfə idi ki, bu tur ilə səyahət edirdi. Başqa oteldə yer olmadığına görə və otel tərəfindən məsləhət görüldüyünə görə bu oteli seçmişdir. Otelin seçilməsində məcburetmə olmamış, otellərin şəklinə onlayn şəkildə baxıb, bəyənib seçmiş, tərəflər arasında onlayn şəkildə müqavilə bağlanmış, o 2 dəfəyə ödənişləri göndərmişdir. O, təyyarədən narazı olmamışdır. Cavabdeh MMC-nin əməkdaşı olan Nəzrin adlı xanımla yazışmaları var. Müqavilədə qeyd edilən lazımi xidmət cavabdeh tərəfindən ona göstərilməmişdir. Belə ki, yazışmalarda dəniz mənzərəli otaq olduğu qeyd edilsə də, onlara verilən otaq dəniz mənzərəli deyildi. Bunlar yalnız yazışmalarda öz əksini tapır. Lüks olduğunu zənn edib oteli seçmişdir Antisanitariya vəziyyəti var idi. Əlavə olaraq getdiyi otel 5 ulduzlu otel olmalı idi. 1 dəfə günorta yeməyinə düşmüş və otelə gedəndə transferdən istifadə etmişdir. Heç bir yerdə qeyd edilməmişdir ki, iddiaçı 2 və ya 3-cü dəfə də işçiləri otağa buraxmamışdır. Bundan əlavə o yenidən otağı təmizlətməli deyil, hazır, təmiz otağa daxil olmalı idi. Axşam saat 6-da işçilər gəlib yalnız yeri silib getmişlər, onun bəyəndiyi tərzdə olmamışdır. Şirkətə bildirdikdə qəbul otağı – resepsiyona məlumat verməli olduğunu bildirmişlər. Cavabdeh nöqsanların aradan qaldırılması üçün otelin məsul şəxsinə onun nömrəsini vermiş və müəyyən hərəkətlərə etməyə çalışmış, sonraki gün otağın dəyişilməsinə söz verilmişdir. Problemi qarşı tərəfə bildirdikdə başqa otaq verilə bilməyəcəklərini demişlər. Daha sonra o oteli dəyişmək təklifi ilə razılaşmasına və əlavə ödəniş etməyə hazır olmasına baxmayaraq, məbləğdə razılaşa bilməmişlər. Otağın dəyişilməsini təklif etsələr də, otağı dəyişmək təklifi ilə razı olmamışdır. 2 gecə oteldə qalmış, saat 6-da oteli tərk edərək əlavə bilet alıb geri qayıtmışdır. Sonraki gün başqa turla bilet alaraq ölkəyə qayıtmışdır. Bilet alıb qayıtdığını cavabdehə bildirməmişdir. Çünki cavabdeh onunla əlaqə saxlayıb maraqlanmamışdır. Ümumiyyətlə, o göstərilən xidmətdən narazıdır. Məhkəmə iclasında Cavabdeh MMC-nin direktoru X9 iddia tələbini qəbul etməyərək təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq izahatında və xx.xx.2025-ci il tarixli etirazında bildirmişdir ki, iddiaçı ilə cavabdehin arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, iddiaçının Türkiyənin Antalya şəhərinə səyahəti çərçivəsində cavabdeh iddiaçının xx.xx.2025-də təyyarə ilə Antalyaya gedişini, iddiaçının hava limanından otelə transferini, “X13” 5 ulduzlu oteldə 1 otaqlı nömrənin ayrılmasını, iddiaçının xx.xx.2025-ci ildə təyyarə ilə Bakıya qayıdışını öhdəsinə götürmüş və sonuncu bənd istisna olmaqla öhdəliklərini tam icra etmişdir. Belə ki, iddiaçı öz seçimi və öz qərarı ilə vaxtından əvvəl Bakıya qayıtdığı üçün cavabdehin onu xx.xx.2025-ci ildə təyyarə ilə Bakıya qaytarması mümkün deyildi. Bu baxımdan iddiaçının maddi və mənəvi ziyanın tutulması tələbi faktiki və hüquqi əsaslardan məhrumdur. “X13” 5 ulduzlu otel iddiaçının şəxsi iradəsi və seçimi əsasında müəyyən edilmişdir. Cavabdeh yalnız mümkün variantları və qiymət təkliflərini təqdim etmiş, seçimdə məcburiyyət və ya yanlış yönləndirmə etməmişdir. Otelin rəsmi 5 ulduz statusu isə müvafiq sertifikat və arayışla təsdiq olunur. Qanunvericiliyə əsasən, öz vəzifələrini icra edərkən tərəflərdən hər biri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Bu prizmadan da baxıldıqda məlum olur ki, cavabdeh qanunvericiliyə uyğun olaraq, müqavilə öhdəliklərini lazımi qaydada icra etmişdir. Otelin 5 ulduz statusu xidmətin keyfiyyətsiz olmasını istisna edir. İddiaçının narazılığını həll etməyə cəhd etmiş otel işçiləri iddiaçıya ayrılmış otağı iki dəfə təmizləmiş, buna baxmayaraq, iddiaçı onlara divarda cızıq olduğunu əsas gətirib oteli tərk etmək istədiyini bildirmişdir. Bu fakt otelin verdiyi məlumatda öz əksini tapmışdır. Bundan başqa, cavabdeh iddiaçıya alternativ həll yollarını təklif etsə də, iddiaçı buna da razı olmamış, məsələnin həlli üçün cavabdehlə birgə hərəkət etməmiş və öz iradəsi ilə oteli tərk etmişdir. Halbuki qanunvericiliyə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. İddiaçı tərəfindən göstərilən iradlar (otaqda cızıqların olması, şəxsi narazılıq və s.) subyektiv xarakter daşıyır və obyektiv hal kimi qiymətləndirilə bilməz. Bu subyektiv yanaşma otelin kateqoriyasına uyğun olmayan hal olduğunu sübut etmir, texniki ekspertiza, rəsmi akt və ya üçüncü müstəqil qurumun rəyi ilə də təsdiqlənmir. Halbuki qanunvericiliyə əsasən, xidmətin qüsurlu olması müvafiq qaydada sübut edilməlidir. Bundan başqa, özbaşına edilmiş xərclər də cavabdehin məsuliyyətini yaratmır. Belə ki, qanunvericiliyə əsasən, mülki hüquq pozuntusu başqa şəxsə birbaşa ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Cavabdeh hüquqa zidd heç bir əməl etməmiş, əksinə olaraq öz öhdəliklərini vaxtında, tam və vicdanla icra etmişdir, iddiaçıya alternativ həll yollarını otaq dəyişimi, daha yüksək kateqoriyalı otelə keçid variantını, digər otellər üzrə qiymət təkliflərini təqdim etmişdir. Lakin iddiaçı bu təkliflərin heç birini qəbul etməmiş və cavabdehi əvvəlcədən məlumatlandırmadan oteli öz iradəsi ilə tərk etmişdir. Bu isə qanunvericiliyə əsasən zərərin artmasına şərait yaradan tərəfin məsuliyyətini istisna edən haldır. İddia edilən mənəvi zərər tələbi də əsassızdır. Belə ki, qanunvericiliyə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı işlərdə zərərçəkənin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İddiaçı mənəvi zərərin nədən ibarət olduğunu, hansı hüququnun pozulduğunu və bu pozuntunun hansı intensivlikdə baş verdiyini konkretləşdirməmişdir. Xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün sübutetmə yükü zərərçəkənin öhdəsinə, MPM-ə əsasən isə sübutetmə yükü iddiaçının üzərinə düşməsinə baxmayaraq, iddiaçı xidmətin qüsurlarına, iddia etdiyi maddi və mənəvi zərərin vurulmasına dair heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, otel çox böyük olduğuna görə otaqdan tam görünmür, lakin dəniz mənzərəli otaqdır. Otel təklifini Sadiq bəyə o etmişdir. Otaq söhbətindən sonra otel təklifi olmuşdur. Onlar digər şirkətin agenti olaraq vasitəçi kimi vətəndaşlarla işləyirlər. Yazışma barədə məlumatı yoxdur. Odur ki, iddiaçı X4 iddiasının bütünlüklə rədd edilməsi, hüquqi yardıma görə vəkillə ödənilmiş 1525 manat iddiaçıdan alınaraq cavabdehə verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin vəkili-nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, tərəflər arasında müstəqil şəkildə müqavilə bağlanılmış, iddiaçı “lux otel” istəməmiş, istənilən oteli istəmişdir. İddiaçıya 5 ulduzlu otel təqdim edilmiş, dəniz görünümlü otaq təmin edilmiş, çatdırılma olmuşdur. Otelin təqdim etdiyi arayışdan görünür ki, otel 5 ulduzludur və iddiaçı 2-3-cü dəfədən sonra işçiləri otağa buraxmamışdır. İddiaçı yeni otel seçimini də bəyənməmiş, oteli istəmədiyini, bundan əlavə o dəniz baxışlı otağın verilmədiyini bildirmişdir. Lakin müqavilədə dəniz baxışlı otağın veriləcəyi nəzərdə tutulmamışdır. “Seaside” dedikdə termin olaraq “dəniz kənarı” mənada istifadə edilir. İddiaçının dediyi “sea view”dur ki, balkondan da dəniz görünür. Lakin iddiaçı ilə müqavilədə “Seaside” qeyd edilmişdir. Cavabdeh tərəfindən müqavilə tam şəkildə icra edilmişdir. Odur ki, iddia tam şəkildə əsassızdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Cavabdeh MMC Turizm Şirkəti və sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 5209 saylı müqavilə-sifarişdən görünür ki, sifarişçi 6 gecə 7 günlük (xx.xx.2025xx.xx.2025), nəqliyyat xidməti olaraq Azerbaijan Airlines (AZAL) aviaşirkəti ilə uçuş, X16 Side (SNG) tipli 1 otaqlı yerləşmə daxil olan tur paketi üçün ümumilikdə 2495 USD - 4255 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. -xx.xx.2025-ci il tarixli, **********1 / ********** nömrəli ödəniş tapşırığından, həmçinin **********5 saylı qəbzin surətindən görünür ki, Cavabdeh MMC-yə tur ödənişi təyinatı ilə 2755 manat ödəniş edilmişdir. -Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 412755 seriya nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə tur paket ilkin ödəniş üçün 1500 manat ödəniş edilmişdir. -xx.xx.2025-ci il tarixli, **********7 saylı qəbzin surətindən görünür ki, 450 manat ödəniş edilmişdir. - İş materillarına əlavə edilmiş “Whatsapp” yazışmaları və disk material tədqiq edilmişdir. -“Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı tərəfindən 135 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, cavabdehin direktoru Vüqar adlı şəxsi idmanla məşğul olduğu zaldan tanıyır. Onunla əlaqə saxlamış, daha sonra yoldaşı Cavabdeh MMC əməkdaşları ilə danışıb razılaşmışdır. O oteldə olmamışdır. Nəzrin xanım etikadan kənara çıxaraq bəzi sözlər yazdığına görə ona qarşı adekvat ifadələr işlətmişdir. Yoldaşına otağın dəyişilməsi 1 gündən sonra onun təkidlərindən sonra təklif edilmişdir. Alternativ olaraq 4-5 ədəd otel təklif edilmiş, qiymətlər yüksək olduğuna görə razılıq əldə oluna bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, iddiaçının nömrəsi ona yönləndirilmiş, bir neçə otel təklif edilmiş, sonda iddiaçı özünün istədiyi oteli seçmişdir. Lakin iddiaçı otelə çatdıqdan sonra otağı bəyənmədiyini bildirmiş, ona otağı dəyişdirmək təklif edilmişdir. Daha sonra iddiaçının yoldaşı onun sözlərini pis başa düşüb onu təhqir etmişdir. Verdikləri otaq dəniz mənzərəli otaq olmamışdır. Daha yaxşı otaq verəcəklərini təklif etmiş, lakin iddiaçı başqa otelə keçmək istəyirdi. İddiaçıya alternativ otellər təklif edilmiş sonraki gün resepsiyondan xəbər vermişlər ki, xanımı - iddiaçını tapa bilmirlər. Otağı oteldəkilər verir. Otağı dənizkənarı deyil, lakin çox yaxşı otel olmuşdur. İddiaçı, ümumiyyətlə, oteli bəyənməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, iddiaçını tanımır. Nəzrin xanım problem olduğunu bildirmiş, daha sonra o iddiaçı ilə əlaqə saxlamışdır. O da öz növbəsində otelin baş meneceri ilə əlaqə saxlamış, xanımın xırda nöqsanlara ilişdiyini bildirmişlər. Oteldən bildirmişlər ki, iddiaçı oteli bəyənmir, heç bir problem yoxdur. İddiaçının otağı üçün işçiləri dəfələrlə çağırmışdır. Sonra iddiaçıya otağı dəyişməyi təklif etmişlər, həmçinin iddiaçı da bunu təklif edirdi. Otelin baş meneceri sonraki gün otağı dəyişə biləcəklərini qeyd etsə də, sonraki gün iddiaçı oteldən çıxış etmişdir. Danışıq zamanı aralarında dəniz mənzərəli olması ilə bağlı danışıq olmamışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı cavabdeh tərəfindən verilmiş yanlış və yarımçıq informasiya, habelə göstərilmiş qüsurlu xidmət nəticəsində ona maddi və mənəvi ziyan dəydiyini irəli sürərək 4705 manat məbləğində maddi və 10000 manat məbləğində mənəvi ziyanın əvəzini məhkəmə qaydasında tələb etmiş, cavabdeh tərəf isə iddia tələbini qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 787.1. Broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir. 788.1. Brokerin öz vasitəçilik xidmətləri və ya köməyi nəticəsində müqavilə həyata keçirildikdən sonra muzd almaq hüququ vardır. Əgər müqavilə təxirəsalıcı şərtlə bağlanırsa, muzd yalnız həmin şərt baş verdikdə tələb edilə bilər. “Turizm haqqında” xx.xx.2021-ci il tarixli, 448-VİQ saylı Azərbaycan Respublikasının Qanununun: 1.1.13-ci maddəsinə əsasən, turagent turizm xidmətlərinin və ya turoperatorlar tərəfindən hazırlanmış turizm zərfinin satışını həyata keçirən və ya bu sahədə vasitəçilik fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxsdir 8.1-ci maddəsinə əsasən, turoperator və turagentlər turizm zərfinin və ya turizm xidmətinin turistlərə satışını yazılı müqavilə əsasında həyata keçirməlidirlər. Müqavilədə turizm zərfinə daxil olan xidmətlərin siyahısı, onların təsviri və qiyməti, ödəniş qaydası, turun başlama və bitmə tarixi, müqavilənin ləğvi şərtləri, mülki məsuliyyətin sığortası və istehlakçılara dəymiş zərərin kompensasiya edilməsi şərtləri və qaydaları mütləq əks olunmalıdır. Müqavilənin digər şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir və müqavilədəki bütün qeyri-müəyyənliklər istehlakçıların xeyrinə şərh edilir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmçinin həmin qərarda göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən pozulmasını, cavabdehin təqsiri ucbatından iddiaçının əlavə 450 manat xərcə düşdüyünü, 10000 manat mənəvi zərərə məruz qaldığını sübut edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmadığından, bununla da iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi həmin halları sübuta yetirmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə bu nəticəyə gələrkən iddiaçının öz seçimi əsasında “seaview” - dəniz görüntüsü deyil, “seaside” - dəniz kənarı mənzərə olan xidməti seçdiyini, onun yaşadığı çətinliklə bağlı cavabdeh tərəfindən göstərilmiş səyləri, iddiaçının oteldə qalaraq xidmətlərdən istifadə etdiyini, daha sonra isə cavabdeh tərəfindən yeni otaq, həmçinin alternativ otellər təklif edilməsinə baxmayaraq, iddiaçının öz seçimi əsasında öz hesabına bilet alaraq geri qayıtmasını, burada isə cavabdehin təqsirinin öz təsdiqini tapmamasını nəzərə alır. Bundan əlavə iddiaçının iddia tələbində və izahatında qeyd edilənlərdən görünür ki, iddiaçı bilavasitə getdiyi oteldən və onun xidmətlərdindən narazıdır, belə ki, otelin 5 ulduz standartına uyğun olmadığını, nöqsanlı olduğunu bildirir. Belə olduqda bu xüsusat üzrə cavabdeh kimi iddiaçının narazı olduğu otel ola bilər. Hazırki vəziyyətdə isə cavabdehin iddiaçı ilə aralarındakı razılaşma üzrə hər hansı öhdəliyini pozması müəyyən edilmir. Belə ki, Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı tələbinin əsası kimi istinad etdiyi həmin halları sübut edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hazırki mübahisə üzrə sübutetmə yükü onun üzərinə düşürdü. Həmçinin Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 135 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməməli, ödənilmiş 135 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia tələbi rədd edilsin. Ödənilmiş 135 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-5633/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5633/2025
02.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver