Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-57/2023 22.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı binanın zirzəmisinin ilkin vəziyyətə uyğun bərpa olunması və zirzəminin ümumi istifadəyə verilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı binanın zirzəmisinin ilkin vəziyyətə uyğun bərpa olunması və zirzəminin ümumi istifadəyə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “AAAF-Park” yaşayış massivində A kompleksində inşa edilən 7 saylı, 6 mərtəbəli yaşayış binasının zirzəmisinin layihədə nəzərdə tutulan ilkin vəziyyətə Cavabdeh2 tərəfindən qaytarılması, 1.7 x 2.2 metr və 1.8 x 2.1 metr ölçülərdə 2 ədəd dəmir materialdan olan qapı və 0.5 x 1 metr ölçüdə 2 ədəd plastik materialdan olan nəfəslik layihədə nəzərdə tutulmadığı üçün Cavabdeh2 tərəfindən ləğv edilməsi, 1 ədəd dəmir materialdan olan 7 saylı binanın 2 nömrəli mənzilinin eyvanının altındakı qapının qarşısında aparılmış qazıntı işləri ilkin qazılmamış vəziyyətdəki kimi bərpa olunması və "xxxx" MMC tərəfindən zirzəminin bina sakinlərinin ümumi istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 sentyabr 2014-cü il tarixdə cavabdeh "xxxx" MMC ilə onun arasında torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında E(b)/70 saylı müqavilə bağlanmışdır. Müqaviləyə görə cavabdeh Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF-PARK” yaşayış massivindəki A kompleksində inşa edilən 7 saylı, 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 74.5 kv.metr olan 2 otaqdan ibarət 2 saylı mənzili ona satmağı, o isə bu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində aldığı vahid əmlakın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Mənzil alınarkən aralarında olan razılaşmaya əsasən mənzilin altındakı torpaq sahəsi də ona verilməli idi. Lakin cavabdeh müqavilədə göstərilən şərtlərə əməl etmir. O, müqavilə üzrə torpaq sahəsinə və mənzilə görə nəzərdə tutulmuş məbləği ödəməsinə baxmayaraq, cavabdeh bu günə kimi torpaq sahəsini ona təhvil verməmişdir. Belə ki, həmin torpaq sahəsi Cavabdeh2 adlı digər şəxsin istifadəsindədir və “OBA” market kimi fəaliyyət göstərir. Oraya çoxsaylı müştərilər gəldiyinə görə hər dəfə səs-küy yaranır, bu isə onun istirahətinə maneə yardır. Bununla bağlı müvafiq orqanlara müraciət etmişdir və hazırda iş FHN-nin istintaq idarəsində araşdırılır. Həmçinin iş Abşeron rayon Polis İdarəsində olan zaman iş üzrə texniki ekspertiza keçirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2021-ci il tarixli 10/28 saylı rəyinə əsasən həmin yerə baxış zamanı mübahisəli tədqiqat obyektinin 1.7 x 2.2 metr və 1.8 x 2.1 metr ölçülərdə 2 ədəd dəmir materialdan olan qapı və 0.5 x 1 metr ölçüdə 2 ədəd plastik materialdan olan nəfəslik olduğu və həmin qapıların və nəfəsliklərin layihədə nəzərdə tutulmadığı müəyyən edilmişdir. Bundan əlavə, onun yaşadığı eyvanın altındakı dəmir materialdan olan qapının qarşısı qazılmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İştirak etdiyi məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia ilə razılaşmadı və onun rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - xx.xx.2014-cü il tarixli E(b)/70 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Əliyev X1 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF-PARK” yaşayış massivindəki A kompleksində inşa edilən 7 saylı, 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 74.5 kv.metr olan 2 otaqdan ibarət 2 saylı mənzili 42425 manata "xxxx" MMC-dən almışdır. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/28 saylı rəyinin surətindən görünür ki, baxış zamanı əldə olunmuş və təqdim olunan əlavə materiallara əsasən, mübahisəli tədqiqat obyektlərinin 1.7 x 2.2 m və 1.8 x 2.1 m ölçülərdə 2 ədəd dəmir materialdan olan qapı və 0.5 x 1 m ölçüdə 2 ədəd plastik materialdan olan nəfəslik olduğu və həmin qapıların və nəfəsliklərin layihədə nəzərdə tutulmadığı müəyyən olunmuşdur. - xx.xx.2018-ci il tarixli Z/0006 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF-PARK” yaşayış massivindəki A kompleksində inşa edilən 7 saylı yaşayış binasında ümumi sahəsi 297 kv.metr olan zirzəmini 44550 manata "xxxx" MMC-dən almışdır. - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, mübahisəli qeyriyaşayış sahəsi MMC tərəfindən vətəndaşa müvafiq alqı-satqı müqaviləsi əsasında satılmışdır. Qeyri-yaşayış sahəsində hər hansı bir tikinti-quraşdırma işlərinin aparılmasına cavabdehliyi istifadəsində və sərəncamında olan alıcı şəxs özü daşıyır. Belə ki, qeyd edilən qeyri-yaşayış sahəsində 7 x 2.2 metr və 1.8 x 2.1 metr ölçüdə 2 ədəd dəmir materialdan olan qapı və 0.5 x 1 metr ölçüdə 2 ədəd plastik materialdan olan nəfəsliyin layihədə nəzərdə tutulmaması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. Həmin qeyri-yaşayış sahəsinin eyvanın altında açılmış 1 ədəd dəmir qapı çoxmənzilli yaşayış binasının dayanıqlığına xələl gətirmir, gücləndirmə tədbirlərinin həyata keçirilməsinə zərurət yaratmır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə görə tikinti obyektinin təhlükəsiz istismarını təmin etmək üçün obyektin layihələndirilməsi mərhələsində tikinti obyektinin təyinatına görə istismar şəraiti; ətraf mühitin tikinti obyektinə ehtimal olunan təsiri; tikintidə istifadə olunması nəzərdə tutulan tikinti materiallarının xassələri, tikinti materiallarının xassələrinin dəyişmə ehtimalı və onların təbiətin zərərli təsirlərindən mühafizəsinin mümkünlüyü nəzərə alınmalıdır. Ərizədə qeyd olunan xüsusatlarla bağlı məsələlərin həll olunması daşınmaz əmlaka dair hüquq və vəzifələr nöqteyi-nəzərdən Cəmiyyətin səlahiyyətlərinə kənardır. - xx.xx.2019-cu il tarixli, 12081 saylı texniki şərtdən görünür ki, “Azəriqaz” İB abonent Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF- PARK” yaşayış massivindəki A kompleksində inşa edilən 7 saylı yaşayış binasında ümumi sahəsi 297 kv.metr olan zirzəmisindəki qaz avadanlıqlarının şəbəkəyə qoşulmasına icazə verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 74,5 kv.metrlik mənzilin alınması ilə bağlı "xxxx" MMC ilə xx.xx.2014-cü il tarixli, Cavabdeh2 isə 297 kv.metrlik zirzəminin alınması ilə bağlı xx.xx.2018-ci il tarixli müqavilələr bağlamışlar. Zirzəmi iddiaçının aldığı mənzilin olduğu binada yerləşir. Hazırda İddiaçı "xxxx" MMC-yə və Cavabdeh2 qarşı binanın zirzəmisinin ilkin vəziyyətə uyğun bərpa olunması və zirzəminin ümumi istifadəyə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “AAAF-Park” yaşayış massivində A kompleksində inşa edilən 7 saylı, 6 mərtəbəli yaşayış binasının zirzəmisinin layihədə nəzərdə tutulan ilkin vəziyyətə Cavabdeh2 tərəfindən qaytarılması, 1.7 x 2.2 metr və 1.8 x 2.1 metr ölçülərdə 2 ədəd dəmir materialdan olan qapı və 0.5 x 1 metr ölçüdə 2 ədəd plastik materialdan olan nəfəslik layihədə nəzərdə tutulmadığı üçün Cavabdeh2 tərəfindən ləğv edilməsi, 1 ədəd dəmir materialdan olan 7 saylı binanın 2 nömrəli mənzilinin eyvanının altındakı qapının qarşısında aparılmış qazıntı işləri ilkin qazılmamış vəziyyətdəki kimi bərpa olunması və "xxxx" MMC tərəfindən zirzəminin bina sakinlərinin ümumi istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbin əsasını "xxxx" MMC-nin Cavabdeh2 satdığı qeyri-yaşayış sahəsinin birdən çox mənzilə xidmət edən obyekt kimi zirzəminin və yerləşdiyi torpaq sahəsinin ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsub olması təşkil edir. İddiaçının fikrincə bu zirzəmi Cavabdeh2 tərəfindən qanuna uyğun olmayan əsaslarla istifadə edilir, onun oradakı fəlaiyyəti binanın sakini kimi İddiaçı hüququnu pozur. Hər şeydən öncə, məhkəmə qeyd edir ki, mübahisəli 297 kv.metrlik zirzəmi xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 dəyəri tam ödənilməklə satılmışdır. Bu müqavilə hazırda qüvvədədir. Mülki Məcəllənin 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə görə yaşayış binasında mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq, habelə binanın yerləşdiyi torpaq sahəsi və s.) ümumi paylı mülkiyyət hüququ ilə həmin binanın mülkiyyətçilərinə məxsusdur. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və qanunvericilik ilə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Mübahisəli qeyri-yaşayış sahəsinin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyekt kimi inşa edilməsi barədə iddiaçı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Qeyd olunduğu kimi, mübahisəli zirzəmi müvafiq müqavilə əsasında Cavabdeh2 satılmışdır və o, əmlakın mülkiyyətçisi kimi oradan maneəsiz istifadə etmək hüququna malikdir. “AAAF-Park” yaşayış massivində A kompleksində inşa edilən 7 saylı, 6 mərtəbəli yaşayış binasının zirzəmisində 1.7 x 2.2 metr və 1.8 x 2.1 metr ölçülərdə 2 ədəd dəmir materialdan olan qapı və 0.5 x 1 metr ölçüdə 2 ədəd plastik materialdan olan nəfəsliyin olması, 1 ədəd dəmir materialdan olan 7 saylı binanın 2 nömrəli mənzilinin eyvanının altındakı qapının qarşısında aparılmış qazıntı işlərinin onun hansı hüquqlarını pozması və mənafelərinə toxunmasını iddiaçı sübuta yetirə bilməmişdir. Belə olan halda isə iddianın təmin edilməsindən söhbət gedə bilməz. Mübahisəyə bu baxımdan qiymət verən məhkəmə iddianın əsassızlığı nəticəsinə gəlir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa, aydın olur ki, iş üzrə İddiaçı hazırki tələblə bağlı cavabdehlərə qarşı iddia vermək üçün subyektiv hüquqa malik deyildir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Bu baxımdan məhkəmə iddiaçının hazırki tələblərinin dəlillərini mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirir və hesab edir ki, onlar iddia tələbinin qanuni və əsaslı hesab edilməsinə səbəb deyildir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələblərini əsassız sayır və onun təmin edilməməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı binanın zirzəmisinin ilkin vəziyyətə uyğun bərpa olunması və zirzəminin ümumi istifadəyə verilməsi barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-57/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-57/2023
22.06.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Sair mülki iş - Maneənin aradan qaldırılması - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver