Məhkəmə qərarları › İş №2(012)-5692/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5692/2022

29.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5692/2022 29.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, torpaq sahəsinin alınması üçün ödənilmiş 6000 manat dəymiş maddi ziyan və 80 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2014-cü ildə iddiaçı torpaq sahəsinin alınması qərarına gəlmiş, buna görə də, “Yaşma Bağları” ərazisində gəzərkən orada torpaq sahəsinin satılması barədə elan görmüş, bu səbəbdən, həmin nömrə ilə əlaqə saxlamış və torpaq sahəsini almaq istədiyini bildirmişdir. Sumqayıt şəhəri ərazisində tərəflər görüşmüş, həmin şəxsin oğlunun adı Şəmil olsa da, atasının adını xatırlamırdı. Qeyd olunan ərazidə yerləşən 6 sot hasarı olan ərazinin 6500 manata satılması barədə tərəflər razılığa gəlmişdir. xx.xx.2014-cü il tarixdə iddiaçı atası ilə birlikdə yenidən həmin şəxslə görüşmüş və 5000 manat pulu Sumqayıt şəhərində bazar adlanan ərazinin yaxınlığında vermişdir. Sonra birlikdə Sumqayıt şəhər, 3-cü mikrorayon ərazisində notariat kontoruna getmiş, orada etibarnamə ilə sözügedən torpaq sahəsini almış, qalan 1500 manat pulu bir neçə gün sonra atası həmin şəxsə Sumqayıt şəhər ərazisində vermişdir. Sonradan həmin torpaq sahəsində tikinti işləri aparılmış, həmçinin, orada bir otaqlı yaşayış evi tikmiş, eyni zamanda, meyvə ağacları da əkmişdir. Daha sonra atası 29 yanvar 2019cu il tarixdə vəfat etmiş, iddiaçı 2019-cu ilin yay aylarında uzun müddət bağa gedə bilməmiş, sonuncu dəfə getdikdə darvazada “Satılır” elanının, həmçinin, satan şəxsin nömrəsinin də yazıldığını görmüşdür. Həmin şəxsə iddiaçı zəng edib Sumqayıt şəhəri ərazisində görüşmüş və Şəmil adlı şəxsin satdığı torpaq sahəsinin başqa ərazidə yerləşməsi məlum olmuşdur. Bu barədə Şəmilə bildirdikdə, araşdıracağını demiş, sonradan isə cavabdeh onun özünə də torpaq sahəsini səhv göstərdiklərini bildirmişdir. Torpaq sahəsini göstərən şəxsin adı isə Kamildir. Bu hadisədən sonra iddiaçı bir qədər gözləsə də, məsələ həllini tapmamışdır. Araşdırdıqda məlum olmuşdur ki, iddiaçıya verilən sənəd 1991-ci il tarixli sənədlə STTİ-yə məxsusdur. Daha sonra, iddiaçı istifadəsində olan torpaq sahəsinin sahibi olan Vüqar adlı şəxslə görüşmüş, həmin torpaq sahəsini uzun müddət istifadə etdiyi üçün halallaşıb ona 3500 manat ödəyəcəyi halda, torpaq sahəsini iddiaçıya verəcəyini demişdir. Cavabdeh ona 1000 manat verə biləcəyini, qalan 1500 manatı isə Kamil adlı şəxsin verəcəyini bildirmişdir. Lakin cavabdeh ona 500 manat pul vermiş, torpaq sahəsini cavabdehə satan Kamil adlı şəxs isə ona pul verməmişdir. Belə ki, hal-hazırda ona ümumilikdə, 6000 manat maddi ziyan dəymişdir. Sonradan, 6000 manat bağın salınması və kiçik bağ evinin tikilməsinə xərclənmişdir. Orada birotaqlı yaşayış evi tikmiş, eyni zamanda, meyvə ağacları da əkmişdir. Ümumilikdə, bu xərclər 6000 manat miqdarında olmuşdur. Etibarnamə iddiaçının atasının adına olsa da, torpaq sahəsinin alınması üçün ödənilən 6500 manat iddiaçının büdcəsindən verilmişdir. Həmçinin, birotaqlı evin tikilməsi, bağın salınması üçün çəkilən xərclər də iddiaçıya məxsusdur. Yəni, maddi ziyan iddiaçı özünə dəymişdir. Qeyd etmək lazımdır ki, etibarnaməni mərhum atasının adına almaqda məqsəd gələcəkdə həmin torpaq sahəsini iddiaçının öz adına rəsmiləşdirmək idi. Əgər etibarnaməni iddiaçı öz adına alsaydı, sonradan torpaq sahəsini öz adına rəsmiləşdirə bilməyəcəkdi. Daha sonra, iddiaçı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin 26 aprel 2021-ci il tarixli qərarı ilə Cavabdeh və X3 əməlində cinayət tərkibi olmadığından cinayət işini başlanması rədd olunmuşdur. Eyni zamanda, qeyd edir ki, cavabdeh ona olan borcundan 500 manat pul vəsaitini qaytarmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, cavabdehlə pul barədə razılaşandan sonra 5000 manatı ilk dəfə, 1500 manatı isə sonradan vermişdir. Lakin digər şəxsləri üzdən görmüş olsa da, şəxsi tanışlığı yoxdur. Alınmış bağ sahəsi mövcud olsa da, yerləşdiyi ərazi başqa yerdə yerləşir və həmin ərazinin sahibi isə Vüqar adlı şəxsdir. Onun araşdırmalarından sonra həqiqət aşkara çıxmış və ona satılmış bağ sahəsinin həqiqətən də başqasına məxsus olması öz təsdiqini tapmışdır. xx.xx.2022-ci il tarixinə təyin olunmuş hazırlıq məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia ərizəsini qəbul edərək, izahatında 2009-cu ildə aldığı və 3500 manata hasarladığı torpaq sahəsini 6500 manata İddiaçı satdığını bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbinə dair münasibətini, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Sumqayıt şəhəri 4 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli ƏN-İ № 396098 saylı etibarnamənin surətindən görünür ki, X1 bağçılıq yoldaşlıq cəmiyyəti tərəfindən onun adına verilmiş 104 saylı bağçının üzvlük kitabçasına əsasən, 104 saylı bağ sahəsində yerləşən 600 kv.m torpaq sahəsi üzərində sərəncam verməyi, sənədləri rəsmiləşdirməyi, çıxarış almağı və digər hərəkətləri etməyi Nəzərov Həsənağa Abbas oğluna 50 il müddətinə xx.xx.2064-cü il tarixədək etibar etmişdir. -Vəsiqənin surətindən görünür ki, X4 1990-cı ildə bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. -Sumqayıt Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İİ № 001601 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Nəzərov Həsənağa Abbas oğlu xx.xx.2019-cu il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 326 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh, X3 əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuş, İddiaçı Cavabdeh torpaq almaq məqsədi ilə ödədiyi 6500 manat pulun geri qaytarılması və torpaq sahəsindən istifadə etdiyi müddət ərzində sərf etdiyi pul tələbi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Qərardan daha sonra görünür ki, araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, 2009-cu ildə bağ sahəsi almaq qərarına gəlmiş və tanışlarının məsləhəti ilə Sumqayıt İxtisaslaşdırılmış Təmir-tikinti idarəsinin həmkarlar komitəsinin sədri Kamil adlı şəxslə Sumqayıt şəhəri ərazisində görüşmüş, o, izah etmişdir ki, Yaşma bağ sahələri yalnız Sumqayıt İxtisaslaşdırılmış Təmir-tikinti idarəsinin həmkarlar əməkdaşlarına satılır, lakin yaşı çox olan kimisə gətirsə, həmin şəxsi guya ittifaqın əməkdaşı kimi sənədləşdirərək sata biləcəyini qeyd etmişdir. Buna görə də o, atasının dostu Mübariz Paşayevi özü ilə aparmış, bağı onun adına sənədləşdirmək üçün kitabça düzəldərək vermiş və həmin kitabçada guya Mübariz Paşayevi həmin ittifaqın işçisi kimi qeyd etmişdir. Onlar aralarında razılaşmış və o, bağ sahəsinə görə Kamil adlı şəxsə 3000 manat pulu Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində vermişdir. Torpaq sahəsinin tanıdılması üçün Kamil, Balakişi və Sədrəddin ona verildiyini təsdiq etmək üçün bağ sahəsinin ölçülməsi məqsədilə həmin yerə getmişlər. Balakişi adlı şəxs torpaq sahəsini ölçmüş, Kamilin əlində olan xəritəyə əsasən, həmin torpaq sahəsini ona göstərmiş, aralarında razılaşdıqları kimi torpaq sahəsi ona verilmiş, təxminən 5-6 il həmin torpaq sahəsindən istifadə etmiş, yəni, hasarlamış və sonradan o, həmin torpaq sahəsinə gedib-gələ bilmədiyi üçün satmaq qərarına gəlmiş və Ələddin adlı şəxsə 2014-cü ildə 6500 manata satmışdır. Sonradan, Ələddin ilə danışmamışdır. 2019-cu ildə Ələddin ona zəng edərək, bir nəfər şəxsin ona satdığı bağ sahəsinin ona məxsus olduğunu və bağdan çıxmasını tələb etdiyini bildirmişdir. O, Ələddinə bu məsələni araşdırmağı bildirmişdir. Kamil adlı şəxs ona qeyd olunan torpaq sahəsinin Bağın rəhbərlik etdiyi ittifaqa məxsus olduğunu və eləcə də, ona göstərdiyi bağın 104 nömrəli bağ olduğunu demişdir. O, bağı Ələddinə satarkən 104 nömrəli bağ olduğunu bilməmiş, bu barədə 2019-cu ildə məlumatı olmuşdur. Qərardan daha sonra görünür ki, araşdırma zamanı X6 izahatında göstərmişdir ki, o, Sumqayıt İxtisaslaşdırılmış təmir-tikinti idarəsində 1971-ci ildən fəhlə kimi işləmiş, daha sonra isə 1982-ci ildən həmin təşkilatda ictimai iş sayılan həmkarlar komitəsinin sədri olmuş, 1985-ci ildən həmkarlar komitəsində sədr vəzifəsində işləmişdir. Bir neçə ay əvvəl tanımadığı Ələddin adlı şəxs ona yaxınlaşaraq Yaşma Bağları ərazisindən torpaq sahəsi aldığını, sənədlərdə olan torpaq sahəsinin başqa yer olduğunu bildirmişdir. O, ona nə barədə danışdığını başa düşmədiyini bildirdikdə, Ələddin “sənədlərdə sizin müəssisənin adı qeyd olunub” sözünü demişdir. O, ondan torpaq sahəsinin harada yerləşdiyini soruşmuş, Ələddin dəqiq yerini bildirdikdə, həmin ərazinin onların tikinti təşkilatına aid olmadığını, “polimer” zavoduna aid olmasını demişdir. Şəmil və digər şəxslərlə bu barədə heç bir razılığa gəlməmiş, onlardan 3000 manat pul almamış, bu barədə Süleyman adlı şəxs 2009-cu ildə ondan xahiş etsə də, ondan pul almamış, Süleyman da dünyasını dəyişmişdir. Qeyd olunan şəxslərlə 2009-2010-cu illərdə Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində ümumiyyətlə, görüşməmiş, onlara heç bir sənəd verməmiş, heç bir sənədə möhür vurmamışdır. O, heç vaxt yer ölçülməsində iştirak etməmiş, heç kimə torpaq sahəsi göstərməmişdir. Şəmil adlı şəxsə Ələddin adlı şəxsə dəymiş ziyanın ödənilməsində köməklik etməyi vədini verməmişdir. Qərardan daha sonra görünür ki, toplanmış ilkin materiallarla müəyyən edilmişdir ki, Cavabdeh sözügedən torpaq sahəsini İddiaçı atası Həsənağa Nəzərova satdığı zaman torpaq sahəsinin özünə məxsus olduğunu zənn etmiş, 2009-2010-cu ildən özü və ailə üzvləri həmin torpaq sahəsindən istifadə etmiş, lakin torpaq sahəsi 104 nömrəli deyil, 17 saylı bağ sahəsidir və həmin bağ sahəsini 1988-ci ildə Polimer Tikinti Materialları Kombinatının kollektiv bağçılıq təsərrüfatı tərəfindən X2 adına sənədləşdirmişdir. Odur ki, Cavabdeh əməllərində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilməlidir. Bundan başqa, araşdırma zamanı X3 Cavabdeh Sumqayıt şəhəri, Yaşma bağları ərazisində yerləşən 17 saylı bağ sahəsini göstərərək 104 saylı torpaq sahəsini satmaqla aldadaraq ona məxsus 3000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi faktı toplanmış materiallarla təsdiqini tapmamışdır. Araşdırma zamanı alınmış izahatlarda Cavabdeh Kamil Qəribov ilə dostu Sədrəddinin görüşdüyünü, ona 3000 manat pulu Sədrəddinin verdiyini, Sədrəddin Səfərov 3000 manat pulu Kamil Qəribova deyil, bir neçə il bundan öncə dünyasını dəyişmiş Süleyman adlı şəxsə verdiyini, Kamil Qəribov isə Cavabdeh və ya onun yaxınlarından heç vaxt pul almadığını bildirmişdir. Odur ki, X3 barəsində cinayət işinin başlanılması rədd edilməlidir. -Cəbrayıl Rayon İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2022-ci il tarixli 797 saylı arayışından görünür ki, Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd sakini Cavabdeh halhazırda məcburi köçkün kimi Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Beton zavodunun həyətində müvəqqəti olaraq məskunlaşmışdır. Əsas: Cəbrayıl RİHB-nın Böyük Mərcanlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışı əsasında yazılmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Sumqayıt şəhəri 47-ci məhəllə 3 saylı evin 6 saylı mənzilində, Cavabdeh isə Cəbrayıl rayonu Böyük Mərcanlı ərazi dairəsi Böyük Mərcanlı kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı torpaq sahəsi almaq niyyəti ilə Cavabdeh ilə əldə olunmuş razılıq əsasında Sumqayıt şəhəri Yaşma Bağları ərazisində yerləşən torpaq sahəsini 6500 manata almışdır. Sonradan, iddiaçı etibarnamə əsasında onun atasına satılmış torpaq sahəsinin başqa şəxsə məxsus olduğunu müəyyən etdikdən sonra həmin torpaq sahəsinin alınmasına görə ödənilmiş və 6000 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə və mülki iş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2021-ci il tarixli Qərarına istinad edərək qeyd edir ki, Cavabdeh İddiaçı Sumqayıt şəhəri Yaşma bağları ərazisində yerləşən torpaq sahəsini 6500 manata satdığını, lakin satılmış torpaq sahəsinin ona məxsus olduğunu zənn etdiyini, əslində, satılmış torpaq sahəsinin 104 nömrəli deyil, 17 nömrəli bağ sahəsi olduğu öz təsdiqini tapmışdır. Bununla da, iddiaçının ona satılmış, lakin başqa şəxsə məxsus olan torpaq sahəsinin alınmasına görə ödənilmiş 6500 manat puldan 500 manat geri qaytarılmış, qalıq qalan 6000 manat pul vəsaitinin isə məhkəmə qaydasında cavabdehdən onun xeyrinə tutulmasına dair müdafiə hüququ yaranmışdır. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Belə ki, Mülki Prosessual Məcəllənin: 52.2. maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 106.3. maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlar əsasında iddiaçıya borcunun olmasına dair cavabdehin etirafını qəbul edərək, həmin etirafın qanuna zidd olmadığı və ya başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı qənaətinə gəldiyindən, iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməli, Cavabdeh 6000 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 80 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 6000 (altı min) manat və ödənilmiş dövlət rüsumuna görə 80 (səksən) manat olmaqla, ümumilikdə, cəmi 6080 (altı min səksən) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar