Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1905/2023 09.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina -apellyasiya icraatına xitam) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X2 ibarət tərkibdə məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı binanın zirzəmisinin ilkin vəziyyətə uyğun bərpa olunması və zirzəminin ümumi istifadəyə verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(012)-57/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları:
1. xx.xx.2014-cü il tarixli E(b)/70 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Əliyev X3 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF-PARK” yaşayış massivindəki A kompleksində inşa edilən 7 saylı, 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 74.5 kv.metr olan 2 otaqdan ibarət 2 saylı mənzili 42425 manata "xxxx" MMC-dən almışdır.
2. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/28 saylı rəyinin surətindən görünür ki, baxış zamanı əldə olunmuş və təqdim olunan əlavə materiallara əsasən, mübahisəli tədqiqat obyektlərinin 1.7 x 2.2 m və 1.8 x 2.1 m ölçülərdə 2 ədəd dəmir materialdan olan qapı və 0.5 x 1 m ölçüdə 2 ədəd plastik materialdan olan nəfəslik olduğu və həmin qapıların və nəfəsliklərin layihədə nəzərdə tutulmadığı müəyyən olunmuşdur.
3. xx.xx.2018-ci il tarixli Z/0006 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF-PARK” yaşayış massivindəki A kompleksində inşa edilən 7 saylı yaşayış binasında ümumi sahəsi 297 kv.metr olan zirzəmini 44550 manata "xxxx" MMC-dən almışdır.
4. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, mübahisəli qeyri-yaşayış sahəsi MMC tərəfindən vətəndaşa müvafiq alqı-satqı müqaviləsi əsasında satılmışdır. Qeyriyaşayış sahəsində hər hansı bir tikinti-quraşdırma işlərinin aparılmasına cavabdehliyi istifadəsində və sərəncamında olan alıcı şəxs özü daşıyır. Belə ki, qeyd edilən qeyri-yaşayış sahəsində 7 x 2.2 metr və 1.8 x 2.1 metr ölçüdə 2 ədəd dəmir materialdan olan qapı və 0.5 x 1 metr ölçüdə 2 ədəd plastik materialdan olan nəfəsliyin layihədə nəzərdə tutulmaması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.
5. Həmin qeyri-yaşayış sahəsinin eyvanın altında açılmış 1 ədəd dəmir qapı çoxmənzilli yaşayış binasının dayanıqlığına xələl gətirmir, gücləndirmə tədbirlərinin həyata keçirilməsinə zərurət yaratmır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə görə tikinti obyektinin təhlükəsiz istismarını təmin etmək üçün obyektin layihələndirilməsi mərhələsində tikinti obyektinin təyinatına görə istismar şəraiti; ətraf mühitin tikinti obyektinə ehtimal olunan təsiri; tikintidə istifadə olunması nəzərdə tutulan tikinti materiallarının xassələri, tikinti materiallarının xassələrinin dəyişmə ehtimalı və onların təbiətin zərərli təsirlərindən mühafizəsinin mümkünlüyü nəzərə alınmalıdır. Ərizədə qeyd olunan xüsusatlarla bağlı məsələlərin həll olunması daşınmaz əmlaka dair hüquq və vəzifələr nöqteyi-nəzərdən Cəmiyyətin səlahiyyətlərinə kənardır.
6. xx.xx.2019-cu il tarixli, 12081 saylı texniki şərtdən görünür ki, “Azəriqaz” İB abonent Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF PARK” yaşayış massivindəki A kompleksində inşa edilən 7 saylı yaşayış binasında ümumi sahəsi 297 kv.metr olan zirzəmisindəki qaz avadanlıqlarının şəbəkəyə qoşulmasına icazə verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı binanın zirzəmisinin ilkin vəziyyətə uyğun bərpa olunması və zirzəminin ümumi istifadəyə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “AAAF-Park” yaşayış massivində A kompleksində inşa edilən 7 saylı, 6 mərtəbəli yaşayış binasının zirzəmisinin layihədə nəzərdə tutulan ilkin vəziyyətə Cavabdeh2 tərəfindən qaytarılması, 1.7 x 2.2 metr və 1.8 x 2.1 metr ölçülərdə 2 ədəd dəmir materialdan olan qapı və 0.5 x 1 metr ölçüdə 2 ədəd plastik materialdan olan nəfəslik layihədə nəzərdə tutulmadığı üçün Cavabdeh2 tərəfindən ləğv edilməsi, 1 ədəd dəmir materialdan olan 7 saylı binanın 2 nömrəli mənzilinin eyvanının altındakı qapının qarşısında aparılmış qazıntı işləri ilkin qazılmamış vəziyyətdəki kimi bərpa olunması və "xxxx" MMC tərəfindən zirzəminin bina sakinlərinin ümumi istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 sentyabr 2014-cü il tarixdə cavabdeh "xxxx" MMC ilə onun arasında torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında E(b)/70 saylı müqavilə bağlanmışdır. Müqaviləyə görə cavabdeh Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF-PARK” yaşayış massivindəki A kompleksində inşa edilən 7 saylı, 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 74.5 kv.metr olan 2 otaqdan ibarət 2 saylı mənzili ona satmağı, o isə bu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində aldığı vahid əmlakın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Mənzil alınarkən aralarında olan razılaşmaya əsasən mənzilin altındakı torpaq sahəsi də ona verilməli idi. Lakin cavabdeh müqavilədə göstərilən şərtlərə əməl etmir. O, müqavilə üzrə torpaq sahəsinə və mənzilə görə nəzərdə tutulmuş məbləği ödəməsinə baxmayaraq, cavabdeh bu günə kimi torpaq sahəsini ona təhvil verməmişdir. Belə ki, həmin torpaq sahəsi Cavabdeh2 adlı digər şəxsin istifadəsindədir və “OBA” market kimi fəaliyyət göstərir. Oraya çoxsaylı müştərilər gəldiyinə görə hər dəfə səsküy yaranır, bu isə onun istirahətinə maneə yardır. Bununla bağlı müvafiq orqanlara müraciət etmişdir və hazırda iş FHN-nin istintaq idarəsində araşdırılır. Həmçinin iş Abşeron rayon Polis İdarəsində olan zaman iş üzrə texniki ekspertiza keçirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2021-ci il tarixli 10/28 saylı rəyinə əsasən həmin yerə baxış zamanı mübahisəli tədqiqat obyektinin 1.7 x 2.2 metr və 1.8 x 2.1 metr ölçülərdə 2 ədəd dəmir materialdan olan qapı və 0.5 x 1 metr ölçüdə 2 ədəd plastik materialdan olan nəfəslik olduğu və həmin qapıların və nəfəsliklərin layihədə nəzərdə tutulmadığı müəyyən edilmişdir. Bundan əlavə, onun yaşadığı eyvanın altındakı dəmir materialdan olan qapının qarşısı qazılmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
9. Abşeron Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(012)-57/2023 nömrəli qətnaməsi (M.Abbasova) ilə iddia təmin edilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı 74,5 kv.metrlik mənzilin alınması ilə bağlı "xxxx" MMC ilə xx.xx.2014cü il tarixli, Cavabdeh2 isə 297 kv.metrlik zirzəminin alınması ilə bağlı xx.xx.2018-ci il tarixli müqavilələr bağlamışlar. Zirzəmi iddiaçının aldığı mənzilin olduğu binada yerləşir. Hazırda İddiaçı "xxxx" MMC-yə və Cavabdeh2 qarşı binanın zirzəmisinin ilkin vəziyyətə uyğun bərpa olunması və zirzəminin ümumi istifadəyə verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “AAAF-Park” yaşayış massivində A kompleksində inşa edilən 7 saylı, 6 mərtəbəli yaşayış binasının zirzəmisinin layihədə nəzərdə tutulan ilkin vəziyyətə Cavabdeh2 tərəfindən qaytarılması, 1.7 x 2.2 metr və 1.8 x 2.1 metr ölçülərdə 2 ədəd dəmir materialdan olan qapı və 0.5 x 1 metr ölçüdə 2 ədəd plastik materialdan olan nəfəslik layihədə nəzərdə tutulmadığı üçün Cavabdeh2 tərəfindən ləğv edilməsi, 1 ədəd dəmir materialdan olan 7 saylı binanın 2 nömrəli mənzilinin eyvanının altındakı qapının qarşısında aparılmış qazıntı işləri ilkin qazılmamış vəziyyətdəki kimi bərpa olunması və "xxxx" MMC tərəfindən zirzəminin bina sakinlərinin ümumi istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbin əsasını "xxxx" MMC-nin Cavabdeh2 satdığı qeyri-yaşayış sahəsinin birdən çox mənzilə xidmət edən obyekt kimi zirzəminin və yerləşdiyi torpaq sahəsinin ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsub olması təşkil edir. İddiaçının fikrincə bu zirzəmi Cavabdeh2 tərəfindən qanuna uyğun olmayan əsaslarla istifadə edilir, onun oradakı fəlaiyyəti binanın sakini kimi İddiaçı hüququnu pozur. Məhkəmə qeyd etmişdir ki, mübahisəli 297 kv.metrlik zirzəmi xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 dəyəri tam ödənilməklə satılmışdır. Bu müqavilə hazırda qüvvədədir. Mübahisəli qeyri-yaşayış sahəsinin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyekt kimi inşa edilməsi barədə iddiaçı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Qeyd olunduğu kimi, mübahisəli zirzəmi müvafiq müqavilə əsasında Cavabdeh2 satılmışdır və o, əmlakın mülkiyyətçisi kimi oradan maneəsiz istifadə etmək hüququna malikdir. “AAAF-Park” yaşayış massivində A kompleksində inşa edilən 7 saylı, 6 mərtəbəli yaşayış binasının zirzəmisində 1.7 x 2.2 metr və 1.8 x 2.1 metr ölçülərdə 2 ədəd dəmir materialdan olan qapı və 0.5 x 1 metr ölçüdə 2 ədəd plastik materialdan olan nəfəsliyin olması, 1 ədəd dəmir materialdan olan 7 saylı binanın 2 nömrəli mənzilinin eyvanının altındakı qapının qarşısında aparılmış qazıntı işlərinin onun hansı hüquqlarını pozması və mənafelərinə toxunmasını iddiaçı sübuta yetirə bilməmişdir. Belə olan halda isə iddianın təmin edilməsindən söhbət gedə bilməz. Məhkəmə həmçinin hesab etmişdir ki, İddiaçı hazırkı tələblə bağlı cavabdehlərə qarşı iddia vermək üçün subyektiv hüquqa malik deyildir.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsi, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarı, İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999cu il tarixli Qərarı və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
12. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı tərəfindən şikаyət verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə təqdim edilən sübutları tam tədqiq etməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir. İşin faktiki halı ondan ibarətdir ki, 02 sentyabr 2014-cü il tarixdə cavabdeh "xxxx" MMC ilə aralarında torpaq sahəsinin və fərdi yaşayış evinin alqısatqısı haqqında № E(b)/70 saylı müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən cavabdeh Xırdalan şəhəri, H.Əliyev prospektində “AAAF-PARK” yaşayış massivindəki A kompleksindəi nşa edilən 7 saylı, 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 74.5 kv.metr olan 2 otaqdan ibarət 2 saylı mənzili ona satmağı, iddiaçı isə müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində aldığı vahid əmlakın dəyərini ödəməyi öhdəmə götürmüşdür. Mənzil alınarkən aralarında olan razılaşmaya əsasən mənzilin altındakı torpaq sahəsinin də ona verilməsinə dair razılığa gəlmişlər. Həmçinin müqavilənin 3.1.2.4-cü bəndinə əsasən “Satıcı” tikinti işləri başa çatdıqdan sonra torpaq sahəsini və aşağıda göstərilən texniki vəziyyətdə fərdi yaşayış evini “Alıcı”ya təhvil verməlidir. (“Alıcı” ya verilmiş torpaq sahəsi qonşu ilə daşla hasarlanmış vəziyyətdə;) Həmin müqavilənin 3.1.2.6-cı bəndinə əsasən “Alıcı” tərəfindən müqavilə dəyəri tam ödənildikdə “Satıcı” “Alıcı”nın adına mənzili istismara qəbul aktını rəsmiləşdirməyi öhdəsinə götürür və “Tərəflər” arasında dövlət notariat orqanında torpağın alqı-satqı müqaviləsi bağlanır. İddiaçı müqavilədə nəzərdə tutulan məbləği cavabdehə ödəsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini tam həcmdə icr etməmişdir. Belə ki, həmin torpaq sahəsi Cavabdeh2 adlı bir şəxsin istifadəsindədir və “OBA” market kimi fəaliyyət göstərir və çoxsaylı müştərilər gəldiyinə görə hər dəfə səs-küy yaranır, bu isə iddiaçının istirahətinə maneə yaradır.. Bununla bağlı müvafiq orqanlara müraciət etmişdir. FHN-nin istintaq idarəsində araşdırma aparılmışdır. Həmçinin iş Abşeron rayon Polis İdarəsində olan zaman iş üzrə məhkəmə Texniki Ekspertizası keçirilmişdir. Ekspertiza Mərkəzinin 23 fevral 2021-ci il tarixli 10/28 saylı rəyinə əsasən həmin yerə baxış zamanı mübahisəli tədqiqat obyektinin 1.7x2.2 m və 1.8x2.1 m ölçülərdə 2 ədəd dəmir materialdan olan qapı və 0.5 x 1 mölçüdə 2 ədəd plastik materialdan olan nəfəslik olduğu və həmin qapıların və nəfəsliklərin layihədə nəzərdə tutulmadığı müəyyən edilmişdir. Bundan əlavə 1 ədəd dəmir materialdan olan onun yaşadığı eyvanın altındakı qapının qarşısı qazılmışdır. İşə baxan məhkəmə bu halları araşdırmamış, qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərini kobud surətdə pozmuşdur. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 saylı qərarı ilə təsdiq olunmuş “şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektklərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri tərtib edən müvafiq İcra hakimiyyəti orqanları ilə razılaşdırılma” qaydalarına əsasən ümumi istifadə sahələrinin xüsusi ilə zirzəmilərin təyinatından kənar istifadə olunması, zirzəmi daxilində kommunikasiya xəttlərinin mühəndis sxeminin dəyişdirilərək binalarda dayanıqlığın və zəlzələyə qarşı davamlılığın azaldılmasına yol verilmir. İddiaçı istinad olunan qaydaların tələblərini nəzərə alaraq həmin mənzili almışdır. Həmin qaydalara görə mübahisəli zirzəmidən istifadə etmə hüququ təmin edilməlidir. Zirzəmidən keçən kommunikasiya xəttlərinin mühəndis sxemini üçüncü şəxslər dəyişə və onun dayanıqlığı eləcə də zəlzələyə qarşı davamlılığının azaldılmasına yol verilməməlidir. İşə baxan məhkəmə iddiaçının zirzəmidən istifadəyə dair subyektiv hüququnu nəzərə almamışdır. Digər tərəfdən "xxxx" MMC” həmin zirzəmini Cavabdeh2 sata bilməzdi, iddiaçının və digər sakinlərin zirzəmidən istifadə etməsindən subyektiv huququnu məhdudlaşdıra bilməzdi. Məhkəmə mübahisəli ünvana qeyd edilən halların yerində müayinə edilməsi üçün iddiaçı tərəfindən verilən vəsatətə əhəmiyyət verməmişdir. İddiaçının subyektiv hüququnun olmaması qənaətinə gələn məhkəmə "xxxx" MMC” ilə Cavabdeh2 arasında mövcud alqı-satqı müqaviləsinin etibarsız olub-olmamasını araşdırmamışdır. Göstərilən hallar apellyasiya kollegiyası tərəfindən yenidən nəzərdən keçirilməli və şikayət təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iddianın təmin edilməsinə dair yeni əsaslı qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı məhkəməyə apellyasiya şikayətindən imtina etməsinə dair yazılı ərizə təqdim edərək, bildirdi ki, cavabdeh tərəfindən iddiada qeyd edilən maneə aradan qaldırıldığından, hazırkı iş üzrə apellyasiya şikayətinə mahiyyəti üzrə baxılmasına ehtiyac qalmamışdır. Bu səbəbdən apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya şikayəti üzrə üzrə icraata xitam verilməsini xahiş etmişdir.
16. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, bu səbəbdən məhkəmə iclasının "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;
369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Kollegiya Abşeron Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(012)-57/2023 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası təqdim olunmuş sənədləri, o cümlədən iddiaçı tərəfin apellyasiya şikayətindən imtina etməsi barədə yazılı ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir.
22. Belə ki, yuxarıda sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər.
23. Sadalanan mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apellyasiya şikayəti verən şəxs həm də apellyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apellyasiya şikayətindən imtina apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi ilə yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur.
24. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin apellyasiya şikayətindən imtinası onun sərbəst iradə ifadəsini əks etdirir, şikayətdən imtina qanuna zidd deyil, eləcə də digər şəxslərin qanunla qorunan hüquq və mənafelərini pozmur. Ona görə də apellyasiya şikayətindən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 369-370, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı apellyasiya şikayətindən imtinası qəbul edilsin. İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı binanın zirzəmisinin ilkin vəziyyətə uyğun bərpa olunması və zirzəminin ümumi istifadəyə verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(012)-57/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə dair apellyasiya icraatına xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.